Bayrağımız Laçında daim dalğalanacaq! – Deputat
Bizi izləyin

Qarabağ

Bayrağımız Laçında daim dalğalanacaq! – Deputat

“Digər rayonlarımız kimi Laçının işğalı da Azərbaycan xalqına çox böyük zərbə idi. Ermənistanın işğalı nəticəsində Laçın rayonundan minlərlə insan didərgin düşdü. Onlar uzun illər məcburi köçkün həyatı yaşayıblar. Həmin dönəmlərdə Laçının müdafiəsi uğrunda yüzlərlə laçınlı şəhid olub, yaralananların da sayı çoxdur”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili bildirib ki, həmişə Laçının işğalının ildönümündə, laçınlılarla bir yerdə olanda işğalla bağlı ağrılarımızı, acılarımızı dilə gətirmişik:

“Uzun illər işğal dönəmində Laçınla bağlı duyğularımızı ürək ağrısı ilə ifadə etmişik. Ümummilli liderimizin məcburi köçkünlərlə görüşlərdə hər zaman dilə gətirdiyi bir söz var idi: “O torpaqlar işğaldan azad olunacaq və biz Qarabağa, işğal edilmiş rayonlarımıza mütləq qayıdacağıq!” Qarabağsız Azərbaycan ola bilməz. Cənab Prezidentimiz də 2003-cü ildə inauqurasiya mərasimində bildirmişdi ki, mən hər bir azərbaycanlının prezidenti olacağam, sonra əlavə etmişdi ki, işğal edilmiş ərazilərimizin azad olunması üçün çalışacaq. Sözün əsl mənasında cənab Prezidentimiz sözünün üstündə durdu. Bütün dünya bilir ki, ölkə başçısı ləyaqətli siyasətçidir. Sözünün üzərində dayanan, ədalətli insandır. Eyni zamanda, böyük siyasətçidir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin hər bir sözü dünya arenasında böyük rezonans doğurur:

“Onun sözünün çəkisi ağırdır, çünki cənab Prezidentimiz dünya çapında ağır çəkili siyasətçidir.

Laçının işğalı bizə çox böyük ağrı-acı yaşatmışdı. Çünki Laçın rayonu coğrafi-strateji nöqtədə yerləşir. Müzəffər ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında şəhər və rayonlarımızı azad etdi. Ötən ilin 1 dekabrında Laçın rayonu da düşməndən azad olundu. Belə ki, şanlı ordumuzun gücü, Ali Baş Komandanımızın qətiyyəti, düşünülmüş, uğurlu siyasəti öz bəhrəsini verdi. Bir güllə atılmadan Laçın rayonu 28 il yarım ayrı düşdüyü Azərbaycanımıza qovuşdu”.

Vüqar İskəndərov vurğulayıb ki, artıq Laçın rayonunda da quruculuq, yenidənqurma, abadlıq işləri həyata keçiriləcək:

“Bu rayonumuz da digər şəhərlərimiz, yaşayış məntəqələrimiz kimi öz sakinlərini səbirsizliklə gözləyir. Yenidənqurma işləri başa çatandan sonra Laçın öz ənənələri, spesifikası qalmaqla daha gözəl görkəm alacaq. Ondan sonra Laçın rayonu da uzun illər öz yurd-yuvalarına həsrət qalan insanları qoynuna alacaq. Biz bu şərəfli günləri yaşayan xoşbəxt nəsil sayıla bilərik. Bundan sonra biz bir qarış da torpağımızı heç kimə güzəştə getməyəcəyik. Azərbaycanın şanlı üçrəngli bayrağı ölkəmizin hər yerində, o cümlədən işğaldan azad olunan ərazilərimizdə, Laçında daim dalğalanacaq!”

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm