Medianın üzünü güldürəcək imkanlar gəlir: qanun layihəsində nələr var?
Bizi izləyin

Qırmızı.az

Medianın üzünü güldürəcək imkanlar gəlir: qanun layihəsində nələr var?

“Media haqqında” qanun layihəsi nəhayət Milli Məclisə təqdim olundu. Bu media cameəsinin uzun illərdir gözlədiyi xəbərdir, çünki 1999-cu ildə qəbul edilən mövcud qanun sözün hər iki mənasında ötən əsrdən qalmadır: nə onlayn medianı əhatə edir, nə də müasir çağırışlara uyğun deyil;

Yeni qanunun gündəmə gəlməsinin əsas səbəbi də məhz budur və medianın inkişafı üçün islahat prosesinə dəstək verən dövlət də bu sahəni tənzim edən qanunun yenilənməsini istəyir. Çünki XXI əsrin mediasını XX əsrin qanunu ilə tənzimləmək qeyri-mümkündür, həm də ümumiyyətlə adekvat deyil. Vətən müharibəsindən sonra yaranan yeni çağırışlar da media qanununun yenilənməsini zəruri edən səbəblər arasındadır.

Tarixi qələbəmizdən qısa müddət sonra Prezident İlham Əliyev bu istiqamətdə mühüm qərar qəbul etdi. Dövlət başçısının imzladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında iki mühüm istiqamət var.

Birincisi, struktur dəyişikliyidir: bu, dövlət-media münasibətlərinin inkişafı, dövlət dəstəyinin medianın imkanlarının artırılması üçün vacib idi. Beləliklə, Medianın İnkişafı Agentliyi yaradıldı.

İkincisi, “Media haqqında” qanun layihəsinin hazırlanması idi: bu da aparılan islahatların tərkib hissəsidir və qanunun medianın mövcud inkişafına, eləcə də müasir çağırışlara uyğunlaşdırılması məqsədi daşıyırdı.

Bu Fərman və Fərmanda nəzərdə tutulanlar, eləcə də atılan addımlar verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etdiyinin göstəricisidir.

Dövlət median islahatlarında və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanmasında öz siyasi iradəsini təcəssüm etdirir. Hədəf ölkə medianın inkişafına dəstək vermək, nüfuzunun və peşəkarlığının artırılmasına nail olmaqdır.

Beynəlxalq təcrübə də təsdiqləyir ki, məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Azərbaycanın yeni “Media haqqında” qanun layihəsi məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi qanun layihəsi kimi xarakterizə oluna bilər.

Köhnə qanunun ötən əsrdə - 1999-cu ildə qəbul olunması, indiyə qədər 79 dəfə dəyişdirilməsi və bütün bu dəyişikliklərə rəğmən, müasir çağırışlara cavab verməməsi də bunu təsdiqləyir.

Yeni qanun layihəsi bu sahədə yaranmış boşluqları dolduracaq və problemlərin aradan qalxmasına, ümumilikdə medianın inkişafına təklan verəcək. Ən mühüm amillərdən biri qanun layihəsinin media subyektlərinin dəqiq təsnifatını verməsi, eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış etməsidir. Qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə də öz töhfəsini verəcəkdir. Bununla yanaşı, Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcəkdir. Eləcə də, informasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaqdır.

Qanun layihəsi medianın fəaliyyəti üçün də geniş imkanlar yaradır.

- Jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır. Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarı ilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə müasir dövrün çağırışlarına uyğunlaşdırılmışdır. Onsuz da bu məlumatlar və sənədlər media subyektlərində mövcuddur, reyestr sadəcə onları vahid bazada toplayır və pərakəndəliyin qarşısını alır. Çünki dağınıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil edilməsinə mane olur. Reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəkdir. Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaqdır.

Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır.

- Qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir.

- İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.

- Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcəkdir.

- Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. Çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi tamamilə yeni bir prosedur deyil və artıq bu istiqamətdə çoxillik təcrübə mövcuddur. Sadəcə hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulmuşdur.

- Qanunda təsbit olunan “jurnalist anlayışı” xidmət müqaviləsi əsasında işləyən jurnalistləri də əhatə edib.

Qanunun mahiyyəti və həssaslığı nəzərə alınmaqla, normayaratma prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılıb, normativ hüquqi aktın layihəsinin 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə müzakirəsi təşkil olunubdur. Müvafiq Qanunun predmeti media subyektləri və jurnalistlərin media sahəsində fəaliyyətləri ilə bağlı münasibətlərdir. “Vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil. Necə ki hər hüquqşünas vəkil, hər mühazirəçi müəllim deyil. Qanunda nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanın təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.

Bununla yanaşı, jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm