İdman
Qumarbaz olduğunu və qanunsuz mərcdə iştirak etdiyini etiraf etdi
ABŞ-ın Bruklin federal məhkəməsində NBA-nın sabiq oyunçusu və məşqçisi Deymon Cons dələduzluq məqsədilə sövdələşmə ittihamı üzrə iki epizodda günahını etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
49 yaşlı amerikalı genişmiqyaslı istintaq çərçivəsində əsas fiqurlardan biri olub. Bu iş üzrə 30-dan çox şəxs, o cümlədən mafiya üzvləri və basketbol dünyasının digər nümayəndələri saxlanılıb. Cons məşhurluğundan və daxili məlumatlardan istifadə edərək idman mərcələrində üstünlük qazandığını, həmçinin saxta poker oyunlarının təşkilində iştirak etdiyini etiraf edib.
2022-ci ilin dekabrından 2024-cü ilin martına qədər o, bukmekerlərə NBA ulduzlarının zədələri barədə qeyri-ictimai məlumatlar ötürüb. Bu məlumatlar arasında onun keçmiş komanda yoldaşı Lebron Ceyms barədə informasiyalar da olub. Məsələn, 2023-cü ilin fevralında “Leykers”lə “Miluoki” arasında oyundan əvvəl Cons tərəfdaşına Ceymsin oynamayacağını bildirib və böyük mərc etməyi tövsiyə edib.
Başqa bir epizodda isə 2024-cü ilin yanvarında Entoni Devisin zədəsi ilə bağlı məlumat müqabilində təxminən 2500 dollar əldə edib. Halbuki gözləntilərin əksinə olaraq Devis həmin oyunda iştirak edib. Prokurorlar bildirir ki, Consun hərəkətləri həm qanunvericiliyi, həm də NBA-nın davranış kodeksini və bukmeker platformalarının qaydalarını pozub.
Bundan əlavə, keçmiş basketbolçu Mayami və Hemptonzdakı poker evlərinə iri oyunçuları cəlb etmək üçün üz kimi istifadə olunduğunu da etiraf edib. O, oyunların saxta olduğunu və iştirakçıların aldadıldığını bilsə də, bu sxemdə şüurlu şəkildə iştirak edib. İstintaqa görə, bu dələduz poker oyunları nəticəsində ümumi zərər 9,5 milyon dollardan çox olub.
İstintaqla razılaşma çərçivəsində Cons 73 min dollardan imtina etməyə razılaşıb və əlavə kompensasiya ödəməli ola bilər. Onu 5 ilə qədər həbs cəzası gözləyir. Hökmün gələn ilin yanvarında açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Deymon Cons NBA-da “Miluoki”, “Klivlend”, “Mayami”, “Sakramento”, “Detroyt”, “Dallas”, “Qolden Steyt”, “Boston” və “Bruklin” klublarında çıxış edib. O, həmçinin “Klivlend”də baş məşqçinin köməkçisi kimi çalışıb.
-
İdman06:46Mbappe Əşrəflə bağlı ifadə verdi
-
Nida Xəbər 06:16Leyla Əliyeva Bakıda toyda - VİDEO
-
ABŞ04:14Ağ Evin ətrafında tətbiq edilən izolyasiya rejimi ləğv edildi
-
Magazin101:41Elçin villasından paylaşım etdi - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzü ərköyünləşdirə bilərsiniz
-
Region23 May 23:12Tehran "Hizbullah"la bağlı qərar verdi
-
Magazin123 May 22:4852 yaşlı aktrisa cazibədarlığı ilə göz oxşadı - FOTO
-
Qarabağ 23 May 22:24Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir - FOTO





































