Prezident Qarabağda yaşayan ermənilərə bu mesajı göndərdi - Deputat
Bizi izləyin

Qarabağ

Prezident Qarabağda yaşayan ermənilərə bu mesajı göndərdi - Deputat

“Cənab Prezidentin 26 fevralda bütün dünyanın aparıcı və tanınmış jurnalistləri ilə keçirmiş olduğu 4 saatlıq mətbuat konfransı unikal hadisə kimi qiymətləndirilməkdədir. Xüsusi olaraq biz artıq bunun konkret nəticələrini ayrı-ayrı ölkələrdə manşetə çıxan yazılarda və həmin məqalələrdə söylənmiş fikirlərdə görməkdəyik”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. Millət vəkilinin sözlərinə görə, bir vətəndaş, millət vəkili olaraq cənab Prezidentimizlə qürur duyub:

“Fəxr etdim ki, Prezidentimiz ən müxtəlif suallara çox böyük peşəkarlıqla, soyuqqanlılıqla, arqumentlə Azərbaycanın dövlət və milli maraqlarına söykənərək, ədaləti önə çəkərək təmkinlə cavab verdi. Başqa cür də ola bilməzdi, çünki ölkə başçımız dünya çaplı liderlərdən biridir. Xüsusilə Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsində göstərdiyi qətiyyət, diplomatik məharət, uzaqgörən və sarsılmaz iradənin daşıyıcısı olaraq Ali Baş Komandan kimi 30 illik işğala qarşı Azərbaycan xalqının qətiyyətini ifadə edə bildi. Bu, hər bir azərbaycanlının illər, əsrlər boyu fəxr edəcəyi, qürur duyacağı hadisədir”.

AVP sədri söyləyib ki, bu mətbuat konfransında ən müxtəlif suallar oldu, Prezidentimiz həmin sualları 4 dildə cavablandırmaqla həm Ermənistana, onun faşist düşüncəli, revanşist siyasətçilərinə və sadə erməni xalqına, həm də Azərbaycan vətəndaşı olan, Qarabağda yaşayan ermənilərə son dərəcə əhəmiyyətli, ciddi mesajlar verdi:

“Onları bir daha ağıllı olmağa, Azərbaycanın müzəffər ordusunun 44 gün ərzində əldə etdiyi uğurlardan, Ermənistana vurduğu ciddi zərbələrdən nəticə çıxarmağa dəvət etdi. Digər tərəfdən, ermənilərin kim olduğunu çox lakonik şəkildə dünya ictimaiyyətinə təqdim etdi. Eyni zamanda, bu günə qədər Ermənistanı ayaq üstə saxlayan Rusiyaya dostcasına mesaj göndərdi ki, baxın, görün kimlə müttəfiqlik edirsiniz. Yəni, kimi himayənizə götürmüsünüz. Faşist ideologiyasına söykənən, qeyri-müəyyən ölkə sayılan Ermənistana “İsgəndər” kimi raketləri vermək nə dərəcədə doğrudur?! Ümid edirəm və əminəm ki, Rusiyanın siyasi rəhbərliyi bu dostcasına mesajı düzgün qiymətləndirib nəticə çıxaracaq”.

Deputatın sözlərinə görə, ölkə başçısı Xocalı, Xankəndi, Əsgəran və ermənilərin nisbətən toplu yaşadığı ərazilərdə Azərbaycanın suverenliyinin nə zaman bərpa olunacağı ilə bağlı narahatlıqlara da son qoydu: “Prezident anons verdi ki, bu ərazilərdə də Azərbaycanın suverenliyi bərpa olunacaq. Orada Azərbaycan idarəçiliyi həyata keçiriləcək. Heç şübhəsiz, Xocalı və digər ərazilər Azərbaycanın ərazisi kimi inkişaf etdiriləcək. Ölkə başçısı hazırda Dağlıq Qarabağda yaşayan ermənilərə də mesaj göndərdi ki, Azərbaycanın qanunlarına hörmət etməlidirlər. Azərbaycan xalqı ilə birgə yaşayışa hazır olmalıdırlar. Onların Azərbaycana inteqrasiyası reallaşmalıdır. Çünki bu, qaçılmazdır və başqa alternativi yoxdur. Bu, zaman məsələsidir”.

Fəzail Ağamalı xüsusi olaraq vurğulayıb ki, həmin zaman çox uzaqda deyil:

“Əminəm ki, yaxın bir-iki il ərzində bu inteqrasiya reallaşacaq. Azərbaycan vətəndaşı kimi şərəfli bir adı daşıyıb bu ölkənin qanunlarına hörmət bəsləsələr, onlar digər erməni vətəndaşları kimi Azərbaycanda yaşayacaqlar. Revanşistlər, terrorçular, azərbaycanlıların qanını axıdanlar, separatizmdə fəal iştirak edənlər Azərbaycanda yaşamayacaqlar. Onlar revanşist mövqe tutsalar, Araikindən Balasanyanına, adi əsgərinə qədər terrorçu kimi məhv ediləcəklər. Onlar könüllü şəkildə təslim olmalıdırlar. Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. Ola bilsin ki, bütün bunlardan imtina edən qaniçənlər ölkəmizi tərk edərlər. Onlar ölkəmizi tərk etsələr də, Azərbaycan hüquq-mühafizə orqanlarının qartal caynaqlarından xilas ola bilməyəcəklər, bundan əmin olsunlar”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm