“3-12 yaşlarında 12 uşaq...” “WhatsApp”da yayılan qorxunc xəbərdarlıq nə məqsəd daşıyır?
Bizi izləyin

Qırmızı.az

“3-12 yaşlarında 12 uşaq...” “WhatsApp”da yayılan qorxunc xəbərdarlıq nə məqsəd daşıyır?

“Təcili hamı ilə paylaşın! 3-12 yaşlı 12 uşaq qəflətən keçinib. Yarılma nəticəsində məlum olub ki, uşaqların hamısı dərman preparatından baş verən allergiyanın qurbanı olub. Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər. Hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərman preparatlarını satışdan götürmək mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi dərman vasitələri ölkəyə kontraband yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur”.

Bu gün səhər saatlarında ölkədə “WhatsApp” istifadəçilərinə müxtəlif nömrələrdən bu cür mesajlar göndərilir. Bu mesaj istifadəçilər, xüsusən də övladı bu dərmanı qəbul edən valideynlər arasında təşvişə səbəb olub. Çünki mesajda ölkəmizdə uşaqların qəbul etdiyi bir neçə dərmanın adı çəkilir. Bildirilir ki, allergiya baş verdiyi halda həmin dərmanların uşaqlara verilməsi məsləhət görülür. Həmin siyahını təqdim edirik.

“Diqqət...uşaqlara qəti verilməməli olan dərmanların siyahısı - Amoksiçilin (амоксициллин), kapesula (капесула), ubuprofen ( ибупрофен суспензия), Alklofenak, sumamed, inqalipt, antisept, inflyuçid, uşaq üçün panadol, sanadol. Bu dərman preparatlarının qəbulunu çalışın, heç olmasa, bir ay, yəni aptekdən bütün məhsullar götürülənədək məhdudlaşdırın. Əgər hər hansı allergiya ilə qarşılaşarsınızsa, 0,5-1 həb Ketotifen və ya 10-15 damcı Fenistil qəbul etmək lazımdır. Uşaqları olanlara təcili göndərin”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova Publika.az-a açıqlamasında bu məlumatın əsassız olduğunu deyib: “Bu məlumatlar cəfəngiyatdır. Bir neçə il əvvəl də belə bir məlumat Rusiyada, Qazaxıstanda yayılmışdı. Sonuncu dəfə iki ay əvvəl bizim ölkədə yayılıb. Adi bir hadisə olanda bütün mətbuatın məlumatı olur. Necə ola bilər ki, 12 uşaq ölsün və heç kim bundan xəbər tutmasın”.

S.Əhmədova məlumatın sonunda allergiyaya qarşı qeyd olunan dərmanları qəbul etməməyi məsləhət görüb: “Valideynlər bilməlidir ki, hər hansı haldan allergiya yaranarsa, həkimə müraciət etmək lazımdır. Hər bir dərmanın öz xüsusiyyəti var, özbaşına dərman qəbul etmək olmaz”.

Qeyd edək ki, Daxili İşlər və Rabitə və Yüksək Texnologiyalar nazirliklərindən Publika.az-a verilən məlumatda məsələnin araşdırılacağını bildirdilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm