Şəmsi Səmədzadə niyə fenomenə çevirilir? - DETALLAR
Bizi izləyin

Qırmızı.az

Şəmsi Səmədzadə niyə fenomenə çevirilir? - DETALLAR

Son günlər keçmiş ömürlük məhkum, bir müddət öncə ölkə başçısının sərəncamı ilə əfv olunan Şəmsi Səmədzadənin həbsdən azad olunandan sonra verdiyi kiçik müsahibə sosial şəbəkələrdə sözün əsl mənasında gündəmə çevrilib. Əsasən də “Tik-tok” sosial şəbəkəsində onun açıqlamaları daha çox paylaşılır. Baxış sayı rekord həddə çatıb. Keçmiş ömürlük məhkum, iş adamı Şəmsi Səmədzadə faktiki olaraq sosial şəbəkə fenomeninə çevrilib.

Keçmiş ömürlük məhkuma cəmiyyətin hədsiz maraq göstərməsinin səbəbləri nələrdir? İş adamı, 23 il qapalı cəzaçəkmə müəssisəsində olmuş bir şəxsə bu qədər hədsiz maraq haradan qaynaqlanır? Sosial şəbəkə istifadəçiləri 23 il aktiv cəmiyyətdən uzaq düşmüş bir şəxsə niyə bu qədər ilgi göstərir?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Publika.az">Publika.az-a açıqlamasında cəmiyyətin və sosial şəbəkə istifadəçilərinin Şəmsi Səmədzadəyə marağının arxasında onun nahaq yerə həbs olunmasının dayandığını söyləyib:

“Şəmsi Səmədzadə doğrudan da haqsız yerə həbs olunmuşdu. 23 il ərzində bu insan heç nədən həbs yatmışdı. Biz onun işi ilə məşğul olmuşuq, ona görə də çox gözəl bilirik. Özü də gözəl bir biznesmen olub. Hətta Heydər Əliyevin də xoşuna gələn biznesmenlərdən idi Şəmsi. 20 il ərzində haqsız yerə ailəsindən didərgin düşdü. Bu səbəbdən də Şəmsi Səmədzadəyə qarşı haqsızlığı insanlar həmişə diqqətdə saxlamağı özlərinə sanki borc bilirlər. Biz ömürlük məhkumlar üçün nəzərdə tutulmuş həbsxanada biz onunla bir neçə dəfə görüşmüşük. Onun necə qururlu və səbirli bir insan olduğuna şahidlik eləmişik. Cəmiyyətə onun fikirlərinə maraq da məhz buna görədir”.

Digər hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə bildirib ki, ömürlük məhkumluq həyatı yaşamış Şəmsi Səmədzadə əfv edilməmişdən öncə də mətbuat, televiziya vasitəsi ilə cəmiyyətə tanış edilmişdi:

“Xatırlayırsınızsa, “Resonans” verilişində Şəmsi Səmədzadə ilə bağlı olan bir çəkiliş Yutubda paylaşılmışdı. Eyni zamanda, televiziyada da göstərilmişdi. Bundan sonra yüz minlərlə, milyonlarla insan Şəmsi Səmədzadənin səmimi ifadələri, çıxışları, peşmanlığı ilə tanış oldular. Hətta insanlar onun çıxışları ilə bağlı müzakirələr aparırdılar. Bu hadisə 3-4 il bundan əvvəl olmuşdu. Onun həmin verilişdəki çıxışları uzun müddət cəmiyyət tərəfindən müzakirə edilirdi. Şəmsi Səmədzadə cənab prezident tərəfindən əfv edildikdən sonra mətbuat ona yenə də diqqət ayırdı. Ard-arda ondan müsahibələr götürdülər. Elə yolda ikən, cəzaçəkmə müəssisəsinin qarşısında ondan açıqlamalar aldılar. Bu da paylaşıldı. Cəmiyyətin Şəmsi Səmədzadə ilə tanışlığı sosial şəbəkələrdə onun fikirlərinin paylaşılmasını çoxaldır, həm də baxış sayını artırır. Digər tərəfdən, Şəmsi Səmədzadə həbs edilməmişdən öncə ölkəmizdə tanınmış sahibkarlardan biri olub. Hətta ulu öndərimizin dövründə Şəmsi Səmədzadə ümummilli liderimizlə Böyük Britaniyaya səfər edib”.

Psixoloq Fərqanə Mehmanqızı düşünür ki, bir hadisənin, bir insanın təbliğatını aparmaq bu gün çox rahatdır:

“Çünki bu gün sosial şəbəkələr var və hər kəs aktiv sosial şəbəkə iştirakçısıdır. “Tik-tok”da bu aktivlik daha da yüksəkdir. Bir mövzunu “Tik-tok”da paylaşmağı xahiş eləsən, sənə səs verən çox olacaq, paylaşacaqlar. Ona görə belədir ki, kütlə və toplum psixologiyası həmrəyliyə meyillidir. Həmrəylik psixologiyası əslində toplum psixologiyasının bir qoludur. Biri bir şey edəndə o birisi də buna qoşulur. Əgər bir nəfər görürsə ki, üç nəfər nəsə edib, dördüncü, beşinci adam da eynisini edəcək. Bu, dünənə, bu günə aid tendensiya deyil, sırf cəmiyyətə aid psixoloji xüsusiyyətdir. İnsanlar həmin prosesin səbəbini bilmədən “palaza bürünüb, elnən sürünürlər”. Bizim ibtidai icma quruluşundan bu yana həyatda qalma səbəbimiz də instikt, özünü qoruma da elə həmrəylik psixologiyasının özüdür. Ona görə də bu gün həmin keçmiş ömürlük məhkumla bağlı videolar sosial şəbəkələrdə daha çox yayılır. Əslində fərqi yoxdur, keçmiş məhkum olmaya da bilər, bir başqasının fikirləri də həmrəylik psixologiyasının təsiri ilə sosial şəbəkələrdə gündəm ola bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm