Prezident Zəngilandan bu mesajı göndərdi – Deputat
Bizi izləyin

Qarabağ

Prezident Zəngilandan bu mesajı göndərdi – Deputat

“Cənab Prezidentin ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfərləri baş tutdu. Hər şeydən öncə onu qeyd edim ki, bu səfərlər zamanı ölkə başçısı işğaldan azad edilmiş rayonlarımızın bərpası ilə bağlı yeniliklərə imza atır. Bu və ya digər ciddi xarakter daşıyan layihənin təməlini qoyur. Bu təməlqoyma mərasimi həm xalqımıza, həm də bütün dünyaya nümayiş olunur”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. Millət vəkili bildirib ki, Prezidentin səfər zamanı yüksək əhval-ruhiyyədə olduğu bütün məqamlarda özünü ifadə edirdi:

“Yüksək əhval-ruhiyyə, böyük inam, qətiyyət, qarşıya qoyulan hədəflərə çatmaq üçün qarşısıalınmaz iradə cənab Prezidentimizin spesifik və xarakterik cəhətlərindəndir. Dövlət başçısı Füzuli ilə bərabər, Zəngilan və Laçında da Beynəlxalq Hava Limanlarının açılışının bir daha anonsunu verdi. Həmin hava limanları təkcə mülki baxımdan deyil, eyni zamanda hərbi baxımdan da ciddi strateji əhəmiyyət kəsb edir. Quruculuq işləri artıq özünün yeni mərhələsinə qədəm qoyub. Yolların sürətlə çəkilişindən, əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsindən sonra Zəngilanda Ağalı kəndlərini özündə birləşdirən ilk “ağıllı kənd”in təməli qoyuldu. Bu təməlqoyma mərasimində həmin kəndin sakinləri də iştirak etdilər. Bu, sözün həqiqi mənasında toy-bayram əhval-ruhiyyəsi idi”.

Deputat əlavə edib ki, təməlqoyma mərasimində Prezident, Birinci vitse-prezident, Leyla xanım Əliyeva ilə bərabər, həmin kənd əhalisinin də iştirakı xüsusi əhəmiyyət daşıyır:

“Zəngilanda erməni vandalları tərəfindən dağıdılan məscidin tikintisinin ilk daşını da qoyan yenə cənab Prezident və onun ailə üzvləri oldu. Hər iki təməlqoyma mərasimində ölkə başçısı dağıdılmış, yerlə-yeksan edilmiş yaşayış məntəqələrimizin böyük sürətlə ən müasir səviyyədə bərpa olunacağını bir daha önə çəkdi. Bu səfər zamanı cənab Prezident əhəmiyyətli məqamlara toxundu. Xalqımızın bu baxımdan narahatlığına son qoydu. Həm də beynəlxalq auditoriyaya, xüsusən də faşist ideologiyası cəmiyyətinə ciddi mesajlar verdi. Heç bir halda revanşistlərə yer olmayacağını, onların ölkəmiz üçün təhlükə törədə biləcək bu və ya digər istənilən addımının dərhal məhv ediləcəyini ciddi şəkildə diqqətlərinə çatdırdı. Bir neçə gün öncə Zəngilanla Ermənistan sərhədində ermənilərin atışma avantürasına cənab Prezident çox sərt cavab verdi. Belə bir hal təkrarlanarsa, onlara çox ağır zərbə vurulacağını vurğuladı”.

AVP sədri qeyd edib ki, ermənilərin və dünya erməniliyinin arxasında duran beynəlxalq səviyyəli müəyyən qüvvələrə də Prezident öz xəbərdarlığını etdi:

“Bu səfər bir daha Azərbaycan dövlətinin, cənab Prezidentin qətiyyətinin ifadəsi kimi hər birimizin diqqətini özünə cəlb etdi. Müqayisə üçün demək istərdim ki, bu gün Azərbaycanda koronavirusa qarşı ardıcıl, sistemli mübarizə gedir. Ölkənin bütün sahələrdə inkişafını təmin etmək, başqa sözlə desək, ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafı üçün bütün zəruri addımlar atılır. Dost xarici şirkətlərlə yeni sazişlər, müqavilələr imzalanır. Digər tərəfdən, işğaldan azad olunmuş torpaqlarımız öz sahiblərini məmnuniyyətlə gözləyir. Azərbaycanın geniş maliyyə resursları imkan verir ki, həmin ərazilərimiz ən müasir tələblər səviyyəsində qurulub vətəndaşlarımızın ixtiyarına verilsin. Ancaq Ermənistan bundan fərqli olaraq rəzil durumdadır. Böhran özünü bütün sahələrdə ifadə etməkdə və Ermənistanı daha ağır duruma salmaqdadır. Azərbaycanın müqayisəolunmaz dərəcədə üstünlüyü bütün dünyaya nümayiş etdirilir. Cənab Prezident bu baxımdan bir daha özünün dünya miqyaslı dövlət və siyasi xadim olduğunu hər addımda təsdiqləyir. Əminəm ki, növbəti səfərlərdə ölkə başçısı ən müxtəlif layihələrin gerçəkləşməsi üçün təməlqoyma mərasimlərində iştirak edəcək”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm