Qırmızı.az
Azərbaycanda ayrıca qız məktəbləri açılsınmı? - MARAQLI FİKİRLƏR
Millət vəkili Fazil Mustafa qızlar üçün oğlanlardan ayrı məktəbin açılmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu halda qızlar həyata daha hazır vəziyyətdə yetişirlər.
“Qızlar üçün ayrıca kollec açılmalıdır. İndiki təhsil modeli ilə yanaşı, ayrıca özəl qızlar məktəbi açılsa yaxşı olar. Yəni təhsil almayan qız övladı qalmaz. Vaxtilə belə model var idi... Belə olan halda qızlar həyata daha hazır yetişirlər, ixtisasları, dili öyrənirlər... Qızların oğlanlarla birgə oxuması modeli də qalmalıdır. Amma kimsə ənənəvi modeldən qaçırsa, bu modeldən istifadə edə bilər. Bir daha deyirəm, bu qızlar cəmiyyətə hazırlanırlar” - deputat qeyd edib.
Cəmiyyətin çox hissəsi bu fikri tənqid edir. Ancaq sözügedən təklifi dəyərlər baxımından müsbət qarşılayanlar da var. Bildirirlər ki, 2012-ci ildən bəri Avropada qızlar üçün riyaziyyat üzrə ayrıca olimpiada keçirilir. Eyni zamanda Qərbdə bəzi yerlərdə kişi-qadın tualetlərinin belə birləşdirildiyi, “unisex” mədəniyyət formalaşdırmaq yolunun tutulduğu zamanda bu təklifi müsbət hesab edənlər də az deyil.
Bəs təklifin hansı müsbət cəhətləri var? Başqa hansı ölkələrdə bu sistem tətbiq olunur?
Publika.az mövzunu araşdırıb.
src="/storage/files/upload/82d012175b9da84592a746ef7a45080777ceaa69.jpg" style="width: 1011px; height: 545.94px;" class="fr-fic fr-dib fr-fil">
“Qızlar məktəbi açılarsa, təhsilin keyfiyyəti yüksələcək”
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov bu təklifi müsbət qarşıladığını, hətta yazdığı kitablarda bunu təbliğ etdiyini də bildirib: “Yazdığım bütün kitablarda qızların ayrı məktəblərdə təhsil almalarını göstərmişəm. Uzun illərdir ki, mən bunu təbliğ edirəm. 10 il bundan əvvəl ABŞ qanunvericiliyində ayrıca qız məktəblərinin açılması ilə bağlı təklif var idi, Amerika parlamenti bunun üçün böyük maliyyə yardımı göstərmişdi. Bu, qızları müdafiə etmək üçün bir addımdır. Qərar eyni zamanda təhsilin keyfiyyətinin yüksəlməsinə də müsbət təsir edən amildir. Tanıdığım bir şəxsin 6 yaşlı oğlan nəvəsinə məktəbdə həmyaşıd bir qız məktub yazıb, ürək şəkli göndərib. Əgər 6 yaşlı qız öz şagird dostuna ürək fotolu məktub yazırsa, bu, bir işarədir və bu haqda fikirləşməyə dəyər”.
Professorun sözlərinə görə, məktəblərdə əks cinslər arasında yaranan sevgi münasibəti və bu kimi digər hallar təhsildən yayınmaya səbəb olur: “Gənclərin elmi tələbatları olduğu kimi, insani tələbatları da var. Bir-birindən xoşu gəlmək və s. digər əlavə tələbatları sıradan çıxaranda, oxumağa, təhsil almağa, elmə tələbat daha çox olar. Bununla bağlı pilot məktəblərdə təcrübə aparmaq olar. Ya da müdrik insanlarla danışıb bir nəticəyə gəlmək mümkündür”.
Şahlar Əsgərov cəmiyyətdə qızların qavrama qabiliyyətinin oğlanlardan yüksək olması ilə bağlı səsləndirilən fikrə də münasibət bildirib. O, bu yanaşma ilə razı olduğunu deyib: “Qızın qavrama qabiliyyətinin oğlandan yüksək olması ilə bağlı fikirlərdə də bir qədər həqiqət var. Bu həqiqətin ziddinə gedən insanlar bir neçə arqument irəli sürürlər. İlk arqument budur ki, indiyədək bir dənə də olsun qadın peyğəmbər yoxdur. İkincisi isə qadınlar heç vaxt elmdə böyük uğurlar qazanmayıb. Yəni Nobel mükafatını nümunə göstərirlər ki, burada mükafat alan qadınlar təltif olunanların ümumi sayının 1 faizini təşkil etmir. Amma bu yanaşma səhvdir, qadınlar intellekt cəhətdən çox yüksəkdir. Ancaq onun ana olmaq kimi ilahi bir vəzifəsi var. Bu vəzifə hər zaman onları intellektual sahədən alıb uşaqların böyüdülməsinə sərf etdiyi üçün bu hallar müşahidə olunmur. Qadının əsas vəzifəsi elm yaratmaq, sərkərdəlik deyil, uşaq dünyaya gətirib, onu tərbiyə etmək onun ilahi vəzifəsidir. Elmdə, yaddaş və qavramada isə onlar kişilərdən üstündür”.
O əlavə edib ki, Qərbdə kişi-qadın tualetlərinin birləşdirilməsi, “unisex” mədəniyyətinin formalaşdırılması halları çox zərərlidir. Bu kontekstdə, cinslər üzrə məktəblərin bölünməsi daha doğru olardı: “Türkiyədə psixoloqlardan biri yazmışdı ki, gənc ailələrin dağılmaması üçün imkan verək ki, onlar bir müddət birlikdə yaşasınlar, daha sonra nikah qeydiyyatından keçsinlər. Bu, səhv və çox iyrənc yanaşmadır. Hətta heyvanlarda belə müşahidə aparsanız görərsiniz ki, sadiqlik nəinki insana, hətta heyvana da xas olan xüsusiyyətdir”. src="/storage/files/upload/80eb3ead821d9e05999931d0b7745d9091bd3cb7.jpg" style="width: 864px; height: 648px;" class="fr-fic fr-dib fr-fil">“Pilot məktəb yaradılmalıdır” - Təklif
Sabiq təhsil naziri, professor Firudin Cəlilov bununla bağlı pilot məktəbin yaradılmasının və sınaqdan keçirilərək nəticənin təhlil olunmasının, daha sonra qərar qəbul edilməsinin tərəfdarı olduğunu bildirib:
“Bu, bir qədər ciddi məsələdir. Araşdırma aparılmalı, dünya təcrübəsi öyrənilməlidir. Məsləhət olsa, eksperiment üçün bir neçə məktəbdə bunu tətbiq etmək olar. Həyat göstərər ki, bunun müsbət, ya mənfi tərəfi daha çoxdur. Mütəxəssislər buna münasibət bildirməlidir. İlkin mərhələdə belə bir pilot məktəb yaradıb sınamaq olar. Daha sonra nəticələr təhlil olunub qərar verilə bilər”.src="/storage/files/upload/da4eee2324a9c599f3dccb8a22cabb011891eb2b.jpg" style="width: 1025px; height: 1025px;" class="fr-fic fr-dib fr-fil">Azərbaycan Dövlət İqtisad Universitetinin Təcrübənin təşkili şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadə qeyd edib ki, istər Avropada, istərəsə də ABŞ-da qadınlar üçün xüsusi kolleclər, universitetlər fəaliyyət göstərir: “ABŞ-da təxminən 33 qadın kolleci var. Bu kolleclərin bakalavr pilləsində yalnız qadınlar təhsil alsa da, magistr pilləsində kişi tələbələrin də qəbulu həyata keçirilir. Bu kolleclərdə akademik predmetlərlə yanaşı, məntiq, tənqidi təfəkkür, natiqlik bacarığı da tədris olunur ki, məqsəd qadınların istənilən industriyada lider mövqeyini qazanmasıdır. Bu kolleclərin digərləri ilə müqayisədə sayı az olsa da, onların məzunları müasir cəmiyyətə təsir gücü ilə ictimaiyyəti heyran edir. Onların sırasında Nensi Pelosi, Hillari Klinton, Marta Stüart, Madlen Olbrayt kimi dünyanın diqqətini üzərinə çəkməyi bacaran qadın liderlər var. 2006-cı ildə “Fortune 500” reytinqinə düşən 10 qadından 4-ü məhz həmin kolleclərin məzunları idi. Düşünmürəm ki, millət vəkili Fazil Mustafa təklifini cəmiyyətə lider qadınlar yetişdirmək niyyəti ilə səsləndirib. Fikrimcə, onun rəğbətini qazanmaq istədiyi auditoriya özəl məktəblərdə ayrıca təhsil almaq istəyən qadınlardan daha çox qızlarını təhsildən yayındıraraq, erkən nikaha təşviq edən radikal azlıqdır, mövzuya tənqidi yanaşan tərəfdə qıcıq yaradan da məhz budur”.
“Qadınlara əzilən azlıq kimi cəmiyyətdə xüsusi imtiyazların verilməsinin əleyhinəyəm” - Fəlsəfə doktoru
Leyla Nəzirzadənin sözlərinə görə, qadınlar cəmiyyətdə təhsil də daxil olmaqla, kişilərlə eyni hüquqları qazanmaq üçün çoxəsrlik mübarizədən keçib, təqiblərə, zorakılığa məruz qalıblar: “Bu gün vətəndaşı olduğumuz dünyəvi dövlət cinsi fərq qoymadan hər bir övladına eyni şərtlər altında təhsil almaq hüququ və şansı verir, gənc nəslin ahəngdar şəxsiyyət və layiqli vətəndaş kimi yetişməsi üçün büdcədən külli miqdarda vəsait ayırır, təhsilin bütün pillələrində bərabər imkanlar yaradır. Məktəb təhsil ocağı olmaqla yanaşı, həm də uşağın sosiallaşmasında ailədən sonra ikinci ən mühüm rolu oynayan qarşılıqlı fəaliyyət məkanıdır. Yetişməkdə olan nəsli cinsi ayrıseçkiliklə bir-birindən təcrid edərək tərbiyə etmək cəmiyyət üçün faydalı deyil. Bu gün qadınlar üçün ayrıca kolleclər açsaq, sabah bu istəyə ayrı iş yerləri, ictimai məkanlarda və nəqliyyatda qadınlar üçün xüsusi yerlər, ancaq qadın müəllimlərin dərs deməsi və s. kimi yeni tələblər əlavə olunacaq. Uşaq valideynin şəxsi mülkiyyəti deyil, dövlətin vətəndaşıdır, ona görə də dövlətin vətəndaşları üçün hazırladığı ənənəvi təhsil modeli daha məntiqli və düzgündür.
Kimsə şəxsi eqosu və iddiaları ilə bu hüququ övladının əlindən almağa cəhd edirsə, məsuliyyətə cəlb edilməli və lazım gələrsə, valideynlik hüququndan məhrum edilməlidir. Yox, əgər kimsə israrla qızının ancaq qadınlar üçün açılmış kollecdə oxumasını istəyirsə, bizdə də Bakı Qızlar Universiteti fəaliyyət göstərir və demək olar ki, bütün pedaqoji profilli universitetlərdə xüsusi ixtisaslar var ki, gündüzün günorta çağı çıraqla gəzsən də, bir-iki nəfərdən başqa kişi tələbə tapa bilməzsən, buyursunlar, seçsinlər. Qadınlara əzilən azlıq kimi cəmiyyətdə xüsusi imtiyazların verilməsinin əleyhinəyəm”.
“Radikal dini qruplaşmalar və qatı feministlər öz ideoloji maraqları üçün sui-istifadə edə bilərlər”
L.Nəzirzadə qeyd edib ki, təhsil institutunu fərdi maraqların oyuncağına çevirmək olmaz, bundan istər radikal dini qruplaşmalar, istərsə də qatı feministlər öz ideoloji maraqları üçün sui-istifadə edə bilərlər: “Sabah bir qatı feminist qızlar məktəbi açsa, qarşısını ala biləcəklərmi?! Nüvə enerjisi də pozitiv məqsədlə kəşf edilmişdi, fərdlər öz eqoları ilə onu kütləvi qırğın silahına çevirdi. Adi sorğu keçirsəniz, qadınların 99 faizinin ayrı məktəblərin əleyhinə olduğu görəcəksiniz. Universitet həm də gələcək sağlam ailələrin əsasının qoyulduğu sosial ortamdır. Qız tələbələrin olmadığı və əksinə, ancaq qızlardan ibarət qruplarda dərs demişəm. Auditoriyada hər iki cinsdən tələbə olanda dərslər daha intizamlı və maraqlı keçir. Qadınların daha çevik qavramasına gəlincə, fizioloji cəhətdən yetkinlik yaşı qızlarda daha erkən baş verir, amma bunun təhsilə aidiyyəti yoxdur. Eyni məktəbdə qızlar və oğlanlar üçün ayrıca cinsi dərslər keçmək olar, amma bunun üçün də dövlət proqramı və onu tədris edəcək kadrlar formalaşmalıdır”.
src="/storage/files/upload/878e7b481d0fe85618118722870fb5ac326bc3e7.jpg" style="width: 946px; height: 946px;" class="fr-fic fr-dib fr-fil">“Hər iki cinsin eyni sinifdə təhsil alması yaxşı ənənədir”
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, qızlar üçün ayrıca kolleclərin yaradılması hazırda prioritet deyil: “Ölkəmizdə ayrıca təhsil müəssisələrinin olmasına zərurət görmürəm. Azərbaycan müasir, demokratik, dünyəvi və tolerant ölkədir, burada qadın və kişilər arasında hansısa ayrı-seçkilikdən söhbət gedə bilməz. Əslində, qadınlar arasında müxtəlif yarışlar keçirilir, bilik olimpiadaları təşkil olunur ki, bunlar tamam ayrı məsələlərdir. Azərbaycanda qadın çadrasını keçən əsrin sonlarında atıb və bununla bizim qadınlarımız Şərqdə demokratik xalqın nümayəndəsi olduqlarını bəyan etdilər. Ölkəmizdə qadın və kişilər eyni hüquqa malikdirlər və onlar arasında heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Biz milli dəyərlərimizə zidd olan davranışların cəmiyyətimizə transfer olunmamasında maraqlı olmalıyıq. Ölkə başçısı təhsil ictimaiyyəti və gənclərlə görüşündə hər zaman bildirir ki, milli dəyərləri qorumaq, onlara sahib çıxmaq, onları yaşatmaq, gələcək nəsillərə ötürmək lazımdır. Biz əgər milli dəyərlərimizə sahib çıxsaq və onları yaşatsaq, nə ayrıca qadın məktəbinə ehtiyac olacaq, nə də milli mentalitetimizə yad elementlər cəmiyyətimizə gələcək”.
İlqar Orucovun sözlərinə görə, Avropada cinslərin “yaxınlaşması” meylləri heç də yaxşı hal deyil: “Avropa cəmiyyətində kifayət qədər cinsi pozğunluq halları baş verir. Homoseksualların sayı artıb, kişilik məfhumu aradan qalxıb. Onlar buna yüksək inkişaf deyir, ancaq bu, deqradasiyadır, tənəzzüldür. Biz bunları cəmiyyətimizə buraxmalı deyilik. Azərbaycan xalqının min illərdir formalaşdırdığı, qurub-yaratdığı dəyərlər var. Biz yaxşı şeyləri, müsbət tərəfləri dünyadan götürməliyik. Başqa cür inkişaf ola bilməz. Milli-mənəvi dəyərlərimizin çox müsbət tərəfləri var ki, onları öyrənməli və təbliğ etməliyik. Azərbaycan qadını ilə kişisinin bərabərhüquqlu olması, qadın və kişinin yeri hansı məqamdadır, bu cür davam etsə, çox yaxşı olar. Bu kontekstdə hər iki cinsin də eyni sinifdə təhsil alması çox yaxşı ənənədir”.src="/storage/files/upload/6911d4c8de85362bd953a4485d6912113a31e138.jpg" style="width: 906px; height: 604px;" class="fr-fic fr-dib fr-fil">
Qarışıq dərslərdə stress olur
Bu mövzuda “Əsrin pedaqoji səhvi - Qarışıq təhsil” kitabının müəllifi, türkiyəli pedaqoq, yazar Əli Erkan Kavaklının fikirlərini təqdim edirik.
Müəllif qarışıq təhsilin zərərlərindən danışıb:
“Birincisi, oğlan və qızların beyni fərqli işləyir. Onların müxtəlif öyrənmə üslubları var, istedad sahələri fərqlidir. Hər cinsin istedadlı və maraqlı olduğu və buna görə də daha uğurlu olduğu siniflər var. Fərqli qabiliyyətlərə malik insanları bərabər qəbul etmək və onlarla rəqabət aparmaq hər iki cinsin uğursuzluğuna səbəb olur.
Kişilər fizika, kimya, kompüter, idman, əl işləri, motor dərsləri və bu kimi sahələrə daha çox maraq göstərir və uğur qazanırlar. Futbolda olduğu kimi, qızlar oğlanlarla yarışa, bu sahələrdə bacarıqlarını inkişaf etdirə bilmirlər. Qızların daha istedadlı olduğu dil, ədəbiyyat, tarix, coğrafiya, biologiya və sosial elmlər sahələrində oğlanlar qızlarla rəqabət apara, bacarıqlarını inkişaf etdirə bilmirlər. Qarışıq dərslərdə stress olur, şagird anlamadığı mövzunu soruşa bilmir, çünki qarşı cinsin alçaldacağı və ya ələ salacağı fikirləri yaranır ki, bu da uğursuzluğa gətirib çıxarır. Oğlan və qızların beyin strukturları fərqlidir. Qızların beyninin emosional, sosial, musiqi, bədii və şifahi intellekt hissəsi oğlanlardan 11% daha böyükdür. Oğlanların beyin çəkisi qızlardan daha çoxdur”.
Birgə təhsil istedadın inkişafına mane olur
Müəyyən edilib ki, qızlar və oğlanlar müxtəlif qabiliyyətlərə malikdirlər. Almaniyada cəmiyyətdə gender bərabərliyinin birgə təhsil vasitəsilə təmin edilməsinin qarşıya məqsəd qoyulduğu, lakin buna nail olunmadığı üzə çıxdı. Qarışıq modelin istedadın inkişafına mane olduğu başa düşüldü və ayrıca təhsil tendensiyası başladı.
Almaniyada dövlət məktəblərində “birgə təhsil” öhdəliyi ləğv edilib. İlk tənzimləmə dəyişikliyi 1990-cı ildə o vaxtkı Sosial Demokrat Partiyasının (SPD) Şesviq-Holşteyn əyalətində təhsil naziri Eva Rühmkorf tərəfindən dəyişdirilib. “Pedaqoji səbəblərdən bəzi kurslarda ayrıca məşğələ keçirilə bilər” deyilirdi. Berlin, Hessen və digər ştatlar da eyni addımı atdılar. Almaniyada alimlər birgə təhsilin zərərlərinin qarşısını almaq üçün tədbirlər gördülər. Məsələn, “Der Spiegel”in 16.03.1998-ci il tarixli 12-ci nömrəsinə görə; Düsseldorf təhsil naziri Qabriele Behler məktəblərdə oğlan və qızların ayrı-ayrılıqda təhsil almasını tələb edən sirkulyar dərc edib. Məktəbin fiziki imkanları buna imkan vermirdisə, xüsusilə qızlar üçün əlverişsiz olan fizika, riyaziyyat, kimya və idman dərslərinin ayrıca keçirilməsini əmr etdi. Nazir Behler “siniflərdə kişi hegemonluğu ilə mübarizə apardığını” bildirdi. (Der Spiegel, s.99)
Qarışıq təhsili pedaqoji ölüm kimi qələmə verənlər var...
Münhen Dövlət Pedaqoji və Təhsil Tədqiqat İnstitutunda professor Tomas Şeferin koordinasiya etdiyi və idarə etdiyi bir araşdırma aparıldı. Nəticə olduqca təəccüblüdür: “Kordinasiya təhsili qız tələbələr üçün düşünüldüyü qədər səmərəli deyil. Əslində bu, əsrin ən böyük pedaqoji səhvidir”.
Almaniyada hər kəs öz uşağını ayrıca məktəbə göndərə bilər. Özəl məktəblər və kilsə məktəbləri ayrıca təhsil verir. Qarışıq məktəblərdə müxtəlif istedadlara şans vermək üçün fizika, kimya, riyaziyyat, kompüter və idman dərsləri ayrıca keçirilir.
1990-cı illərdə birgə təhsilin zərərləri ilə bağlı araşdırmalar aparılarkən və birgə təhsilin zərərli olduğu başa düşüləndə, Amerikada qız məktəbləri tələbələrlə dolu idi. Der Spiegel Amerikadakı qız universitetlərinin axını haqqında yazırdı: “Amerika elitasını hazırlayan Bostondakı Qızlar Universiteti böyük diqqət çəkir. Massaçusets şəhərinin yaxınlığında yerləşən bu məktəbdən əldə olunan diplom siyasi, iqtisadi və mədəni sahədə mühüm karyeraya zəmanət verir.
Bu universitetdə ABŞ dövlət katibi Hillari Klinton və ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt, məşhur rəssam Ali Makqrou təhsil alıblar.
1996-cı ilin məlumatına görə, Amerikada 84 qadın universiteti olub.
Uelsli Universitetinin alman professoru Sigrid Metz-Göckel aşağıdakı müşahidələri edib:
1. Qızların universitet məzunları uğur qazanır. 1990-cı illərdə ABŞ-da 10-cu yerdə olan universitet 1998-ci ildə 3-cü yerə yüksəlib.
2. Məzunların 3/4-i peşəkardır.
3. Məzunların 50 faizi kişilərin üstünlük təşkil etdiyi peşələrdə işləyir və yaxşı pul qazanır.
4. Məzunların 80 faizi universiteti bitirdikdən sonra magistratura, doktorantura, kurslar və karyeralar davam etdirir.
5. Ömürlük məktəblərinin qayğısına qalırlar, səxavətlə ianə edirlər ki, universitetin digər universitetlərlə rəqabət aparmaq şansı olsun.
6. Qadınların intellektual inkişafı, institutların yaradılması ictimai fəallığı artırır.
7. Universitet tələbələrini menecer olmağa, karyera qurmağa və məsuliyyət götürməyə istiqamətləndirir.
8. Universitetdə parlament var, nazirlər var, komissiyalar yaradılıb. Tələbələr burada iştirak edir və həyata hazırlaşırlar.
Yazıçı Ali Erkan Kavaklı hesab edir ki, qız məktəbləri açılmalıdır, çünki:
Bu məktəblərdə qızlar məhdudiyyətsiz öz şəxsi qabiliyyətlərini inkişaf etdirə bilərlər;
Onlar öz maraq dairələrində inkişaf edə bilərlər;
Kişilərin cinsi təzyiqlərindən xilas olurlar;
Qadınlarla birlikdə ictimai həyatı, elmi, keçmişi və gələcəyi öyrənə bilərlər. Onlar şüurlu və keyfiyyətli təhsil ala bilirlər;src="/storage/files/upload/69b802b0653aebaf822edd1fa8fae315539e8db4.jpg" style="width: 1003px; height: 835.833px;" class="fr-fic fr-dib fr-fil">
Türkiyəli klinik-psixoloq Başak Demiriz isə fərqli düşünür. O, qarışıq təhsilin tərəfdarıdır:
Birgə təhsil alanda oğlanlar sosial münasibətlərdə qızların uyğun davranışlarını modelləşdirir, daha həssas olmağı və açıq ünsiyyət qurmağı öyrənirlər. Qızlar isə oğlanlardan daha iddialı olmağı, istəklərini ifadə etməyi, etiraz etməyi və özlərini qorumağı öyrənirlər. Birgə təhsil alanda əks cinslə necə rəftar etməyi, nəyin uyğun, nəyin uyğun olmadığını öyrənirlər. Beləliklə, onların cinsi istismar, təcavüz və zorakılıq kimi mövzularda məlumatlılığı artır və xüsusilə qızlar özlərini qorumaq üçün bacarıqlar öyrənir.
Birgə təhsil oğlanların uğurunu artırır
- Qızlarla oxuyanda oğlanların akademik nailiyyətləri xeyli artır.
- Oğlanlar qızlarla oxuyanda daha az aqressiv davranış nümayiş etdirirlər.
- Təl-Əvivdən aparılan bir araşdırma göstərir ki, orta məktəb səviyyəsində qızların daha çox olduğu siniflərdə ümumi akademik nailiyyətlər daha yüksəkdir.
- Qızların çox olduğu siniflərdə müəllimlər daha az yorulur, şagirdlər dərsin gedişindən, tədris prosesindən daha çox razı qalırlar.
- Universitetdə və iş dünyasında oğlan və qızlar bir-biri ilə ünsiyyətdə olmalı, fəaliyyətlərdə iştirak etməli, komanda şəklində işləməlidirlər. Birlikdə oxuduqları zaman psixoloji və sosial cəhətdən daha təchiz olunmuş, universitet və iş həyatına hazırlıqlı başlayırlar. Onlar əks cinslə münasibətlərdə özlərinə daha çox güvənirlər və bu, onların ümumi uğurlarına müsbət təsir göstərir.
- Kanadada aparılan bir araşdırmada “Ətrafımda əks cinsdən olan birisi ilə əhatə olunanda öz fikrimi əminliklə söyləyə bilərəm” deyən uşaqların əksəriyyəti qarışıq məktəblərdəndir.
Gender ayrı-seçkiliyi icmalara zərərdir
1990-cı illərdə aparılan araşdırmalar göstərirdi ki, müştərək təhsil məktəbləri qızlar üçün xüsusilə yaxşı seçim deyil və qızlar oğlanlarla birlikdə təhsil aldıqları zaman faydadan çox zərər görürlər. Araşdırmalara görə, qız məktəblərində oxuyan qızlar riyaziyyat, kimya və fizika fənlərində daha müvəffəqiyyətli olub, daha rəqabətədavamlı olub, təhsillərinə daha çox önəm veriblər və qadın liderlər daha çox olub. Xülasə, ətrafda oğlanlar olmayanda qızlar daha uğurlu olurdu.
Psixoloq hesab edir ki, kişilərin üstünlük təşkil etdiyi cəmiyyətlərdə qadınlar nəinki təhsildə, hətta ailədə, iş dünyasında, siyasətdə, sosial mühitdə aktiv rol oynaya bilmirlər: “Təəssüf ki, mədəni struktur buna imkan vermir. Bu cəmiyyətlərdə qadınlara aid edilən tipik rol daha passivdir və kişidən bir addım geri qalır. Qadın çox işləyir, uğur qazanır, ailə büdcəsinə töhfə verir, amma qayınanası deyir ki, “bu qədər çalışarkən oğluma kifayət qədər vaxt ayıra bilərsənmi?” Qonşular ona “qadınlıqdan çıxıb” deyə xor baxırlar, kişilər isə “bığlı qadın” kimi adlar taxırlar. Kişilərin üstünlük təşkil etdiyi dünyada qadınların zəhməti qəbul edilmir.
Bununla belə, son illərdə aparılan bir çox araşdırma göstərir ki, qadınlar iştirak etdikləri və aktiv olduqları hər sahədə açıq şəkildə müsbət fərq yaradırlar. Bu fərq inkişaf etmiş cəmiyyətlərdə açıq şəkildə müşahidə olunur. Belə olduqda qadınların arxa planda qalması, gender ayrı-seçkiliyinin cəmiyyətlərə zərər vurması həlli vacib bir problem olaraq ortaya çıxır. Bu problem sinif otaqlarında da baş verir. Bunun fərqində olan pedaqoq və psixoloqlar bildirirlər ki, qızların cinsi ayrı-seçkilikdən zərər çəkməsinin qarşısını almağın yolu oğlan və qızları bir-birindən ayırmaq qədər sadə deyil və həyat ayrı yaşanmadığı üçün məktəblərdə ayrı vaxt keçirmək ideal həll yolu deyil.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO