Qarabağ
İranın Qarabağ təxribatına SƏRT CAVAB: Xameneiyə MÜRACİƏT EDİLDİ
İran Xankəndiyə yük daşımağa davam edir. Yeni faktlar göstərir ki, son bir ayda İrana məxsus 58 yük maşını qanunsuz şəkildə Azərbaycan ərazisinə daxil olub, onlardan 55-i geri qayıdıb. İyulun 11-dən avqustun 8-nə qədər olan müddətdə isə İrana məxsus 35 yük maşını (31 yanacaqdaşıyan və 4 TIR) Xankəndiyə 70 səfər həyata keçirib. Ötən ay məsələ ilə bağlı Azərbaycan İrana etiraz etdi, bu ölkənin Azərbaycandakı səfirliyi isə sözügedən faktın olmadığı iddiası ilə çıxış etdi və yenə qanunsuz, həm də şübhəli yükləri daşımağa davam etdilər.
Rəsmi Bakı İranın yeni hökumətinin bu məsələyə həssas yanaşacağını gözləsə də, dəyişən bir şey yoxdur, İrana məxsus yük avtomobilləri Qarabağa qanunsuz səfərlərini davam etdirirlər. Həm də fərqli taktika ilə: İran maşınlarının nömrələri erməni nömrələri ilə əvəzlənərək. Bu məsələ Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olub.
Ölkənin bəzi din adamları, Əhli-Beytsevərləri İranın ali rəhbəri ayətullah Əli Xameneini müharibəyə rəvac verən, təhlükəsizliyimizə təhdid olan bu qanunsuz səfərlərin durdurulmasına səsləyib.
Publika.az-a danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli sözügedən məsələ ilə bağlı Xameneiyə müraciət ünvanladığını deyib. O bildirib ki, İrandan separatçılara bu cür dəstəyin verilməsi İslamın gətirdiyi qaydalara və təməl prinsiplərinə həqarətdir: “Azərbaycan dünyəvi ölkə olsa da, ölkəmizdə milli-mənəvi dəyərlərin təəssübkeşi Azərbaycan dövləti və dövlət başçımız İlham Əliyev şəxsən özüdür. Bu mənəvi dəyərlərə bağlılıq, Azərbaycan xalqının milli müqavimət ruhuna köklənməsi ilə nizamlı ordumuz Qarabağın fatehi İlham Əliyev rəhbərliyi ilə bizi zəfərə götürdü. Ancaq təəssüflər olsun ki, biz 44 günlük zəfər savaşında və ondan sonra da İranın özündə çoxlu sayda müsəlman dünyası adına iddia edən, amma əksinə, ermənilərə dəstək verən birilərini görməkdəyik. Azərbaycanın əzəli, əbədi və tarixi torpaqları 30 il erməni qəsbkarlarının işğalına məruz qaldığı bir zamanda da bu əməli bizə qarşı sərgilədilər. Xüsusi olaraq son günlər kütləvi şəkildə İrana məxsus yük avtomobilləri ilə Xankəndiyə yüklərin daşınmasının, separatçılara, Azərbaycan müsəlmanlarının qanını tökənlərə, əsrlərdir ki, bizim dini kimliyimizi yox etməyə çalışanlara İranın dəstək nümayiş etdirdiyinin şahidi oluruq. O ermənilər ki, 30 il boyunca Qarabağda bizim və bütövlükdə bütün müsəlman aləminin müqəddəs dini ocağı olan məscidlərdə donuz saxlayaraq dini dəyərlərimizi aşağıladılar. Dədə-baba yurdumuzda olan bu erməni vəhşiliyi, həqarəti təkcə bizə deyil, bütün müsəlman aləminə qarşı idi.
Özünü müsəlman aləminin təəssübkeşi kimi təqdim edən İran təəssüf ki, bunu da görməzdən gəlir. Lakin milli kimliyimizin vəhdətində xalqımız peyğəmbər və Əhli-Beyt sevgisində israrlıdır. Özünü İslam təəssübkeşi sayan ölkələrlə müqayisə olunmayacaq dərəcədə biz bu sevginin təzahürünü vəhdətdə, birlik və bərabərlikdə görməkdəyik. Mən bu məsələ ilə bağlı təmsil etdiyim Qarabağ Seyid Ocaqları adına, Azərbaycan dövlətçiliyinin bütövlüyünü istəyən peyğəmbər və yüz minlərlə Əhli-Beytsevərlər adına İranın ali rəhbəri Əli Xameneiyə müraciət etmişəm. İrandan separatçılara bu cür dəstəyin verilməsi İslamın təməl prinsiplərinə, müsəlman dünyasına nə qədər həqarətli davranışdırsa, eyni zamanda Qarabağın bütövlüyü uğrunda şəhid olan, həmçinin hələ 1991-ci ildən bu günə qədər canını fəda edən rəşadətli ordumuzun minlərlə qəhrəman oğullarına, bütünlüklə hər biri imana silah kimi sarılan cəngavərlərimizə, Əhli-Beytsevərlərimizə qarşı hörmətsizlikdir”.
C.Əzimbəylinin sözlərinə görə, bunu nə tarix, nə də Allah bağışlayacaq. O bildirib ki, hətta müsəlman kimliyi olmayan, torpaqlarımızın işğaldan azad olunması yolunda Azərbaycanın haqlı və ədalətli mübarizəsinə ən azı susqun dayananlar var. Bunu bacarmırlarsa, ən azından sussunlar: “Mən təmsil etdiyim yüz minlərlə Əhli-Beytsevərlər adına bu cür amansız davranışların dərhal durdurulması üçün İranın ali rəhbərinə müraciət edirəm, yenidən Ermənistanın gücləndirilməsinə, separatçıların qızışdırılmasına yönəlik addımların dayandırılmasını tələb edirəm. Yoxsa birmənalı olaraq bildirirəm ki, Azərbaycanda yüz minlərlə Əhli-Beyt sevənlərin çağırışlarını görəcəklər. Bu, din adına, İslam adına həqarətdir. Azərbaycanın tarixi məscidlərini, yüzlərlə Əhli-Beyt mənsublarının mübarək məzarlarının başdaşılarını belə söküb aparıb satan, onlara qarşı barbarlıq nümayiş etdirən birilərinə - təcavüzkara dəstək vermək Allahın qəzəbinə, nifrətinə səbəb ola biləcək bir əməldir. Azərbaycan dövlətinin bütövlüyü naminə ölkəmizin bütün peyğəmbər və Əhli-Beytsevərləri Ali Baş Komandanın rəhbərliyi ilə vətənin, dövlətin varlığı uğrunda hər an yenə də sipər olmağa hazırdırlar.
Özünü İslam və Əhli-Beyt təəssübkeşi sayan ölkələrlə müqayisədə Azərbaycanda elə əsl Əhli-Beyt irsinin müdafiəçisi və təbliğatçısı, mühafizəçisi Azərbaycan dövləti və dövlət başçısının özüdür. Ona görə də bütün Əhli-Beytsevərlər Ali Baş Komandanın, dəmir yumruğun ətrafında sıx birləşiblər. Bu, israrla tək mənim deyil, yüz minlərlə Əhli-Beytsevərlərin İranın ali dini liderindən tələbi və istəyidir. Ən böyük hiylələrdən biri də odur ki, erməni maşınlarının nömrələrindən istifadə edirlər. Bununla da qəsbkarların yanında olduğunu bildirən güclərin dərhal cəzalandırılması üçün İranın ali rəhbəri öz nüfuzundan istifadə etməlidir. Çünki Azərbaycanda yüz minlərlə Əhli-Beyt sevənlər gerçəyi görməkdədir”.
Seyid Camal Əzimbəyli Azərbaycanda xüsusi olaraq Əhli-Beyt adına iddia edən və Əhli-Beytin təbliğatında hər zaman öndə olduqlarını göstərmək üçün sıraya duran tanınmış isim sahiblərinə da müraciət edib: “Mən onlara da səslənirəm. Hər bir Əhli-Beyt adına və Əhli-Beyt irsini təbliğ edirəm deyib mücadilənin önündə olduğunu bildirməyə çalışan, şəhid ailələri, doğmaları ilə bol-bol şəkil çəkdirənlərə çağırış edirəm ki, İranın ali dini liderinə onlar da dərhal müraciət ünvanlasınlar. Əhli-Beyti təbliğ edirəm deyib Azərbaycanda illərdir ki, Əhli-Beyt kölgəsində dayananlar da bu məsələyə susqun qala bilməzlər. Necə ki, İranda güclərin bu davranışı Əhli-Beyt irsinə və adına təhqirdir, Qarabağda döyüşənlər də Əhli-Beyt adına vətənin və dövlətin varlığı uğrunda canını fəda etmişlərdir. Həmin adamların bu gün sosial şəbəkələrində bir dənə çağırış, bu məsələ ilə bağlı mövqe yoxdur. Hətta Xamaneinin fətvasını dəstəkləyənlərin susması Azərbaycan dövlətçiyinə, milli və dini kimliyimizə qəsddir və onlar bu qəsd planının iştirakçılarıdır. Bir canımız var, o da bu dövlətə, vətənə fədadır. Ən təhlükəlisi dövlətsizlikdir. Qarabağda, Şuşa başda olmaqla bütün işğaldan azad olunan ərazilərimizdə şəhid qanı ilə bayrağımız dalğalanır. Bu bayraqların endirilməsinə rəvac verəcək hər hansısa bir davranış sərgiləyən adamlara mövqe bildirməyənlər elə millətin, bu dövlətin düşmənidir. Bunu nə tarix, nə Allah, nə də Azərbaycan dövləti və bizlər bağışlayacaq. Çünki bu, bizə qarşı bir həqarətdir. Mən bu xəbəri eşidəndən Əhli-Beyt mənsubu, şəcərəsi, bir seyid olaraq üzgünəm. Dua edirəm, kimlər ki, separatçılara dəstək verir, kimlər ki, separatçıların güclənməsinə rəvac verən əməllərə yol verir, Allah-Təala onları cəzalandırsın!”
Akqabay Mıradov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...