Qırmızı.az
Problemlər şəhəri Xırdalan - REPORTAJ - FOTO
Bakıdan çox da uzaqda deyilik. Bəli, Abşeron rayonunun Xırdalan şəhərindəyik. Xırdalan dedikdə yadımıza özü kiçik olsa da, problemləri kifayət qədər böyük olan şəhər yada düşür. Qərar verməkdə çətinlik çəkdik. 47 kv/km əraziyə malik Xırdalanda hansı problemdən yazsaq, görəsən, el dilində desək, “ürəyimizə yağ kimi yayılar?!” Nəzərə alsaq ki, günümüzün əsas hissəsi yollarda keçir, buradakı heç vaxt bitməyən tıxacdan söz açmaq qərarına gəldik. Bəli, o “möhtəşəm” yollar. Hansı ki, bir çoxlarımızın dar yollarda sürücü özbaşınalığı səbəbindən gün ərzində dəfələrlə ölümlə burun-buruna gəldiyimiz həmin yollar. Xırdalanın girişindən içərilərinə doğru uzanan Heydər Əliyev prospektinə daxil olduğunuz andan nəqliyyat və sürücülüklə bağlı bütün qaydaları unudun. Çünki həmin qaydalar bu yolda öz aktuallığını itirir. Əslində, Xırdalanın digər yollarında da vəziyyət eynidir, lakin işləkliyinə görə sözügedən prospektdə problemlər ikiqat gözə çarpır.
Publika.azXırdalan yollarından hazırladığı reportajı təqdim edir:
35 ildir Xırdalan sakini olan Tamam xanım deyir ki, Xırdalanda həmişə bir çox sahələrdə problemlər olub: “Ayrı-ayrı vaxtlarda bir sıra məsələlər həllini tapsa da, bu tıxaclarla bağlı problem hələ də öz həllini tapmır və ya tapa bilmir. Özüm təqaüdçüyəm, ona görə də mənim işə getmək, işə gecikmək kimi dərdlərim yoxdur. Lakin nəvələrim hər gün bu yollarda çəkdiyi əziyyətlərdən və başlarına gələnlərdən evdə söz açırlar”.
Həmid bəy qeyd edir ki, prospektin həddindən çox dar olması yollardakı bu acınacaqlı vəziyyətin əsas səbəbidir: “Mən başa düşmürəm, burada bu hündürmərtəbəli binalar tikiləndə düşünmürdülər ki, çoxalan insan sayı səbəbindən bu dar yollarda problemlər baş alıb gedəcək?! Biz işə gedə bilmək üçün evdən saat neçədə çıxmalıyıq ki, uzanıb gedən bu tıxaclardan yaxamızı qurtara bilək?! Əlbəttə, bu, mümkün deyil. Çünki günün istənilən saatında Xırdalanda tıxac var”.
Leyla xanım isə Bakı-Xırdalan yolunda fəaliyyət göstərən və hər kəsin yaxından tanış olduğu “1 manatlıq taksilərdən” gileylənir: “Avtobuslar tıxac səbəbindən gecikdiyi və işə gecikməmək üçün məcbur bu cür taksilərdən istifadə edirəm. Lakin bu taksilərə minməzdən öncə gərək Kəlmeyi-şəhadət gətirəsən. Çünki yolda səni hansı sürprizlərin gözləyəcəyini bilmirsən. Avtomobili həddindən artıq sürətlə və təhlükəli idarə etdiklərini desək də, bizə qulaq asan sürücü çox az tapılır. 1 həftə öncə isə qəza keçirdik. Avtomobilimiz yolu keçən piyadanı vurdu. Həmin stressi isə hələ də üstümdən ata bilmirəm. Ümumiyyətlə, bu sürücülərə nəzarət edən var?!”
135 nömrəli avtobusun adını vermək istəməyən sürücüsü bildirir ki, yollardakı vəziyyətlə əlaqədar tez-tez gecikmələr yaşayır: “Ən əsası isə qəza hallarının çox olmasıdır. Yollar o qədər bərbad haldadır ki, bu vəziyyət sürücüyə hər an problem yarada bilər. Bizim digər problemimiz isə vaxtla işləməyimizdir. Biz həm yollara, həm də vaxta eyni anda nəzarət etməliyik. Pik saatlarda isə bu kimi problemlər ikiqat artır. İnsan çox, yollar dar, vaxt isə məhduddur. Biz gecikəndə insanlar da yollarda qalır, bu da məsələnin digər tərəfidir. Bir sözlə, bu problem həllini tapmaq əvəzinə günü-gündən daha da dərinləşir”.
Məsələ ilə əlaqədar açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirir ki, Xırdalandakı tıxac probleminin əsas səbəbi şəhərdə tikinti-şəhərsalma məsələləridir: “Ümumiyyətlə, ölkəmizdə tək Xırdalanda yox, Bakıda, Sumqayıtda, Gəncədə və iri yaşayış məntəqələrində yol-nəqliyyat infrastrukturunda gördüyümüz problemlərin əsas qaynağı tikinti qaydalarına məhəl qoyulmaması və məskunlaşma problemləridir. Hazırda isə ölkəmizdə şəhərsalmanın ən kobud şəkildə pozulduğu ilk yer Xırdalandır. Səbəbi isə çox sadədir. Xırdalan Bakıya ən yaxın yerdir, lakin tikinti işləri nisbətən ucuzdur. Orada az qala heç bir norma gözlənilmədən hər yer binalarla doldurulub. Sovet dövründə və müstəqilliyimizin ilk illərində Xırdalan qəsəbə olub. Şəhər statusu isə təminən 10 il bundan öncə verilib. Sovet dövründə Xırdalanın ərazisi iki cür - 5 mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət idi. Bakı şəhərinin müxtəlif yerlərində yenidənqurma işləri görülməsi ilə yaşayış binaları söküldü və həmin yerlərin sakinləri kütləvi şəkildə Xırdalana axın etdilər. Bundan sonra Abşeron yarımadasında məskunlaşma ciddi şəkildə artdı və çox eybəcər bir məskunlaşma forması həyata keçirildi”.
Ə.Hüseynov vurğulayıb ki, Xırdalandakı məskunlaşmanın adı cəngəlliksayağı məskunlaşmadır: “Tropik Afrikada bu cür məskunlaşmanı bambu ağacları ilə daxmalar düzəldərək edirlər, lakin Xırdalanda tikinti şirkətləri 10-12 mərtəbəli binalar tikməklə buranı cəngəlliyə döndəriblər. Bütün bunlar biabırçılıqdır. Xırdalanda yaşayan insanların xeyli hissəsi Bakıda işləyirlər ki, bununla da güclü nəqliyyat ehtiyacı yaranır. Həmin ehtiyacları da qarşılayacaq nəqliyyat yoxdur. Xırdalan şəhəri ilə Bakı arasında bir-iki marşrut var və metro yoxdur. Elektrik qatarı Xırdalandan keçir, lakin o da sərnişindaşımada effektiv deyil. İnsanların bu problemdən çıxış yolu ucuz taksilər və fərdi avtomobillərə qalır. Xırdalan fərdi avtomobillər və taksilərin ən çox istifadə olunduğu şəhərlərdən biridir. Bu da təbii ki, həmin eybəcər tıxaclara gətirib çıxarır”.
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib - FOTO
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO