İlham Rəhimov kitabını təqdim etdi - Fotolar
Bizi izləyin

Digər

İlham Rəhimov kitabını təqdim etdi - Fotolar

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun rus dilində yeni çapdan çıxmış “Filosofiya prestupleniya i nakazaniya” kitabının Azərbaycan dilinə tərcümə edilmiş variantının (“Cinayət və cəzanın fəlsəfəsi”) təqdimetmə mərasimi keçirilib.

Azərbaycanın məşhur ziyalıları, elm xadimləri, Milli Məclisin deputatları, bir sıra xarici ölkələrin səfirləri, tanınmış qonaqlar və jurnalistlərin iştirak etdiyi mərasimi giriş sözü ilə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açıb. I.Məmmədzadə sözügedən kitabın indiki dövrdə mühüm əhəmiyyət kəsb etdiyini və gənclərimizin hüquqi şüurunun formalaşmasında mühüm rol oyanayacağını xüsusi qeyd edib.

AMEA-nın müxbir üzvü, BDU-nun kafedra müdiri, professor Məsumə Məlikova öz çıxışında kitab haqqında maraqlı fikirlərini söyləyib və onu əhəmiyyətli monoqrafiya kimi yüksək dəyərləndirib.

Kitabın elmi redaktoru, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynovsa çıxışında kitab haqqında geniş məlumat verib. O qeyd edib ki, öz strukturuna görə 2 fəsil, 9 yarımfəsil, nəticə və əlavələrdən ibarət olan bu kitabda cinayət anlayışı və mahiyyəti, cinayətkar davranışın səbəbləri, cinayətkarın şəxsiyyəti, cinayətkarlığın gələcəyi, cəzanın dini-fəlsəfi mahiyyəti, ölüm cəzasının dini-fəlsəfi əsasları və s. məsələlər araşdırılıb: “Kitabda maraqlı cəhətlərdən biri oradakı qanun, cinayət və cəza haqqında verilmiş aforizmlərdir. Burada müxtəlif mütəfəkkirlərin söylədiyi ibrətamiz ifadələrin, atalar sözlərinin hər biri oxucunu cinayət və cəzanı fəlsəfi, psixoloji və sosioloji cəhətdən düşünməyə vadar edir”.

Təqdimat mərasimində AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, Mirağa Cəfərquliyev, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyev, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə xanım Əzimova, BDU-nun hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir və başqaları çıxış ediblər.

Çıxış edənlər cinayət və cəzanın müxtəlif istiqamətləri haqqında maraqlı fikirlər söyləyib, bu monoqrafiyanın hazırkı dövrdə gənclərimizin hüquqi şüurunun formalaşmasında mühüm rol oynayacağını qeyd edib və kitabın müəllifinə gələcək elmi yaradıcılığında uğurlar arzulayıblar.

Sonda söz kitabın müəllifi professor İlham Rəhimova verilib. İ.Rəhimov tədbir iştirakçısı olan bütün qonaqları salamlayaraq qısa nitq söyləyib: “Ötən dəfəki təqdimatda dediyim kimi, əslində bu kitab bizim görüşümüz üçün bir bəhanədir. Düşünürəm ki, hələ bundan sonra da sizinlə yenidən görüşmək imkanımız olacaq. Sizlərə təqdim olunan kitaba gəlincə isə, onu deyə bilərəm ki, mən ömrümün ötən illərinin çoxunu elmi fəaliyyətə həsr etmişəm, elm mənim üçün bütün məşğuliyyətlərdən cəlbedici olub. Son illər bir alim-vətəndaş olaraq, hüquq elminə bağlılığımdan əldə etdiyim üstünlüklərdən həyatımızın digər sahələrini öyrənmək üçün istifadə etmək barədə çox fikrləşirdim. Xeyli vaxtdır, müqəddəs kitabımız Qurani-Kərimi oxuyur, öyrənir, oradakı hüquqa aid məsələlərlə bağlı elmi əsər yazmaq barədə düşünür, lazım olan materialları toplayırdım. Mənim Qurani-Kərimə üz tutmağının bir səbəbi də hüquq sahəsində tətbiq olunan bir çox prinsiplərin Quranda öz ifadəsini tapması idi. Ona görə, Müqəddəs Kitabımızın ayələrinə bir hüquqşünas mövqeyindən yanaşaraq, hər dəfə də yeni-yeni fikirlər tapırdım. Ancaq mən bu əsərimdə təkcə Qurandan deyil, eyni zamanda İncildən də sitatlar gətirməklə, İslamın və Xristianlığın cinayətə baxışını göstərməyə çalışmışam. Fikrimcə, kitabı daha sanballı edən və dəyərini artıran cəhətlərdən biri də məhz hər iki müqəddəs kitabdakı İlahi kəlamlardan gen-bol istifadə edilməsidir. Bununla demək istəyirəm ki, insanın hərəkətlərinin nədən qaynaqlandığını hələ heç bir elm sonadək müəyyən edə bilməyib. Yəni, başqa sözlə, insan hələ də özünü dərk edə bilmir və yalnız özünün yaratdıqlarını sonadək dərk edə bilir. Özünüdərkin mümkünsüzlüyünün də açarı elə buradadır – insan özünü yaratmadığı üçün daxili dünyasını anlamaqda acizdir. İnsanı yalnız Tanrı anlaya bilər”.

Qeyd edək ki, “Filosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) kitabı 2013-cü ildə Sankt-Peterburq şəhərində rus dilində çapdan çıxıb və 2014-cü ildə Azərbaycan dilinə tərcümə edilərək Bakı şəhərində, "Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çap edilib.

Nəfis şəkildə nəşr olunmuş kitabda cinayət hüququnun cinayət və cəza ilə bağlı olan başlıca problemləri tədqiq edilib, cinayətin mənbəyi, cəzanın mahiyyəti, cinayətkarlığın, cəzalandırmanın gələcək məsələləri haqqında geniş şərh verilib. Kitab hüquq üzrə ali məktəblərin tələbələri, magistr və doktorantları, müəllimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər və praktiki fəaliyyətlə məşğul olan mütəxəssislər, eləcə də, filosoflar, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizə problemi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm