İlham Əliyevin ünvanladığı ən mühüm mesaj...
Bizi izləyin

Qarabağ

İlham Əliyevin ünvanladığı ən mühüm mesaj...

“Ölkə Prezidentinin növbəti dəfə işğaldan azad olunmuş ərazilərimizə səfəri olduqca böyük tarixi və mənəvi əhəmiyyət daşıyır. Bu səfərlər onu nümayiş etdirir ki, biz işğaldan azad edilmiş torpaqlarımızın üzərindəyik. Onun üstündə addımlayırıq. Həmin torpaqlara sahibik. Burada bərpa, quruculuq işlərini həyata keçirməkdəyik. Ayrıca olaraq vurğulamaq lazımdır ki, cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə səfəri informasiya mübarizəsində bizim imkanlarımızı daha da artırır. Eyni zamanda, mövqelərimizi gücləndirir. Çünki hər dəfə ölkə başçısı şəxsən erməni vandalizminin izlərini dünyaya nümayiş etdirir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Millət vəkilinin fikrincə, bütün bunlar ermənilərin xislətləri haqqında dünya ictimaiyyətində aydın təsəvvürlər formalaşdırır:

“Üstəlik, Azərbaycanın haqlı mövqeyini də növbəti dəfə dünyaya çatdırmış olur. Ölkə Prezidentinin Cəbrayıl və Zəngilana səfərləri digər səfərlər kimi yadda qaldı. Budəfəki səfər də olduqca əhəmiyyətlidir. Hər şeydən öncə Sərhəd Qoşunlarının zastavasının açılışı oldu. Ölkə başçısı açılışda iştirak etdi. Bir sıra infrastruktur layihələrinin əsasını qoydu. Zəngilan məscidinin dağıntıları növbəti dəfə nümayiş etdirildi. Düşmənin nə dərəcədə dağıdıcı, nə dərəcədə təhlükəli olduğu nümayiş olundu. Hər şeydən öncə, məscidin yenidən bərpası üçün təməl daşını qoydu. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizdə ölkə başçısının iradəsi və nəzarəti ilə möhtəşəm quruculuq işləri həyata keçirilməkdədir. İlk növbədə, Zəngilanın Ağalı yaşayış məntəqəsində “ağıllı kənd” layihəsinin gerçəkləşdirilməsi Azərbaycanın gücünün, qüdrətinin, müasir baxışlarının dünyaya nümayişidir. İşğaldan azad olunmuş ərazilərdə yaşayış üçün ən yüksək tələblərə cavab verən şəraitin yaradılması ölkə Prezidentinin başlıca məqsədidir”.

Deputatın sözlərinə görə, müasir texnologiyalara söykənən ən yüksək müasir yaşayış komplekslərinin yaradılması təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə daha tez bir zamanda səmərəli məskunlaşdırmanı təmin edəcək:

“Məskunlaşdırma səmərəli həyata keçirildikdən sonra digər iqtisadi layihələrin gerçəkləşdirilməsi geniş zəmin alacaq. Bütün bunlar üzvi şəkildə bir-biri ilə bağlı olaraq bütövlükdə regiondakı təhlükəsizlik məsələlərinin də həlli imkanlarını genişləndirəcək. Bu baxımdan hesab edirəm ki, cənab Prezidentin Cəbrayıl və Zəngilana səfərləri, onun orada səsləndirdiyi fikirlər Azərbaycanın bundan sonrakı addımları haqqında aydın təsəvvür yaradır. Fikrimcə, bu təsəvvür regionun gələcək taleyi haqqında dolğun və aydın təsəvvürləri ortaya qoyur. Səfər zamanı ölkə rəhbəri Zəngəzur dəhlizindən də söz açdı. O, növbəti dəfə qeyd etdi ki, biz bütün hallarda bu dəhlizin açılmasını təmin edəcəyik. Bu, çox mühüm bir dəhlizdir”.

Elşad Mirbəşiroğlu qeyd edib ki, səfər zamanı ölkə Prezidentinin ünvanlamış olduğu ən mühüm mesaj isə Zəngilanın Şərqi Zəngəzura aid olması fikrini səsləndirməsi oldu:

“Cənab Prezident bununla Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olması fikrinə diqqət çəkdi. Zəngilan da Şərqi Zəngəzurda yerləşir. Hesab edirəm ki, çox mühüm strateji hədəflərə yönəlmiş mesajlar Azərbaycan xalqının iradəsinin nümayişidir. Ölkə başçısı növbəti dəfə göstərdi ki, Azərbaycan öz ərazilərinə sahib olaraq burada ən yüksək standartlara cavab verən yaşayış şəraitini yaradacaq. Azərbaycan dövlət sərhədlərinə effektiv nəzarəti həyata keçirir. Ayrıca olaraq, Azərbaycan Prezidenti İranla sərhədlər məsələsini də unikal şəkildə səviyyələndirdi. Qeyd etdi ki, bu, dostluq sərhəddidir. İranla Azərbaycan arasındakı münasibətlər ən yüksək inkişaf səviyyəsindədir. İki ölkə arasında yükdaşımaların artması əlaqələrin daha da genişlənməsinə və intensivləşməsinə şərait yaradır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm