Şəhid adı ilə siyasi alver: müxalifətin populizmi davam edir
Bizi izləyin

Qırmızı.az

Şəhid adı ilə siyasi alver: müxalifətin populizmi davam edir

Rusiya-Ukrayna müharibəsi beynəlxalq siyasəti kökündən dəyişdi. Müharibənin nəticəsinin nə olmasından asılı olmayaraq, artıq dünya əvvəlki kimi olmayacaq. Hərçənd, bu qədər qlobal dəyişikliyin arasında dəyişməyən yeganə nəsnə Azərbaycan müxalifəti, daha doğrusu, müxalifət adına iddia edən bir qrup şəxsin iddiaları, ambisiyalarıdır.

Onlar məğlubiyyətin yaratdığı kompleksdən xilas ola bilmirlər:

Afrikanın xəritədə göstərə bilməyəcəkləri hansısa ölkəsində nəsə baş verəndə, bunu Azərbaycana “transfer” edir, ölkəmizdə baş verənlərlə müqayisə aparır, ictimai rəydən xal qazanmağa cəhd edirlər;

Dünyanın istənilən nöqtəsində müsbət hadisə baş verəndə deyirlər: Azərbaycanda niyə yoxdur?

Dünyanın istənilən nöqtəsində müharibə olanda deyirlər: Azərbaycan niyə belə müharibə apara bilməyib?

Külək əsir, “günahkar iqtidardır”, qar yağır, “günahkar hakimiyyətdir”, az qala “Xəzərin suyu niyə duzludur” deyəcəklər. Və bunu desələr, heç də təəccüblü olmaz. Çünki zaman və təcrübə göstərdi ki, Milli Şura adı altında toplananlar üçün gündəlik həyat və amalları siyasi mübarizə, yaxud xalqın marağı yox, iqtidarı ittiham etmək üçün bəhanə axtarışına çıxmaq, tapanda qol götürüb oynamaq, tapmayanda təbiət hadisələri də daxil olmaqla hər şeydən nəsə icad etməkdən başqa bir şey deyil.

Azərbaycan Vətən müharibəsi apardı, 30 il sonra torpaqlarımızı azad etdik. Milli Şurada təmsil olunanlar “bu, məğlubiyyətdir” dedilər. Uzağa getməyək: bu günlərdə ordumuz suveren ərazilərimizdə mövqelərini dəyişdi və Fərrux kəndini erməni terrorçulardan təmizlədi. Rəsmi məlumat olmadan Əli Kərimli Rusiya tərəfinin məlumatını əsas götürərək, iqtidarı da, ordunu da ittiham etdi. Rəsmi məlumat yayıldıqdan və Fərruxla bağlı məlumatlar təsdiq olunandan sonra isə heç bir təkzib vermədən, susdu. Sanki heç nə olmamışdı. Halbuki, Fərrux kəndinin terrorçulardan təmizlənməsi xəbəri yayılanda bunu nə paylaşmış, nə də bu haqda bir cümlə belə yazmışdı. Səbirsizliklə “təkzib xəbərini” gözləyirdi, belə bir xəbər çıxan kimi də “biz sizə demədikmi” kimi gülünc iddialar irəli sürdü.

Təkcə bu hadisə belə onların məqsədinin nə Vətən, nə xalq olduğunu təsdiqləyir. Onlar üçün əsas məsələ siyasi ambisiyalarıdır və bunun uğrunda Azərbaycanın yalnız bədbəxtliyini arzulayırlar.

Bir neçə gün öncə Fərrux kəndi haqda kinli mövqeyinə görə xalq tərəfindən linç edilən Əli Kərimli və dəstəsi indi şəhidlərin, qazilərin, şəhid ailələrinin “müdafiəçisi” kimi çıxış etməyə çalışır.

“Köhnə hamam, köhnə tas” davam edir, yaxud “o əjdahadan niyə bizdə yoxdur”.

İddia edirlər ki, Ukrayna və Rusiyada həlak olan hərbçilərə dövlət tərəfindən daha çox maliyyə yardımı edilir, Azərbaycanda isə yox.

Birincisi, Azərbaycan dövləti şəhid ailələrinə birdəfəlik müavinətlə yanaşı, aylıq müavinət də verir, o cümlədən, çoxsaylı imtiyazlardan yararlanmaq şəraiti yaradır: indiyə qədər heç bir şəhid ailəsi, yaxud qazinin ciddi narazılığı müşahidə edilməyib, baş verən kiçik problemlər də dərhal aradan qaldırılıb.

İkincisi, Azərbaycan şəhidi Vətən uğrunda müharibəyə pul qazanmaq naminə getməmişdi: hər kəs kimi şəhid ailəsi və qazilər üçün müqəddəs olan bu Vətəndir, hansısa ölkədə nə qədər pulun verilməsi və bunun Azərbaycanla müqayisə edilməsi yox.

Üçüncüsü, hər kəsə bəllidir ki, bu kimi iddialar şəhid ailəsi, yaxud qazilərə olan sevgidən yox, siyasi ambisiyalardan qaynaqlanır və məqsəd gündəmdə qalmaqdır.

Eyni dəstənin eyni iddiaları, eyni populizmi davam edir. 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı qələbələrdən xəsisliklə yazanlar, bir çox hallarda görməzdən gələnlər müharibə başa çatan kimi Azərbaycan əsgərinin, Azərbaycan şəhidinin, qazisinin “müdafiəçisi” olmağa başladılar. Çünki onlara Azərbaycan Ordusunun qələbəsi, torpaqlarımızın azad edilməsi yox, siyasi ambisiyalarını və eqolarını təmin edəcək, gündəmdə qalacaq məsələlər maraqlıdır. Bu, şəhid adı ilə siyasi alver etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm