Oktay Hacımusalı: Tuğ kəndinə ziyarət regionda yeni prosesin başlanğıcıdır
Bizi izləyin

Qarabağ

Oktay Hacımusalı: Tuğ kəndinə ziyarət regionda yeni prosesin başlanğıcıdır

Şənbə günü Alban Udi Xristian İcmasının üzvlərinin işğaldan azad olunan Xocavənd rayonunun Tuğ kəndində yerləşən qədim alban xristian monastrlarını ziyarət etmələri və həmin tarixi abidələrdə dualar edib ayin keçirmələri Azərbaycanın ən yeni tarixində olduqca önəmli bir hadisədir.

Publika.az
xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə Respublikasındakı səlahiyyətli nümayəndəsi, ankarabaku.com saytının baş redaktoru, yazıçı – jurnalist Oktay Hacımusalı Alban Udi Xristian İcmasının şənbə günü işğaldan azad olunan Xocavənd rayonunun Tuğ kəndində yerləşən qədim Alban monastrlarını ziyarət etmələri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bu hadisə həm də o baxımdan əlamətdardır ki, dünya bu səfərlərlə birgə çox sistemli informasiya ötürülür: “Ermənilərin Qarabağ ərazisində təkcə müsəlman dininə aid olan mədəni – mənəvi irsi məhv etmədiyi, eyni zamanda qədim Alban xristian irsimizi də saxtalaşdırdığı dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Heç şübhəsiz bu proses şüurlu surətdə həyata keçirilir və hər bir addımın da özünəməxsus çalarları var. Sonradan bu ərazilərə köçürülən, hələ o dövrdə müəyyən geosiyasi maraqlara uyğun olaraq regionda xristianlığın əsas sahibi imiş kimi davranan ermənilər qədim bir el məsəlində deyildiyi kimi, özgə atına minənin bir gün mütləq bu atdan düşəcəyini unudublar. Ermənilər onu da unudublar ki, hələ eramızın ilk dövründən bu ərazidə xristianlıq təşəkkül tapmışdı və həmin dövrdə bu ərazilərdə ermənilərdən əsər əlamət belə yox idi. Nə qədər saxtalaşdırmağa çalışsalar da, nə qədər izlərini silməyə çalışsalar da, bu ərazilərdə müxtəlif dini inanışlar hər zaman mövcud olub və onların mədəni, tarixi irsinə kimsə toxunmayıb. Bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində davam etdirilən eyni siyasi kurs nəticəsində ölkəmizin multikultural dəyərlərin qorunduğu, birgəyaşayışın təmin edildiyi dünyadakı barmaqla göstəriləcək ölkələr sırasına daxil olmaqla kifayətlənməyib, həmçinin, dünyaya bu istiqamətdə nümunə olacaq birgəyaşayış və tolerantlıq mühiti formalaşdırıb”.

Oktay Hacımusalı bildirib ki, tarixi ərazilərimizdə mövcud olan maddi - mənəvi bütün irsimizi yox edən ermənilər nəinki müsəlmanlara aid olan irsi məhv ediblər, həmçinin xalqımızın qədim tarixi keçmişinə aid olan Alban abidələrini, kilsələrini, məbədlərini yox ediblər, onların tarixini saxtalaşdırmağa cəhd göstəriblər.

Onun fikrincə, onsuz da bütün dünya bu maddi - mədəni irsin ermənilərə aid olmadığını bilir. Dünya həmçinin bilir ki, ermənilər bu regionda öz qədimliklərini sübut etmək üçün Alban irsinin həqiqi sahibləri olan Udilərin belə haqqlarını qəsb ediblər: “Amma tarixi və İlahi ədalət bərpa olunur. Udilər dövlətimizin ölkəmizdə mövcud olan bütün dinlərə, bütün millətlərə eyni gözlə baxması nəticəsində qazandığımız tarixi qələbədən sonra işğaldan azad olunan ərazilərimizdə mövcud olan əcdadlarının tarixi mirasına sahib çıxırlar, onunla qürur duyurlar və həmin məbədlərə illər sonra səfər edirlər. Mən əminəm ki, dünyaya nümunə olacaq multikultural ənənələrimizə uyğun olaraq həmin tarixi torpaqlarımızdakı alban mənəvi irsi təzədən bərpa olunacaq və xristian vətəndaşlarımız rahat bir şəkildə həmin yerlərdə öz ibadətlərini həyata keçirəcəklər. Həm də bununla dünyaya bir daha dövlət olaraq bizə aid olan dəyərlərimizə necə sahib çıxdığımızı göstərmiş olacağıq”.

Oktay Hacımusalı Tuğ kəndinə ziyarətin, qədim alban məbədlərində keçirilən ayinin regionda yeni bir prosesin başlanğıcına işarət olduğuna da diqqət çəkib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm