Tarix dərsliyi ətrafında DİN QALMAQALI - Müəllif iradlara cavab verdi
Bizi izləyin

Qırmızı.az

Tarix dərsliyi ətrafında DİN QALMAQALI - Müəllif iradlara cavab verdi

Müəllifləri Yaqub Mahmudlu, Hafiz Cabbarov və Leyla Hüseynova olan ümumtəhsil məktəblərinin 5-ci sinfin Tarix dərsliyində ölkəmizdə mövcud olan dinlərlə bağlı mövzu sosial şəbəkədə müzakirələrə səbəb olub. Əsas müzakirə predmeti isə İslamla İslamdan öncəki dinlərin müqayisəsidir. “Azərbaycanda dini inanclar” başlıqlı mövzuda bir neçə hissədə dini ayrıseçkiliyin edildiyi, xalqın və millətimizin formalaşmasında İslamı əsas amil kimi təqdim edib, ondan əvvəl mövcud olan digər dinlərin arxa plana çəkildiyi bildirilir.

Dərsliyin 38-ci səhifəsində İslamdan əvvəl mövcud olan - Atəşpərəstlik, Tanrıçılıq, Xristianlıq və digər dinlər dövlətçiliyin inkişafına əngəl kimi təqdim olunub: “Tanrıçılıq, xristianlıq və digər dinlər xalqımızın yalnız bir hissəsi tərəfindən qəbul edilmişdi. Bu isə xalqımızın birliyinə və mədəniyyətimizin inkişafına mane olurdu”. İslam dinindən bəhs edilən 39-cu səhifədə isə İslam dinini qəbul etdikdən sonra ölkəmizin ərazisində yaşayan çoxsaylı tayfaların bir-birilə qaynayıb qarışdığı, vahid Azərbaycan xalqının yaranması prosesinin sürətləndiyi yazılıb: “Xalqımız İslam dəyərlərini qəbul edib, həyatını bu dəyərlər əsasında qurdu. Milli dəyərlərimiz İslam dəyərləri ilə daha da zənginləşdi. Azərbaycanda İslam dininin təsiri altında yeni mədəniyyət formalaşdı”.

src="/storage/files/upload/0c86c166fecd51a8db48409c39aff34f6da99813.jpeg" style="width: 313px; height: 160.673px;" class="fr-fic fr-dib fr-fil">

Mövzunun sonunda yer alan “Azərbaycanda İslam dininin qəbul edilməsinin nəticələri” başlığı ilə təqdim olunan sxem isə şagirdlərə dinin aşılanması, onun birtərəfli təbliği kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Publika.az-a danışan 5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyinin müəlliflərindən biri - tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova bildirib ki, dərsliklə bağlı yayılan iddialar, tutulan iradlar əsassızdır.

“Azərbaycanda dini inanclar” mövzusunda heç bir din aşağılanmayıb. Tamamilə tarixi konsepsiyalara əsaslanan və məktəblilərin yaş xüsusiyyətinə uyğun mətndir. Bəli, Azərbaycanda qədim dövrdə tanrıçılıq, xristianlıq və digər dinlər xalqımızın yalnız bir hissəsi tərəfindən qəbul edilmişdi. Dini müxtəliflik hər zaman birliyə, mədəniyyətin inkişafına mənfi təsir göstərib. Məhz İslam dini Azərbaycanda yayıldıqdan sonra tayfalar arasında birlik yarandı. Bu dini birlik xalqın formalaşması prosesini sürətləndirdi. Nəticədə Azərbaycanda türk-islam mədəniyyəti formalaşdı, düşmənə qarşı birlik yarandı. Sözügedən mətn illərlə tarixşünaslıqda öz isbatını tapmış konsepsiyaların ümumiləşmiş fikirləri əsasında yazılıb. Heç bir elmi, pedaqoji və dini-ideoloji səhv yoxdur” - Leyla Hüseynova qeyd edib.

Bəs, orta məktəb dərsliklərinə salınan dini mövzularda nələrə diqqət edilməlidir?

src="/storage/files/upload/7cd478cc92ace4084647fe2bff3860eafdb1916f.jpg" style="width: 309px; height: 223.51px;" class="fr-fic fr-dib fr-fil">

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun sözlərinə görə, dinlə bağlı mövzular yazılarkən ilahiyyatçılar, dinşünaslar və din üzrə mütəxəssislər iştirak etməlidirlər.

“Bununla neçə dəfədir ki, qeyri-ilahiyyatçılar dinlə bağlı kitab yazırlar, dindən danışırlar, nəticə etibarilə isə biz belə səhvlərin baş verdiyini görürük ki, bu da yolverilməzdir. Belə məsələlərdə çox həssas və diqqətli olmalıyıq. Bu kimi kitablar, dərsliklər yazılandan sonra bir neçə mərhələdən keçməlidir. Məsələn, Azərbaycan İlahiyyat İnstitutu mövcuddur, orada kifayət qədər peşəkar mütəxəssislər fəaliyyət göstərirlər, dini mövzular dərsliklərə salınarkən orada ekspertizadan keçirilə bilər. Çalışmalıyıq ki, dinlə bağlı məsələlərə yalnız dini biliklərə sahib, obyektiv, dini təəssübkeşlikdən uzaq olan insanlar münasibət bildirsinlər. Bu baxımdan burada səhvin kökündə həm də məsələyə qeyri-professional yanaşma dayanır. Biz bir tərəfdən deyirik ki, ölkəmiz tolerant, multikultural ölkədir, bunu dəfələrlə ölkə prezidenti çıxışlarında qeyd edir, digər tərəfdən isə dərsliklərimizdə bu cür fikirlər yer alır. Bundan çıxış yolu dərsliklər bir neçə istiqamətdə ekspertizadan keçirilməli, onların yazılmasına peşəkar mütəxəssislər cəlb edilməlidir”.

src="/storage/files/upload/1fb3d2040915cfc1032fba0beb6284d89095760c.jpg" style="width: 341px; height: 184.14px;" class="fr-fic fr-dib fr-fil">

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov dinlə bağlı mövzuların yuxarı sinif şagirdlərinə tədris olunmasını məqsədəuyğun hesab edir: “Bu, çox mürəkkəb məsələdir. Bayrağmızın yaşıl rəngi İslamın rəmzidir, biz bu dini qəbul etmişik. Ancaq din məsələlərini aşağı sinif şagirdlərinə tədris etmək doğru deyil, çünki neçə min illər əvvəl mövcud olan bir şeyi qavramaq onlar üçün çətindir”.

Professor təklif edir ki, tarix dərsliyi sadədən mürəkkəbə - müasir dövrdən qədim dövrə doğru yazılmalıdır: “Böyük insanlar belə İslamdan əvvəl hansı dinlərin olduğunu düzgün dərk etməyib, 5-ci sinif şagirdi bunu necə qavraya bilər? Din mövzusu əgər tarix kitabına salınmalıdırsa, bu, 11-ci sinfin dərsliyində ola bilər. Qoy, o yaşda olan şagirdin özü dinlə bağlı düşüncəsini formalaşdırsın. Yuxarı siniflər onsuz da müasir dövrdən məlumatlıdır, ancaq aşağı siniflərin qədim tarixi mənimsəmə bacarığı çox aşağıdır”.

Ş.Əsgərov dini mövzuların dərsliklərə salınmasını mənfi hal hesab etmir, ancaq bunun üçün ayrıca fənnin tərəfdarı olduğunu bildirir: “Əslində, dini mövzuların dərsliklərə salınması mənfi hal deyil. Nəzərə alsaq ki, bu gün əksər insanlar dini mərasimlərdə iştirak edirlər, ancaq onların böyük qismi dini ayinlərin icrasını yerinə yetirə bilmir. Orta məktəblərdə dini mədəniyyətlə bağlı ayrıca fənn tədris olunmalıdır. Məsələn, İslam mədəniyyəti adlı fənn ola bilər və bu, yuxarı sinif şagirdlərinə keçilməlidir. eyni zamanda dərslikdə İslamla yanaşı, digər dinlərin də yer alması vacibdir və bu, şagirdlərin dünyagörüşünü artırar”.

Bəs, hazırda ayrıca din fənninin tədris olunmasına ehtiyac varmı?

src="/storage/files/upload/2d4a692a386f213f02a8986f94eb979228e409d9.jpg" style="width: 346px; height: 217.062px;" class="fr-fic fr-dib fr-fil">

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması, dindarlar ordusu yetişdirmək demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə, cəmiyyətin qütbləşməsinin qarşısını almaq deməkdir:

“Bu, həm də bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir. Bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində “Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur. Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, həm şagirdlərin dini cəhətdən savadlanması sağlam əsaslar üzrə baş versin, həm də onlar tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənsinlər. Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu, zəruri edir ki, orta məktəblərin aşağı siniflərindən başlayaraq dini biliklər tədris olunsun. Dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil almağı fərq etmir. Əsas budur ki, müəllim islam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi “xəritə”sinə bələd olsun. Xaricdə oxuyan əksər dindarların, bəlkə də ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmamaları, təhsil aldıqları ölkələrin dini mühitini ölkəmizdə kortəbii şəkildə kopyalamaq cəhdləridir” - K.Əsədov vurğulayıb.

Ekspert bildirib ki, yerli məzunların əksəriyyəti sağlam dini tədris aparacaq səviyyədə deyil: “Din fəninin şagirdlər tərəfindən yaxşı mənimsənilməsini təmin edən əsas amillərdən biri budur ki, müəllimin özü dinin əmr və qadağalarına riayət etsin, əxlaq və davranışı, həyat tərzi ilə onlara nümunə olsun. Bununla yanaşı, din fənninin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalı, tədris zamanı yekcins çatdırma və öyrətmədən uzaq olmalıdır. İslama dar baxış, dünyagörüşünün məhdudluğu da din fəninin tədrisi ilə məşğul olacaq müəllimlər üçün yolverilməzdir. Əxlaqlı, mənəviyyatlı, milli-mənəvi dəyərlərə malik və vətənə sevgisi olan insan uşaq ikən formalaşdırılmalıdır. Bunun üçün din dərsinin tədrisi ən münasib üsullardandır. İslamın gözəlliklərindən, Məhəmməd peyğəmbərin yüksək əxlaqından məlumatlı olan hər bir şagird bundan özünə ibrət götürəcək. Habelə din dərsi insanlarda mənəvi və dini boşluğun doldurulmasına da böyük töhfə verəcək. Adətən gənclər islamı düzgün dərk etmədikdə yanlış yollara meyl edir. Doğru və dolğun dini təhsil bu problemin də aradan qaldırılmasına imkan verəcək. Azərbaycan Respublikası Konstitusiyasının və Təhsil haqqında Qanunun tələblərinə görə, din dövlətdən ayrıdır. Qanunvericilik aktlarına görə, orta məktəblərdə hansısa dini mərasimlərin keçirilməsi, onun təbliğ edilməsi yolverilməzdir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, “Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”. Həmçinin Azərbaycan Respublikasının Təhsil Qanununda dövlət təhsil sisteminin məzmununun dünyəvi olduğu göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm