Ukrayna cəbhədə üstünlük əldə edir - Rusiyanın son çarəsi nüvə silahı olacaq?
Bizi izləyin

Nida Təhlil

Ukrayna cəbhədə üstünlük əldə edir - Rusiyanın son çarəsi nüvə silahı olacaq?

Ukrayna cəbhədə üstünlük əldə edir - Rusiyanın son çarəsi nüvə silahı olacaq?

Rusiya-Ukrayna müharibəsində son dövrlər baş verən hadisələr fonunda cəbhədə qüvvələr balansının dəyişməsi, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələri və Krım istiqamətində aktivliyi yenidən müzakirə mövzusuna çevrilib. Eyni zamanda, Rusiyanın mümkün addımları, o cümlədən nüvə silahından istifadə ehtimalı ilə bağlı suallar da gündəmdədir.

Publika.az mövzu ilə bağlı politoloq Oqtay Qasımovun fikirlərini öyrənib.

Politoloq bildirdi ki, 2026-cı ilin əvvəlindən etibarən Ukrayna sistemli şəkildə Rusiya ərazisində əməliyyatlar həyata keçirir və əsas məqsəd strateji obyektləri hədəfə almaqla Rusiyanın imkanlarını zəiflətməkdir.

Onun sözlərinə görə, Ukrayna xüsusilə logistika istiqamətində nəticə əldə etməyə çalışır:

“Ukrayna tərəfi Rusiyanın neft emalı zavodlarını, enerji sektorunu, logistik mərkəzləri, anbarları və hərbi təyinatlı obyektləri hədəfə almaqla həm Rusiyanın mövqelərini, həm də ordunun təchizat imkanlarını zəiflətməyə çalışır və buna müəyyən qədər nail olub. Son dövrlərdə cəbhədə baş verənlər də bunu göstərir”.

Politoloq qeyd etdi ki, Moskva və ətraf ərazilərin hədəfə alınması Rusiya üçün gözlənilməz olub:

“Rusiya tərəfi buna hazır deyildi. Bununla yanaşı, Ukrayna Moskva və Sankt-Peterburqla paralel olaraq Qara dəniz və Baltik dənizi istiqamətində də strateji hədəfləri vurur, kölgə donanmasını və tankerləri hədəf alır, limanlar və neft terminallarına zərbələr endirir”.

Oqtay Qasımov vurğuladı ki, Krım istiqamətindəki proseslər xüsusi diqqət çəkir:

“Ukrayna həyata keçirdiyi əməliyyatlarla Rostovdan Krıma gedən quru marşrutunu böyük ölçüdə məhdudlaşdırmağa nail olub. Daşınmalar azalıb, Kerç boğazı isə təhdid altındadır. Cankoy və Armyansk istiqamətində vacib keçidlərin hədəf seçilməsi Krımın faktiki izolyasiyasına hesablanmış addımlardır”.

Onun sözlərinə görə, bu proses davam edərsə, bölgədə vəziyyət daha da mürəkkəbləşə bilər:

“Kerç boğazındakı Krım körpüsü, eyni zamanda Cankoy və Armyansk istiqamətində keçidlərin fəaliyyətinə təsir göstəriləcəyi halda, bu, Krımda gərginliyi artıracaq. Onsuz da bölgədə vəziyyət gərgindir. Kütləvi tədbirlərlə bağlı məhdudiyyətlər, turizm obyektlərinin bağlanması, enerji və yanacaq təminatı ilə bağlı problemlər müşahidə olunur”.

Politoloq hesab edir ki, bütün bunlar Rusiya üçün arzuolunmaz vəziyyət yaratsa da, cəbhədə dəyişiklik bir anda baş verməyəcək:

“Tədricən təşəbbüsün Ukraynanın tərəfinə keçdiyini və Rusiyanın dərinliklərinin hədəfə alınması ilə Moskvanın daha həssas duruma düşdüyünü görürük. Bu vəziyyət həm Ukraynaya dəstəyin artmasına, həm də Rusiyanın danışıqlar masasına gəlməsinə təsir göstərə bilər”.

Ekspert əlavə etdi ki, Kreml hələlik mövqeyini dəyişmiş görünmür:

“Rusiya rəhbərliyi hələ də öz ambisiyalarından geri çəkilmir. Vladimir Putin Avropanı təhdid edir, Ukraynanın Rusiyaya endirdiyi zərbələri Avropa İttifaqı və NATO ilə əlaqələndirməyə çalışır. Onun son açıqlamaları da göstərir ki, Moskva işğalçılıq siyasətindən geri çəkilməyib”.

Nüvə silahından istifadə ehtimalına toxunan Oqtay Qasımov bunun aşağı ehtimallı ssenari olduğunu bildirdi:

“Bu ehtimal az olsa da, tam istisna edilə bilməz. Rusiyanın bütün imkanları tükənərsə və çıxılmaz vəziyyət yaranarsa, belə avantüraya əl ata bilər. Amma bu halda söhbət daha çox taktiki nüvə silahından gedə bilər və məqsəd Avropanı çəkindirmək olar”.

Politoloq sonda əlavə etdi ki, Rusiyanın əsas tərəfdaşlarından biri olan Çinin də belə ssenaridə maraqlı olmadığı nəzərə alınmalıdır:

“Bu səbəbdən nüvə silahının tətbiqi asan görünmür. Amma Vladimir Putinin proqnozlaşdırılması çətin olan siyasətçi olduğunu nəzərə alsaq, ehtimal aşağı olsa da, bu variantı tam kənara qoymaq olmaz”.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm