Ermənistanda bundan sonra da Qarabağ kartından istifadə olunacaq - ŞƏRH
Bizi izləyin

Qarabağ

Ermənistanda bundan sonra da Qarabağ kartından istifadə olunacaq - ŞƏRH

“Paşinyanın etirafları öz cəmiyyətini Azərbaycanın və onun liderinin yaratdığı vəziyyətlə barışmağa çağırışı kimi qəbul oluna bilər”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Paşinyanın “44 günlük müharibənin kökləri” adlı məqaləsini şərh edərkən deyib. O bildirib ki, bu məqalədə bir neçə məqam üzərində xüsusi dayanmağa ehtiyac var:

“Paşinyan haqlı olaraq mövcud vəziyyətin əsas səbəbkarlarının Koçaryan-Sarkisyan cütlüyü olduğunu bildirir və bu problemin ona miras olaraq qaldığını deyir. Amma baş nazir onu da deməli idi ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq problem olduğu kimi də qalacaqdı. Necə ki, o da sələflərindən fərqli mövqe nümayiş etdirmədi. Çünki Ermənistan əhalisi arasında uzun illərdir aparılan təbliğat hər hansı rəhbərliyin başqa bir mövqe sərgiləməsini imkansız edirdi. Müstəqillik əldə edəndən indiyə qədər Ermənistanda hakimiyyət dəyişikliyi məhz Qarabağ münaqişəsi fonunda həyata keçirilib və görünən odur ki, hələ bundan sonra da hakimiyyət dəyişikliklərində Qarabağ kartından istifadə olunacaq.

Məqalədəki digər əhəmiyyətli məqam Paşinyanın etirafları ilə bağlıdır. O, açıq şəkildə etiraf edir ki, uzun illər aparılan danışıqlar yalnız imitasiya xarakteri daşıyıb. Bu etiraf faktiki olaraq Ermənistanın könüllü şəkildə bir metr belə torpağımızı işğaldan azad etmək niyyətində olmadığının sübutu kimi qəbul olunmalıdır. Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın məqsədyönlü diplomatiya həyata keçirdiyi və faktiki olaraq Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə saldığı etiraf olunur. Paşinyan etiraf edir ki, Azərbaycan Prezidenti bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirib və mövqeyini getdikcə daha da möhkəmləndirib. Doğrudan da cənab Prezident tərəfindən uzun illərdir ki, Qarabağ probleminin həlli ilə bağlı prinsipial mövqe nümayiş etdirilirdi və Ermənistanın müxtəlif rəhbərləri ilə aparılan danışıqlarda Azərbaycanın dövlət maraqlarından bir addım belə geri çəkilmədiyinin şahidiyik.

Ermənistan baş naziri daha sonra qeyd edir ki, Azərbaycan bölgədəki prosesləri diqqətlə izlədi və geosiyasi şəraitdən öz mənafeyi üçün maksimum dərəcədə faydalanmağı bacardı. Bu məsələdə Paşinyanla razılaşmamaq mümkün deyil. Cənab Prezidentin də dəfələrlə dediyi kimi, biz nəyi nə zaman edəcəyimizi yaxşı bilirdik və əlverişli zaman yetişən kimi bundan maksimum şəkildə istifadə edərək torpaqlarımızın işğaldan azad edilməsinə nail olduq.

Ümumilikdə qeyd edə bilərik ki, bu məqalə Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin daxili auditoriyaya etirafı və izahı kimi qiymətləndirilməlidir. Paşinyan da bu amillərin real olaraq nəzərə alınmasını istəməklə bir növ öz cəmiyyətini əldə olunmuş nəticələrlə, Azərbaycanın və onun liderinin yaratdığı vəziyyətlə barışmağa çağırır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm