Yüzlərlə ton qızıl, civə... - Deputat Kəlbəcərin iqtisadi potensialını AÇIQLADI
Bizi izləyin

Qarabağ

Yüzlərlə ton qızıl, civə... - Deputat Kəlbəcərin iqtisadi potensialını AÇIQLADI

"Kəlbəcər rayonu öz doğma sahibinə qayıtdı. Artıq 27 illik həsrətə son qoyuldu: Kəlbəcər bizimdir! Təxminən 27 il öncə 60 mindən artıq Kəlbəcər sakini soyuq qış günündə öz doğma evlərini tərk etmək məcburiyyətində qaldı. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikililər, 37 min 852 hektar meşə sahəsi işğalçı Ermənistan tərəfindən məhv edilib dağıdıldı".

Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, sahəsi 3050 km² olan Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir: "İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla, 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqlara malikdir. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir".

V.Bayramov qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Kəlbəcər rayonunda cəmi 55 milyon 762 min manatlıq məhsul istehsal olunub: "27 illik Ermənistan işğalı rayonun potensialından istifadə olunmasına imkan verməyib. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan bu rayon ən qədim insan məskənlərindən biri hesab olunur".

Deputat vurğulayıb ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb: "Təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Ermənistanın bu rayonumuza da vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün ziyan məbləğinin dəqiq qiymətləndirilməsi aparılacaq. Bütövlükdə isə Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdır!"

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm