SOS: Təhlükəli yağlar ölkəni bürüyüb - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

SOS: Təhlükəli yağlar ölkəni bürüyüb - ARAŞDIRMA

Bir neçə gün əvvəl əməkdaşlarımızdan biri mağazadan kilosu 3 manat 20 qəpiyə aldığı "kərə" yağını tavada əritmək istəyərkən, dəhşətli bir vəziyyət yaranıb - tavadakı yağın çoxu əriyərək yoxa çıxıb, yerində isə bir neçə xörək qaşığı qədər tünd maye və evdən bir gün ərzində çəkilməyən dəhşətli qoxu qalıb. Bu kimi halların çox olduğunu və əhalini narahat etdiyini nəzərə alıb yeyinti yağları sektorundakı vəziyyətə aydınlıq gətirməyə çalışdıq.

Yağın insan orqanizmi üçün nə əhəmiyyəti var?

Son vaxtlar ərzaq məhsullarının keyfiyyəti əhalini daha çox narahat etməkdədir. Ölkənin ticarət mərkəzlərində satılan ərzaqların çoxunun mənşəyi, tərkibi, istifadə müddəti haqda sənədləri yoxdur. Qidadan zəhərlənmə və xəstəliyə yoluxma haları artır. Belə məhsullardan biri də əksər yeməklərin hazırlanmasında və insan orqanizmində əvəzedilməz nemət olan yağdır.

Qidalanma üzrə mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində ən azı 100 qram yağ qəbul etməlidir. Bu şərtlə ki, həmin yağ keyfiyyətli olsun. Məlumdur ki, orqanizmin tələb etdiyi vitamin və mineralların bir qismi məhz yağdan alınmalıdır. Amma məlum deyil ki, biz orqanizmimizə lazım olan təbii yağı qəbul edə bilirikmi...

Standartlara görə, kərə yağı 3 dərəcədən aşağı tempraturda maksimum 1 ay saxlana bilər. Amma mağazalarda aylarla satışda olan açıq kərə yağları var. Qutu yağların üzərində isə bir neçə ay saxlanma müddəti göstərilir. Tərkib və keyfiyyət barədə isə danışmağa belə dəyməz. Amma biz məhz bu barədə danışacağıq...

Yağ bazarında işlər yağ kimi gedir, yoxsa...?

Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı 33 min tondur. Bunun 21 min tonu ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Ölkəyə əsasən, Rusiya, Ukrayna, Belarusiya, Almaniya, Avstraliya və Yeni Zellandiyadan yeyinti yağı idxal olunur.

1988-ci ilin rəsmi statistikasına görə, respublikada 40 min ton təbii kərə yağı istehsal edilirdisə, 2011-ci ilin rəsmi statistikasına görə ölkədə 25 il əvvəlki dövrlə müqayisədə 2 dəfə az, cəmi 21 min ton kərə yağı istehsal olunub.

Əgər nəzərə alsaq ki, Sovet dövründə əhalinin sayı 7 milyon nəfər olduğu halda, hazırda ölkə əhalisinin sayı 9 milyon nəfəri ötüb, amma kərə yağı istehsalı 2 dəfə azalıb, onda əminliklə demək olar ki, adambaşına düşən kərə yağı istehsalı və istehlakı Sovet dövrü ilə müqaisədə 3 dəfədən cox azalıb.

Halbuki, iribuynuzlu heyvanların sayı artıb. Hazırda, ölkədə 1,2 milyon baş qaramal var. Bu həcmdə iribuynuzlu və sayı 8 milyondan artıq olan xirdabuynuzlu heyvanlar ölkənin keyfiyyətli kərə yağına olan tələbatını ödəyə bilər. Amma ticarət sektorunda xarici və yerli istehsal olan saxta yağlar meydan sulayır.

Mağazalarda hər hansı açıq şəkildə satılan yağın istifadə müddətini və keyfiyyət sertifikatını soruşsanız sizə üzərində göstərilən istifadə müddəti bitməmiş bir yağ qutusu göstərəcəklər ki, bax vitrindəki açıq yağı bu qutudan çıxarmışıq, sənədlər isə müdriyyətdə olur, müdriyyət isə burda yoxdur.

Maya dəyərindən ucuz "kərə yağı"

Məlumdur ki, 1 kq kərə yağının istehsalı üçün azı 20-22 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 40-50 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri üzərinə istehsal, daşınma və satış xərcləri, vergilər, müəssisənin qazancını da əlavə etsək, 15 manatdan az ola bilməz. Təkcə bu təkzibedilməz fakt Azərbaycanda satışda olan istisnasız olaraq, bütün kərə yağlarının saxta və keyfiyyətsiz olduğunu söyləməyə imkan verir.

Yeni Zellandiya yağı adı altında satılan tünd sarı rəngli yağın keyfiyyətsiz və şübhəli tərkibə malik olmasını sübut etməyə ehtiyac belə yoxdur. Çünki nə heyvani yağlar, nə də bitki yağları heç vaxt tünd sarı rəngdə olmur.

İş o yerə gəlib çatıb ki, bəzi mağazalarda qiyməti 2 manat göstərilən "kərə" yağları satılır və bu yağın üzərinə "Moskva" və ya "Rusiya" yazılıb. Ən adi məntiqə əsaslansaq məlum olar ki, həmin qiymət bu məhsulun Rusiyadan idxalına çəkilən rəsmi və qeyri-rəsmi xərci güclə ödəyər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SPMDK) bildirir ki, ucuz qiymətə (kq-ı 2-3 manata) satılan yağlar kombinə edilmiş yağlardır:

"Bitki tərkibli qarışıq yağlar satışda az deyil. İstehlak bazarında bu cür yağlar çoxdur. Üzərində təmiz kərə yağı yazılmasına baxmayaraq, araşdırmamız nəticəsində müəyyən olunub ki, bu məlumatlar alıcını aldatmaq məqsədilə yazılıb. Həqiqətdə isə vəziyyət başqadır".

Komitə yanında fəaliyyət göstərən Təcrübə-Sınaq Mərkəzində kərə yağlarının təhlükəsizlik parametrləri yoxlanılır, mikrobiologiyası, fiziki-kimyəvi göstəriciləri laboratoriyada analizlər nəticəsində müəyyən olunur. Ticarət şəbəkələrində tərəfimizdən verilmiş uyğunluq sertifikatı olmayan yağlar şübhəlidir, mənşəyi məlum deyil. Alıcılar da sertifikatsız yağları almaqdan çəkinməlidir".

"Azərbaycanda gizli sexlər var..."

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkənin əmtəə bazarının yağ seqmentində ciddi problemlər var və kərə yağı adı ilə əhaliyə satılan yağların əksər hissəsinin tərkibi orqanizm üçün zərərlidir:

"Satışda "kərə yağı" adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materallardan hazırlanır. Bunların tərkibinə isə əhalini aldatmaq üçün kərə yağının dadını və qoxusunu verən xüsusi maddələr qatılır. Belə yağların istehsalında quru süddən də geniş istifadə olunur ki, bu da sağlamlıq üçün təhlükə yaradır".

Saxta və təhlükəli yağlar təkcə xaricdən idxal olunmur, həm də ölkədə istehsal olunur. Azərbaycanda kərə yağı istehsalı ilə 4 şirkət məşğuldur, "Atena", "Milpro", "Nurgün" və "Palsüd". Bu şirkətlərin məhsullarının keyfiyyəti ilə bağlı da ciddi şübhələr var.

Lakin, ölkədə gizli fəaliyyət göstərən sexlər də az deyil. Bunu SMPDK sədri Ramiz Həsənov da təsdiq edir:

"Azərbaycanda gizli sexlər var. Ölkədə çox az miqdarda kərə yağları istehsal olunur. Kərə yağları əsasən, Azərbaycana idxal edilir. Gömrükdən idxal olunan kərə yağları keyfiyyətlidir.

Amma sonra həmin kərə yağlarını aparıb gizli sexlərdə bitki yağları ilə qarışdırır, əsasən kiçik, 250 qramlıq qutularda qablaşdıraraq satırlar. Üzərinə də yazırlar ki, bu, 82 faiz kərə yağlarıdır. Ticarət şəbəkəsindən alırsan, baxırsan ki, yağlılıq yazıldığı kimi 82 faiz deyil. Belə qutularda yağ satışı aşkarlananda biz onları cəzalandırırıq".

Litri 2-3 manata bitki yağı əmələ gəlmir!

Azərbaycana ən çox marqarin Türkiyədən idxal olunur. Satışda olan marqarin yağlarının qiyməti təbii məhsulun maya dəyərinə adekvat deyil. Yəni, mütəsəxxislərin fikrincə, 2-3 manata 1 litr bitki yağı almaq mümkün deyil. Bu, konkret olaraq hansısa şübhəli materialdan hazırlanan məhsuldur.

"Təməl" Hüquq Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Abbasov deyir ki, bu gün marqarin firmalarından pula almış bəzi həkimlər insanlara təlqin edirlər ki, guya bitki yağı daha xeyirlidir:

"Bu təbliğatı aparanlardan bir neçəsini tanıyıram, özləri xaricdən gətirilən bahalı təbii kərə yağlarının daimi müştəriləridirlər. Onda haqlı sual yaranır, əgər kərə yağı ziyandırsa siz nə ücün yeyirsiniz, yox xeyirlidirsə, onda nə ücün əhaliyə məsləhət deyil?

Bitki yağının olmadığı min illər boyu insanlar təbii kərə yağı yeyiblər və bizim də orqanizmimiz bu qidaya uyğunlaşıb, bitki yağı isə qida rasionumuza təzəlikcə daxil olub. Marqarinə adət etməmiş orqanizmə böyük həcmdə marqarin dağıdıcı təsir göstərir".

Rəsmi statistikaya görə, Sovet dövründə il ərzində 1 vətəndaş orta hesabla cəmi 200 qram bitki yağı istifadə edirdisə, bu gün bu göstərici illik adambaşına 8 kq təşkil edir. Marqarin istifadəsi düz 40 dəfə artıb! Hələ bu rəsmi rəqəmdir, reallıqda daha çox olduğu güman edilir. Üstəlik, bu bitki yağlarının keyfiyyəti o vaxtkından xeyli aşağıdır.

Saxta yağlar hansı xəstəliklər törədə bilər?

Keyfiyyətsiz və tərkibi zərərli maddələrlə zəngin yağlar orqanizmdə bir sıra problemlərin yaranmasına səbəb olur. Mədə-bağırsaq həkimi Eldar Sultanovun dediyinə görə, keyfiyyətsiz yağdan istifadə həzm və mədə-bağırsaq sisteminin pozulmasına, ishalın və digər təhlükəli xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Həkimin sözlərinə görə, bu cür yağdan istifadə edəndə orqanizmdə olan xolesterinin və ağır kimyəvi maddələrin miqdarı artmağa başlayır ki, bu da bir sıra xəstəliklərin yaranmasına şərait yaradır.

Həkim həmçinin bildirir ki, yağ alan zaman diqqətli olmaq lazımdır. Çünki istehlak bazarında satılan yağların əksəriyyəti keyfiyyətsizdir və olanların tərkibində insan sağlamlığı üçün zərərli olan çoxsaylı maddələr var. Bu yağlardan istifadə zamanı isə onlar orqanizmə daxil olaraq zəhərlənmənin baş verməsinə səbəb olur.

Ərzaq təhlükəsizliyinin nə qədər əhəmiyyətli olduğunu burada təkrar etməyə ehtiyac yoxdur. Düşünürük ki, milli genefondun məhv edilməsinə şərait yaradan belə halarla bağlı ciddi ölçü götürüləcək.

Elçin Bayramlı

P.S. Mövzunu aidiyyatı qurumlar ciddi tədbir görməyə başlayanadək davam etdirəcəyik. Yəqin ki, yuxarıda adlarını çəkdiyimiz qurumlar suallarımıza cavab verəcəklər. Məsələn necə olur ki, maya dəyəri 10 manatdan ucuz olmayan kərə yağı və marqarin yağı adı ilə istehlakçılara 2-3 manata naməlum kimyəvi məhlul rahatca sırınır, insanları zəhərləyirlər, aidiyyatı qurumlar da seyr edir?

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm