Üç ölkədən olan azərbaycanlı din xadimləri Şuşaya səfər etdi - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Üç ölkədən olan azərbaycanlı din xadimləri Şuşaya səfər etdi - YENİLƏNDİ

Üç ölkədən olan azərbaycanlı din xadimləri Şuşaya səfər etdi - YENİLƏNDİ

Türkiyə, Gürcüstan və İraqdan Azərbaycana gələn din xadimləri Şuşa şəhərinə səfərləri çərçivəsində Yuxarı və Aşağı Gövhər ağa məscidlərini, həmçinin Cıdır düzünü ziyarət ediblər.

Publika.az xəbər verir ki, qonaqlara hər iki məscidin tarixi və fəaliyyəti barədə geniş məlumat verilib.

Səfər iştirakçılarına məscidlərin əvvəlki vəziyyətini, eləcə də işğal dövründə məruz qaldığı dağıntıları əks etdirən fotolar təqdim olunub. Bildirilib ki, Şuşa şəhərində vaxtilə ümumilikdə 21 məscid fəaliyyət göstərib. Ermənistanın işğalı dövründə məscidlərin bir çoxu dağıdılıb, dini abidələrə qarşı vandalizm törədilib. Həmin məscidlərin bir qismində donuz saxlanıldığı da qeyd olunub.

Qonaqların diqqətinə çatdırılıb ki, torpaqlarımızın işğalı zamanı Ermənistanın vandalizm siyasəti yalnız insanlara qarşı törədilən cinayətlərlə məhdudlaşmayıb. Azərbaycanın milli-mənəvi və dini dəyərlərinin, tarixi-mədəni irsinin məhv edilməsi də bu siyasətin əsas istiqamətlərindən biri olub.

Din xadimləri daha sonra Şuşanın məşhur Cıdır düzünü ziyarət edib, şəhərin təbiəti və tarixi məkanları ilə tanış olublar.

xxx

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyətinin Şuşaya səfəri başlayıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində həyata keçirilir.

Səfərin əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması və təbliği, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənlə bağlılığının möhkəmləndirilməsi, həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Qonaqlar əvvəlcə Şuşada yerləşən Zəfər abidəsini ziyarət ediblər. Daha sonra nümayəndə heyətinə Azərbaycanın dünya şöhrətli musiqiçiləri Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın Şuşadakı büstlərinin işğal dövründə güllələnərək zədələnməsi barədə məlumat verilib.

Səfər çərçivəsində din xadimləri Xan qızı Natəvanın evinə də baş çəkiblər. Qonaqlara Natəvanın həyat və yaradıcılığı, Şuşanın mədəni həyatındakı rolu barədə məlumat verilib.

Nümayəndə heyəti, həmçinin Xurşidbanu Natəvanın təşəbbüsü ilə inşa etdirilən bulaq kompleksini ziyarət edib.

Səfər çərçivəsində qonaqlar Şuşa qalasını da ziyarət ediblər. Nümayəndə heyətinə qala divarlarının tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Həmçinin Şuşa qalasında yerləşən tarixi qapılar haqqında məlumatlandırma aparılıb.

Qeyd edilib ki, Şuşa qalasında üç istiqamətdə – Gəncə, İrəvan və Ağoğlan qapıları mövcud olub. Qonaqların diqqətinə çatdırılıb ki, bu qapıların hər birinin şəhərin müdafiəsi və tarixi baxımdan özünəməxsus əhəmiyyəti olub.

Medial

Medial

Medial

Medial

Medial

Oxumağa davam et
Reklam
Reklam

Gündəm