Tələbələrə nəqliyyat güzəşti verilsin - Deputatdan TƏKLİF
Bizi izləyin

Nida Xəbər

Tələbələrə nəqliyyat güzəşti verilsin - Deputatdan TƏKLİF

Tələbələrə nəqliyyat güzəşti verilsin - Deputatdan TƏKLİF

"2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ölkəmizin iqtisadi qüdrətinin, maliyyə dayanıqlığının və sosial siyasətinin davamlılığının mühüm göstəricisidir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirir, vətəndaşlarımızın rifahının yüksəldilməsinə, müdafiə qabiliyyətimizin gücləndirilməsinə və davamlı inkişafa xidmət edir".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Günay Ağamalı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün güclü iqtisadi potensiala malik, milli maraqlarını qətiyyətlə müdafiə edən müstəqil dövlətdir: “Xüsusilə vurğulamaq istərdim ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin iqtisadi gücünün və siyasi iradəsinin bariz nümunəsidir. Böyük Qayıdış Proqramının uğurla icrası, soydaşlarımızın doğma torpaqlarına qayıdışı və müasir infrastrukturun yaradılması Azərbaycanın gələcəyinə yönəlmiş tarixi əhəmiyyətli dövlət siyasətidir.

Dövlət büdcəsinin sosial istiqamətləri sırasında gənclərin və tələbələrin dəstəklənməsi mühüm yer tutur. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadəsi mexanizminin hazırlanmasını və mərhələli şəkildə tətbiqini məqsədəuyğun hesab edirəm.

Tələbələrin gündəlik nəqliyyat xərcləri, xüsusilə aztəminatlı ailələrdən olan və regionlardan paytaxta təhsil almağa gələn gənclər üçün əlavə maddi yük yaradır. Belə güzəştlərin tətbiqi onların sosial müdafiəsini gücləndirməklə yanaşı, ailə büdcəsinə də müsbət təsir göstərəcək”.

Deputatın qənaətinə görə, aidiyyəti dövlət qurumları tərəfindən məsələnin maliyyə imkanları və tətbiq mexanizmləri araşdırılaraq müvafiq təkliflərin hazırlanması faydalı olardı: “Mövcud qanunvericiliyə əsasən, dəfn üçün birdəfəlik müavinət müəyyən kateqoriyalara aid şəxslərin vəfatı zamanı ödənilir. Lakin pensiya və müvafiq sosial müavinət almayan, sosial sığorta sisteminin əhatə etmədiyi vətəndaşların vəfatı zamanı onların ailələri bu dəstəkdən yararlana bilmirlər.

Yaxınını itirən ailələr üçün mənəvi itki ilə yanaşı, dəfn xərcləri də ciddi maddi yük yaradır. Xüsusilə aztəminatlı ailələrin belə hallarda sosial dəstəyə ehtiyacı daha çox olur. Bu baxımdan, dəfn üçün birdəfəlik müavinətin əhatə dairəsinin genişləndirilməsi, mövcud sosial təminat mexanizmlərindən kənarda qalan aztəminatlı ailələrin də bu dəstəkdən yararlanması imkanlarının nəzərdən keçirilməsini vacib hesab edirəm.

Hesab edirəm ki, aidiyyəti qurumlar tərəfindən məsələnin hüquqi və maliyyə imkanlarının araşdırılması, dövlət büdcəsinin imkanları çərçivəsində müvafiq təkliflərin nəzərdən keçirilməsi faydalı olardı".

Günay Ağamalı vurğulayıb ki, Salyan Rayon Mədəniyyət Mərkəzinin binası hazırda yararsız vəziyyətdədir və əsaslı təmirə ehtiyac duyulur: "Mədəniyyət müəssisələrinin müasir tələblərə uyğun fəaliyyət göstərməsi milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin mədəni həyata cəlb olunması və bölgələrdə mədəni mühitin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan, Salyan Rayon Mədəniyyət Mərkəzinin mövcud vəziyyətinin aidiyyəti qurumlar tərəfindən qiymətləndirilməsini, binanın əsaslı təmiri imkanlarının 2027-ci ilin müvafiq dövlət investisiya proqramları çərçivəsində nəzərdən keçirilməsini məqsədəuyğun hesab edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm