İlham Əliyev Şuşada çox mühüm mesajlar verdi - Deputat
Bizi izləyin

Qarabağ

İlham Əliyev Şuşada çox mühüm mesajlar verdi - Deputat

"Dövlət başçısının Şuşaya ikinci səfəri xalqımızın milli və əziz bayramı Novruz ərəfəsinə təsadüf etdi. Prezident Novruz bayramını Şuşada qeyd etmiş oldu. Hesab edirəm ki, ölkə başçısının xalqımızın əziz bayramını Şuşada qeyd etməsi sözün əsl mənasında böyük tarixi hadisədir".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, Prezidentin bu səfərləri həm siyasi-informativ, həm də böyük mənəvi əhəmiyyət daşıyır:

"Ölkə başçısı bu səfərlər zamanı Ermənistanın Azərbaycana qarşı törətmiş olduğu cinayətləri, təxribatları, təcavüzkarlığı, vandalizmi, işğalçılıq siyasətini dünyaya çox ciddi arqumentlər əsasında çatdırmış olur. Prezident işğaldan azad olunmuş əraziləri əyani şəkildə dünyaya nümayiş etdirərək Ermənistan dövlətinin mahiyyətini, ermənilərin xislətini bir daha dünyaya göstərir. Ölkə başçısının Şuşaya səfəri isə xüsusi əhəmiyyət kəsb edir. Artıq ikinci dəfədir ki, Prezident Şuşaya səfərə gedir. Çünki biz cənab Prezidentin də qeyd etdiyi kimi, hər Novruz bayramında arzularımızı səsləndirirdik. Arzu edirdik ki, gələn Novruzu işğaldan azad edilmiş torpaqlarımızda qeyd edək. Nəhayət, bu tarixi gün gəldi. Biz Novruz bayramını Şuşada qeyd etdik. Novruz tonqalı Şuşada çatıldı".

E.Mirbəşiroğlu qeyd edib ki, bundan sonra bizim arzularımız da yenilənəcək: "Yəni "Gələn Novruzu Şuşada keçirək" kimi arzularımız artıq tarixə qovuşdu. Bundan sonrakı arzularımız işğaldan azad edilən ərazilərimizi ən yüksək inkişaf səviyyəsinə çatdırmaqla bağlıdır. Ölkə başçısının da vurğuladığı kimi, Şuşanı dünyanın ən gözəl məkanlarından birinə çevirməklə əlaqəlidir. Eyni zamanda, işğaldan azad edilən ərazilərimizin ümumi inkişafı ilə bağlıdır. Prezident Şuşada çox mühüm mesajlar verdi. Azərbaycanı qələbəyə aparan yolu olduqca aydın şəkildə, dəqiq arqumentlər əsasında bir daha təsvir etdi. Ölkə başçısı vurğuladı ki, onun bu illər ərzində bütün fəaliyyətinin bir istiqaməti də torpaqlarımızın işğaldan azad olunmasının təmin edilməsinə yönəlmişdi. Yəni onun fəaliyyətində torpaqlarımızın azad olunması məsələsi həmişə ön planda olub. Həqiqətən də bütün istiqamətlərdə atılan addımlar bizi Qarabağa, Şuşaya aparırdı. Nəhayət, biz Şuşaya çatdıq. Dövlət başçısı keçilmiş yolu təsvir edərək qeyd etdi ki, biz öncə ölkədə həmrəyliyi təmin etdik. Sabitlik təmin olundu. Sonra iqtisadi potensialımızı artırmağa başladıq".

Millət vəkili söyləyib ki, qeyd edilən amillər Azərbaycanın diplomatik gücünü artırdı: "Beynəlxalq münasibətlər müstəvisində Azərbaycanın təsirli yerini və rolunu təmin etdi. Müharibəyə qədər biz haqlı mövqelərimizi dünyaya qəbul etdirə bildik. Müharibədə qələbəmizin hüquqi əsaslarını formalaşdırdıq. Beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı maraqlarına uyğun qərarlar qəbul olundu. Təbii ki, bunlar bizim şanlı qələbəmizin çox mühüm komponentlərini təmin edirdi. Ümumiyyətlə, cənab Prezident Azərbaycanın müstəqillik tarixində keçmiş olduğu inkişaf yolundan danışdı. Bu inkişaf yolu sabitlik, güclü ordu, keçərli diplomatiya amillərinə söykənir. Prezidentin Şuşada səsləndirdiyi əsas fikir ondan ibarət oldu ki, 2004-cü ildən başlayaraq o, Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edir. Hər təbrikində gələn Novruz bayramının işğaldan azad olunan torpaqlarımızda qeyd olunması arzusunu səsləndirirdi. Ölkə başçısı hər zaman söyləyirdi ki, biz Novruz bayramını Qarabağda, Şuşada qeyd edəcəyik".

Elşad Mirbəşiroğlu qeyd edib ki, Prezidentin düşünülmüş addımları, strateji baxışları, liderlik keyfiyyətləri dövlətimizin ərazi bütövlüyünün təmin olunmasını şərtləndirdi: "Bu gün Azərbaycan öz sərhədlərinə nəzarəti həyata keçirir. Hazırda biz Novruzu Şuşada qeyd edirik. Bu tarixi anlar Azərbaycanın gələcək inkişafına yeni dinamizm qatır. Yeni imkanlar açır. Bundan sonra Azərbaycan müasir beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində daha fəal olacaq. Öz maraqlarını daha inamla qoruyacaq. Ən əsası, Azərbaycan öz təhlükəsizliyini daha etibarlı şəkildə təmin edəcək. Bu təhlükəsizlik təkcə bizim sərhədlərimiz çərçivəsində deyil, bütövlükdə Cənubi Qafqaz regionunda müşahidə olunacaq.

Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər Azərbaycanın bundan sonrakı strateji addımları haqqında bizdə aydın təsəvvürlər yaratdı".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm