Qarabağ
Heydər Əliyevin Ter-Petrosyanla görüşü: neçə girov qaytarılmışdı?
“1994-cü ildən başlayaraq əsir düşmüş və girov götürülmüş insanlarımızla bağlı Milli Təhlükəsizlik Nazirliyi sistemində xüsusi komissiyanın yaradılmasına başlanıldı və yaradıldı. Həmin komissiya bu istiqamətdə işlər aparmağa başladı. Bundan başqa, xatırlayıram ki, əsir düşmüş, habelə əsirlikdə sağ olanlarla bağlı Ulu öndər Heydər Əliyev Ermənistanın siyasi rəhbərliyi ilə görüşlərində məsələ də qaldırırdı. Heydər Əliyev onlardan tələb edirdi ki, əsir düşmüş adamları geriyə qaytarsınlar”.
Bunu Publika.az-a açıqlamasında politoloq, Azərbaycan Prezidentinin keçmiş müşaviri Qabil Hüseynli deyib.
O bildirib ki, həmin dövrdə bu cür xahişlərin və danışıqların fonunda dörd və ya beş nəfəri geriyə qaytarmaq mümkün oldu:
“Onlar sağ idilər və əsirlikdə ən ağır işlərdə işlədilirdilər. Söhbət 1994-cü ildən gedir. 1994-cü il boyu bu danışıqlar aparıldı və dediyim sayda əsir azad edilmişdi. 1995-ci ildə artıq bu işi görmək mümkün olmadı. Daha sonra Milli Təhlükəsizlik Nazirliyinin nəzdində yaradılmış həmin komissiya ciddi şəkildə işləməyə başladı. Həmin qurum əsir düşmüş və girov götürülmüş insanların siyahısını çıxardı. O zamankı siyahı kifayət qədər böyük idi. Mənim xatirimdədir ki, o zaman həmin siyahıda beş min beş yüz nəfərin adı yer almışdı. Yəni əsir düşən və girov götürülən insanların sayı bu qədər idi. İndi nədənsə birinci Qarabağ savaşı dövründəki itkinlərimizin 4000 nəfər olduğunu deyirlər. Tam xatirimdədir ki, o vaxt 5500 nəfərin taleyi naməlum idi. Amma ermənilərin əlində 5000-ə qədər əsir və girovlarımızın olması dəqiq idi. İndi bu rəqəm 4000 göstərilir. Ola bilsin ki, hansısa dövrdə siyahıyaalmada yanlışlıqlar olub”.
Politoloq bildirib ki, əsir və girovların qaytarılması ilə bağlı Azərbaycan tərəfindən təkidli səylər olurdu:
“O zaman Ermənistanın siyasi rəhbərliyi ilə görüşlər xeyli intensiv keçirdi. Hətta bir dəfə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin sessiyasında olarkən Amerika Birləşmiş Ştatlarının o zamankı dövlət katibi Madlen Olbrayt öz təşəbbüsü ilə mərhum Prezident Heydər Əliyevlə həmin dövrdə Ermənistanın prezidenti olan Levon Ter-Petrosyanın görüşünü təşkil elədi. Bu görüş xanım dövlət katibinin Nyu-Yorkdakı evində baş tutdu. Həmin görüş əvvəlcə təkbətək formatda keçdi. Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirələr başladı. Mən də həmin görüşdə iştirak edirdim. Həmin vaxt Heydər Əliyevin qaldırdığı məsələlər içərisində münaqişənin sülh yolu ilə nizamlanması ilə yanaşı, əsir düşmüş və girovlarımızın geriyə qaytarılması məsələsi də yer almışdı. Ter-Petrosyan söylədi ki, biz İrəvana qayıtdıqdan sonra bu məsələ ilə bağlı ciddi surətdə maraqlanacağıq. Daha sonra o bildirdi ki, həmin əsirlər və girovlar əgər sağ qalıblarsa və onların Azərbaycana qayıtmaq, geriyə dönmək fikirləri varsa, biz onları sizə qaytararıq”.
Qabil Hüseynli xatırlayır ki, Heydər Əliyevin Ter-Petrosyanla elə həmin danışığından sonra 4 və ya 5 nəfəri çox çətinliklə geriyə qaytarmaq mümkün oldu:
“Hətta əks-kəşfiyyat məlumatlarından göstərilirdi ki, ermənilərin əlində xeyrli sayda qadınlar və kişilər də var. Kişiləri çox ağır işlərdə işlədir, qadınlara münasibətdə isə çox aşağılayıcı, həddindən artıq ikrah doğuran hərəkətlər edirdilər. Heydər Əliyev cənabları Nyu-Yorkda Ermənistan prezidentinə söylədi ki, heç olmasa, qadınları qaytarın. Hətta qadınların hamısının qaytarılması ilə bağlı Ter-Petrosiyandan təminat aldı. Təəssüflər olsun ki, Ermənistan qadınları qaytarmadı. Onların əvəzində dörd ya da beş əsgərimizi bizə geri verdilər. Başqa bir nəticəyə ermənilərin qeyri-konstruktivliyi ucbatından imza atmaq mümkün olmadı. Ermənilər qeyd-şərtsiz onları qaytarmalıdırlar. Amma Azərbaycanın əlində dəqiq məlumat var idi ki, Ermənistanda ən azı 4 minə qədər qadınlı-kişili əsir və girov var. Həmin əsir və girov götürülənlərin böyük əksəriyyəti Kəlbəcər rayonundan və Xocalı soyqırımı zamanı əsir götürülənlər idi. Onların arasında başqa əsirlərin olduğu da məlumdur”.
Qeyd edək ki, 30 avqust Beynəlxalq İtkinlər Günüdür.
Tural Turan
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi
-
Magazin213:05
Milyarderin xanımı transparan geyimi ilə diqqət çəkdi - FOTO
-
Ekologiya12:32
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
Dünya11:05
İran bu ölkə ilə sərhədi BAĞLADI
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO