Gözlərini itirən tanınmış idmançı: “5 gün sonra komadan anamın səsinə ayıldım”
Bizi izləyin

Digər

Gözlərini itirən tanınmış idmançı: “5 gün sonra komadan anamın səsinə ayıldım”

Qələbələrini təkrarlayan idmançılardan söhbət açılanda yada düşənlərdən biri də İlham Zəkiyevdir. İkiqat paralimpiya və 5 qat Avropa çempionumuz iştirak etdiyi bütün yarışlarda medal qazanır. Gözlərini itirən bir əsgər olmağına baxmayaraq onun vətən, idman və həyat sevgisi heç vaxt tükənməyib. O, hələ də Azərbaycana medal gətirmək, bayrağımızı dalğalandırmaq arzusundadır.

Publika.Az-ın “II taym” layihəsi çərçivəsində bu dəfə “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatları laureatı olan İlham Zəkiyev haqqında məlumat verəcək.

İlham Zəkiyev 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustasıdır. İdmançının kumiri qardaşıdır. Çünki onun idmana gəlişində qardaşının müstəsna rolu olub.

Qardaşı sayəsində güləşlə tanış oldu

“Mən Zəkiyev İlham Əzizağa oğlu, 1980-ci il mart ayının 3-də Sumqayıt şəhərində sadə Azərbaycan ailəsində dünyaya göz açmışam. Ailədə məndən başqa 3 qardaşım, 1 bacım var. Qardaşlardan ən kiçiyi mənəm.

1987-1997-ci illərdə Sumqayıt şəhərinin 5 saylı orta məktəbində təhsil almışam.

İdmana gəlişim böyük qardaşım Fikrətin sayəsində olub. Onun özü güləşçi idi. Güləşin sərbəst növü ilə məşğul olurdu. Mən də 10 yaşımdan başladım güləşlə məşğul olmağa. 3 il güləş idmanı ilə məşğul oldum. Sonra məşqçimiz Rusiyaya getdi, heyət dağıldı.

15 yaşında (1995-ci il) Sumqayıt şəhər Mehdi Hüseynzadə adına stadionda Əhməd Rəcəblinin başçılığı altında cüdo məşqlərinə başladım.

Çox qısa müddətdə mənim respublika daxili uğurlarım da oldu. Dəfələrlə şəhər çempionu, respublika 1-cisi oldum. 1998-ci il iyun ayında Azərbaycan kubokunun qalibi oldum. Bununla da mən Moskvada keçirilən Yeniyetmələrin Olimpiadasına vəsiqə əldə etdim. Lakin yaşım tamam olduğu üçün 1 ay sonra – 1998 iyul ayının 1-də həqiqi hərbi xidmətə çağırıldım”.

ilham

Ana səsinin möcüzəsi

“Hərbi xidmətdə olduğum Beyləqan rayonu “N” saylı hərbi hissədə yaşıtlarımdan seçilirdim. Fiziki göstəricilərimə görə məni kəşfiyyat taboruna seçdilər. Orada qulluğumu davam etdim. Hələ o zaman nümunəvi qulluğa görə fəxri fərmanla təltif olunmuşdum. 1999-cu il fevral ayının 4-də Fizuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gəldim. Bu zaman güllə sol gicgahımdan daxil olub sağ gicgahımdan çıxdı.

5 gün koma vəziyyətində qaldım. Həkimlər yaxınlarıma, ailəmə deyirdilər ki, idmançı olduğu üçün ürəyi bu günə qədər dözüb, amma öləcək, gedin hazırlığınızı görün. Lakin mən 5 gün sonra komadan anamın səsinə ayıldım. Oyananda hər tərəf qaranlıq idi. Bundan sonra görmə qabiliyyətimi tamam itirdim və evimizə I qrup Qarabağ əlili kimi qayıtdım. Bu zaman mənim hələ 19 yaşım tamam olmamışdı”.

Fantastik görünəni reallaşdırıb gücünü hər kəsə sübut etdi

“Əlbəttə, ilk vaxtlar belə olmaq çox çətin idi. Sonra hər gün mübarizə, hər gün mücadilə… Şükürlər olsun dostlarım, ailəm həmişə mənim yanımda oldu, mənə dəstək oldular və mən bu vəziyyətdən çıxa bildim.

Əslində həmin vaxtlar mənim idmana qayıdışım qeyri-real, fantastik görünə bilərdi. 2002-ci ildə mən o vaxtki idman naziri Əbülfəz Qarayevə müalicəmlə bağlı müraciət etdim. Cənab İlham Əliyevə mənim vəziyyətimi məruzə etdilər və məni Moskvaya müayinəyə göndərdilər. Amma orada həkimlər ürək açan bir şey demədi. Mənə bildirdilər ki, hələ ki, müalicəsi mümkün deyil.

Gənclər və İdman nazirliyində Tağı müəllim ( Tağı Tağıyev) var idi. Oradan qayıtdıqdan sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tağı Tağıyev mənə paralimpiya ilə məşğul olmağı məsləhət gördü. Mənə paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif etdirlər. Həmin ilin noyabr ayından Mehdi Hüseynzadə adına stadionda Əhməd Rəcəblinin başçılığı altında yenidən məşqlərə başladım. Lakin bu dəfə paralimpiyaçı olaraq…

ilham1

- Paralimpiyaçı kimi tatami üzərinə çıxdığınız an nə hiss etdiniz?

- Təbii ki, o cür zədədən sonra ilk günlər tatamiyə alışmaq bir qədər çətin idi. Amma bütün çətinliklərə baxmayaraq, bunu bacardım”.

1451377_3669747837670_639663110_n 1525702_257518617738967_193182181_n

“İnsanlaları qızıl medala öyrətmişəm”

“2003-cü ilin avqust ayında Kanadada keçirilən dünya çempionatında iştirak etdim. Bu dünya çempionatı Afina – 2004 Yay Paralimpiya Oyunlarına lisenziya verən yeganə yarış idi. Həmin yarışda bürünc medal qazanaraq Afina Paralimpiya Oyunlarına lisenziya əldə etdim. Afina-2004 Yay Paralimpiya Oyunlarında isə qızıl medal qazanaraq ilk dəfə paralimpiya çempionu tituluna layiq görüldüm. Ümumilikdə isə hər bir medal, mənim üçün hər biri… Bunu sözlə ifadə etmək çox çətindir. Hər dəfə Azərbaycanın bayrağı yüksələndə, himni səslənəndə qürur hissi keçirirəm. Bunu yaşamaq lazımdır. Bütün Azərbaycan idmançılarına bu hissi yaşamağı arzu edirəm”.

- Bu gün Azərbaycanda bu qədər uğur qazanmış ikinci idmançı yoxdur. London Paralimpiya Oyunlarında da hər kəs İlham Zəkiyevdən qızıl gözləyirdi, lakin bürünclə kifayətlənməli oldunuz.

- Mən insanları qızıl medala öyrətmişəm (gülür). Amma Paralimpiya oyunlarında qazanılan hər bir medal qələbədən xəbər verir. Ən əsası odur ki, vətənə medalla qayıtdım, zəhmətim hədər getmədi.

- Uğurlarınızın hər il davamı gəlir. Yəqin ki, bu hamı üçün maraqlıdır. İlham Zəkiyevin bu uğurunun düsturu varmı, sirriniz nədir?

- İnsan hər zaman sevməlidir. Vətənini, işini, peşəsini, ailəsini və bu zaman uğur özü gəlib səni tapacaq. Həmçinin öz üzərində çalışmalıdır.

IMG_1455

- Daha neçə il Azərbaycana uğur bəxş etməyi düşünürsünüz?

- Nə qədər ki, gücüm var davam edəcək.

- Bilirik ki, İlham Zəkiyev vətənpərvər biridir. Hətta müsahibələrinin birində də demişdiniz: “Hadisədən sonra mənim hərbidə qulluğum yarımçıq qaldı, amma bu gün idman arenasında bu qulluğumu davam etdirirəm”. Bəs icazənizlə belə bir sual vermək istərdim. Karyeranız ərzində heç olubmu erməni idmançı ilə qarşılaşasınız?

- Desəm ki, qarşılaşmışam, məğlub etmişəm yalan olar. Elə bir erməni idmançısı yoxdur ki, mən olduğum səviyyəyə çatsın, mənə rəqib olsun”.

“Allah heç kəsə qaldıra bilməyəcəyi yük verməz”

“Asan görüş yoxdur. Bütün görüşlər çətin olur. Onu qeyd edim ki, London paralimpiyasında püşkatmadan sonra dəqiqləşdi ki, ən güclü idmançılar məhz mənim yer aldığım qrupda mübarizə aparacaqlar.

Afina – 2004 Yay Paralimpiya Oyunlarında qazandığım medal mənim üçün daha dəyərlidir. Çünki, ilk dəfə mötəbər yarışda iştirak etmişdim. Pekin Paralimpiya Oyunlarına isə titulumu qorumaq üçün yollanmışdım və bunu da bacardım.

Təbii ki, 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq XV Yay Paralimpiya Oyunlarına zədəm olmasa, qatılacam, İnşallah, ümid edirəm ki, üçqat paralimpiya çempionu kimi dönəcəm.

İdmançı karyeramı başa vurduqdan sonra tamam uzaqlaşmağı düşünmürəm, məşqçi olaraq karyerama davam edəcəm.

Heç vaxt taleyimdən narazı qalmamışam. Çünki, Allah heç kəsə qaldıra bilməyəcəyi yükü yükləməz. Taleyimdən razıyam.

IMG_1452

İdmandan kənar söhbət

- Özünüz də qeyd etdiniz ki, gözünüzlə bağlı bir neçə dəfə xaricdə müayinədən keçmisiniz. Sizə nə cavab verdilər?

- Mənə bildirdilər ki, ürək köçürmə, böyrək köçürmə olduğu kimi gələcəkdə gözlərin də bu cür müalicəsi ola bilər. Dedilər ki, bu baş verərsə, siyahıda ilk ad mənəm.

Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Oxucular üçün də maraqlı olar ki, görəsən həyat yoldaşını görübmü?! Bəli, həyat yoldaşımı görmüşəm. Bu hadisə baş verməmişdən əvvəl də tanıyırdım. Sonra ailələrin də xeyr duası ilə, el adəti ilə toy etdik. 3 övladım var, iki oğlum, bir qızım. Adları da İlkin, Aynur, kiçik oğlum Həmzə…

O ki qaldı, övladlarımın idmanla məşğul olmasına, bu ilk növbədə, onların sağlamlığı üçün xeyrlidir. Amma İlkinin Avropa, Dünya və Olimpiya çempionu olacağını iddia etmirəm. Elmlə məşğul olsun.

- Çox üzr istəyərək bir söz soruşmaq istəyirəm. Belə bir məlumat var ki, İlham Zəkiyevi çox sevən bir xanım olub. Bir sözlə sizin pərəstişkarınız…

- (gülür)… Ola bilər , amma mənim xəbərim yoxdur. Mənə heç nə etiraf etməyiblər.

- İlham Zəkiyev ailədə, dostları arasında necə biridir?

- Bununla bağlı məndən yox, dostlarımdan soruşsanız yaxşı olar.

- Siz bu duruma baxmayaraq həyata sevgi ilə bağlanan birisiniz. Hətta deyərdim ki, kənardan sizi izləyənlərə də ürək verirsiniz. Heç olubmu ki, sizin komitəyə gələn həyata küskün insanlara dəstək olasınız?

- Bəli olub. Çalışmışam həmişə onlara dəstək olam.

IMG_1435

Dostu Emil Baxşıyev söhbətimizə müdaxilə edir: “İlham əsil Azərbaycan kişisidir”.

(Emil bəy İlham Zəkiyevin uşaqlıq dostudur. Onunla birinci sinfə birlikdə gedib. Elə o vaxtdan dostluqları davam edir)

- ”Facebook” sosial şəbəkəsində sizin adınıza açılmış adres var…

- O adresə özüm nəzarət edirəm. Gələn mesajlar mənim nəzarətimlə cavablandırılır. Oradan oxuyurlar mən də cavablayıram.

Qəhrəmanım inanır ki, onu həyata qaytaran möcüzə, bir gün arzusuna da çatdıracaq. Və o, Azərbaycanı paralimpiya deyil, olimpiya oyunlarında da şərəflə təmsil edə biləcək. Biz də ona arzusuna çatmağı arzu edirik.

Aygün İlqarqızı

Müsahibə Fotoları: Nuron

IMG_1458 IMG_1456 IMG_1455 IMG_1452 IMG_1437 IMG_1428 IMG_1435 illham

Oxumağa davam et
Reklam
Reklam

Gündəm