Bu şəxslərə subsidiyalar veriləcək - KTN rəsmisi
Bizi izləyin

Qırmızı.az

Bu şəxslərə subsidiyalar veriləcək - KTN rəsmisi

“Azərbaycanın əkinə yararlı torpaq sahələrinin təxminən 60 faizində taxıl əkilir. Bu il üçün də təxminən 1 milyon hektardan artıq sahədə payızlıq taxıl əkini aparılıb. Apardığımız monitorinqlər taxıl sahələrində, xüsusilə suvarılan ərazilərdə yaxşı məhsulun alındığını göstərir. Hazırda fermerlər texnoloji xəritəyə uyğun olaraq aqrotexniki qulluq tədbirlərini davam etdirirlər”.

Bunu Publika.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyi.

Ölkədə bu taxıl istehsalının səviyyəsi ilə bağlı proqnozlara toxunan KTN rəsmisi deyib ki, Azərbaycanda son 3 ildə ortalama göstəriciyə uyğun olaraq, ildə 3 milyon tondan çox taxıl istehsal olunur: “Hər il məhsuldarlıq 30 sentnerin üzərində olur, ayrı-ayrı təsərrüfatlarda bu rəqəm iki dəfəyə qədər artıqdır. May ayından başlayaraq biçinə start veriləcək, məhsul yığımı başa çatdıqdan sonra istehsal göstəricilərini əvvəlki illərlə müqayisə etmək daha məntiqə uyğundur. Hazırda fermerlərimizin qarşısında duran əsas vəzifə aqrotexniki qulluq qaydalarını düzgün həyata keçirməkdir. Bununla bağlı nazirlik tərəfindən təqsdiqlənmiş qrafikə uyğun olaraq fermerlərə təlimlər keçirilir, sahələrdə müşahidələr aparılır”.

KTN rəsimisi taxılıçılığın inkişafına dövlət dəstəyinin ildən-ilə genişləndiyini deyib: “Kənd təsərrüfatının digər sahələri kimi, taxılçılığa da dəstək məqsədilə subsidiyalar ayrılır. Aqrar Subsidiya Şurasının qüvvədə olan son qərarına əsasən, taxıl sahəsinin hər hektarına görə fermerlərə 210 manat subsidiya ödəniləcək. Artıq taxıl əkmiş fermerlər dekabrın sonlarına kimi öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan ediblər. Monitorinqlər başa çatdıqdan sonra əkin məlumatları və torpaq sənədləri təsdiqlənmiş fermerlərə subsidiyaların ödənilməsinə başlanacaq. Bu il bəyan prosesi daha mütəşəkkil təşkil olunduğuna görə fermerlər əkinlərini vaxtında bəyan etdiyinə görə subsidiyaların daha tez müddətdə verilməsi təmin olunacaq. Yeni subsidiya sisteminin üstünlüyü odur ki, əvvəllər fermerlər subsidiyanı məhsul yğımı başa çatdıqdan sonra, ilin sonunda alırdılar. İndi isə fermerlərə subsidiyalar ilin əvvəlində verilir. Nəticədə fermerlərə dövlətin verdiyi vəsaiti becərmə dövründə, gübrə, dərman, pestisid almaq üçün istifadə edə bilirlər”.

Vüqar Hüseynov bildirib ki, yeni qaydalara əsasən, 5 hektardan artıq torpaq sahəsi olan fermerlər öz torpaqlarından aqrokimyəvi analiz verməlidir: “Bununla bağlı son 5 ay ərzində fermerlərlə maarifləndirmə işləri aparılıb. Bundan başqa EKTİS-dəki datalar əsasında müəyyən olunaraq torpaq analizi verməli olan fermerlərin adlı siyahıları Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib. Fermerlər yaşadıqları ərazi üzrə aqrokimya laboratoriyalarına yaxınlaşaraq öz sahələrindən götürülmüş nümunələri analiz üçün təqdim etməli, nəticələri EKTİS-dəki şəxsi kabinetlərinə yükləməlidirlər”.

Fermerlər torpaq nümunələrini laboratoriyalara təqdim edərkən bir amilə xüsusi diqqət yetirməlidir. KTN rəsmisi deyib ki, torpaqların analiz edilməsi prosesində ən mühüm addımlardan biri nümunələrin düzgün götürülməsidir. Torpaq nümunələrinin götürülməsi “Aqrokimyəvi analizlərin aparılması üçün nümunələrin götürülmə təlimatı”na uyğun həyata keçirilməlidir. Təlimata əməl etməklə, analiz üçün nəzərdə tutulan torpaq nümunələrini hər bir fermer özü götürüb respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz edilmiş Regional Aqrokimyəvi Laboratoriyalarına - Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkaran, Səlyan, Ucar və Bərdə və ya regionlarda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzlərində təşkil olunmuş qəbul şöbələrinə təqdim etməlidir. Nümunə yerlərinin coğrafi koordinatları mütləq qeyd edilməlidir. Təlimatla Aqrar Xidmətlər Agentliyinin rəsmi internet səhifəsində və sosial media hesablarında tanış olmaq mümkündür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm