Toy yasa döndü: qaçırılan qızın əmisini öldürdülər
Bizi izləyin

Qırmızı.az

Toy yasa döndü: qaçırılan qızın əmisini öldürdülər

Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Turqut Bəkirli qardaşının qaçırdığı qızın əmisi Elnur Həziyevi öldürüb. Hadisə 2013-cü il dekabrın 30-da, saat 21.00-da baş verib.

Publika.az xəbər verir ki, Turqut Bəkirlinin qardaşı Zakir qonşuluqda yaşayan, dayısı Hüseyn Abdullayevin evində, onun himayəsində yaşayan 1996-cı il təvəllüdlü Xalidə Həziyeva ilə evlənmək qərarına gəlib.

Hadisədən bir neçə saat əvvəl Zakir Xalidəni qarşılıqlı razılıq əsasında qaçırıb. Xalidənin qohumları, o cümlədən Yevlax rayonunun Hacımahmudlu kəndində yaşayan əmisi Elnur Həziyev qızı geri qaytarması tələbi ilə Turqutun yaşadığı evə gəlib.

Həmin vaxt aralarında yaranan mübahisə zamanı tərəflər bir-birlərinin ünvanına təhqiredici ifadələr işlədiblər. Bu zaman Turqut əmini öldürmək qərarına gəlib. O, Elnur Həziyevi doğma anasının gözü qarşısında vuraraq xüsusi amansızlıqla qətlə yetirib.

“Bizi hədələyib getdilər”

Publika.az xəbər verir ki, Turqut Bəkirli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elxan Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Turtut Bəkirli elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, dekabrın 30-da, saat 20.00-da valideynləri ilə birlikdə evlərində olduğu vaxt qonşuluqda dayısının himayəsində yaşayan Xalidə Həziyevanın xalaları Göyçək, Ziyafət, dayıları Hüseyn və Niyaməddin, həmçinin babası Əvəz onların həyətinə gəlib: “Onlar qardaşım Zakirin Xalidəni qaçırdığını söylədilər. Atam hadisədən xəbərsiz olduğunu bildirdi. Lakin onlar evə hücum edərək, qızın yerini deməyimizi tələb etdilər. Bu zaman Niyaməddinin atasının sifətindən yumruqla bir dəfə vurdum. Lakin o, mənə cavab vermədi. Bundan sonra Niyaməddingil bizi hədələyərək getdilər”.

“Anamın saçlarından tutub, onu Xalidənin əvəzinə aparacaqlarını söylədilər”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün saat təxminən 21.00 radələrində Göyçək, Ziyafət, Hüseyn, Niyaməddin, həmçinin əvvəllər görmədiyi Elnur onların həyətinə gəliblər: “Göyçək, Ziyafət, Niyaməddin evə daxil olaraq, atamı, məni və anamı vurmağa başladılar. Onlar atamla məni döyəndən sonra anam Solmazın saçlarından tutub, sürüdülər və Xalidənin əvəzinə onu aparacaqlarını söylədilər. Həmin vaxt atam onlara mane olmaq istədi. Elnur şüşəbəndə gələrək atamın üzündən yumruqla vurdu, atam yerə yıxıldı. Evə daxil olan şəxslərin çox olduğunu, onlara fiziki cəhətdən gücüm çatmadığını görəndə o biri otaqdan bıçaq götürüb, geri qayıtdım. Elnura evdən getməsini söylədim. Lakin Elnur söyüş söyərək üstümə gəldi. Özümü və ailəmi müdafiə etmək üçün bir dəfə Elnurun sinə nahiyəsindən bıçaqla vurdum. Zərbənin təsirindən Elnur yerə yıxıldı. Bundan sonra Göyçək, Ziyafət, Niyaməddin, Hüseyn ona tərəf getdilər. Onlar Elnuru evdən götürərək getdilər. Təxminən 15 dəqiqə sonra polis əməkdaşları gəldilər. Elnuru bıçaqla vurduğumu deyərək, polislərlə birlikdə Yevlax Rayon Polis şöbəsinə getdim. Hadisə zamanı Elnurun anası və atası orada olmayıb”.

“Qardaşımın həyatını xilas etmək mümkün olmadı”

Zərərçəkmiş şəxsin hüquqi varisi Elbrus Həziyev bildirib ki, mərhum Elnur onun qardaşıdır: “Qızım Xalidə uşaqlıqdan Yevlax rayonunun Qoyunbinəsi kəndində, atam Əvəzin evində yaşayıb. Xalidə ali məktəbə hazırlaşmaq üçün müəllim yanına gedib. Arvadım Zinyət və azyaşlı oğlu ilə birlikdə Yevlax rayonu Tütün zavodunun yardımçı təsərrüfatının fermasında yaşamışıq. Dekabrın 30-da, saat 20-radələrində qaynım Niyaməddin arvadıma zəng edərək Xalidənin qaçırıldığını bildirdi. Mən də qardaşım Elnura zəng edərək qızım Xalidənin qaçırıldığını dedim, ona anamı da götürərək Qoyunbinəsi kəndinə getməsini söylədim. Bundan sonra bibim oğlu İlhama zəng edərək kəndə gəlməsini və bizi Qoyunbinəsi kəndinə aparmasını xahiş etdim. İlham da mənim xahişim ilə bizə gəldi. Zinyət ilə birlikdə İlhamın maşınına oturub, Qoyunbinəsi kəndinə yola düşdük. Bir qədər getdikdən sonra hərbi hissənin yaxınlığına çatanda qaynım Niyaməddin zəng edərək xəstəxanaya gəlməyimi, qardaşım Elnurun bıçaqlandığını söylədi. Birbaşa Yevlax şəhər mərkəzi xəstəxanasına getdik. Lakin qardaşımın həyatını xilas etmək mümkün olmadı”.

Təqsirləndirilən şəxsin atası Şahin Bəkirli ifadəsində bildirib ki, oğlu Zakir üçün dəfələrlə Xalidəyə elçi düşüblər. Onun sözlərinə görə, hər dəfə də rədd cavabı alıblar. O qeyd edib ki, dekabrın 30-da məlum qətl baş verən vaxt oğlunun Xalidəni qaçırdığını bilib.

Cinayət işi üzrə ən maraqlı məqam ondan ibarətdir ki, cinayətin baş verməsinə səbəbkar olan Zakir və Xalidənin ifadəsi alınmayıb. Sevgililərin ifadəsi nə istintaq sənədlərində, nə də məhkəmə sənədlərində yer alıb. Bu cinayət hadisəsini törədən Turqut Bəkirli 14 il müddətinə azadlıqdan məhrum edilib. Zakirin qaçırdığı qız isə ailəsi tərəfindən geri qaytarılıb. Həmin gündən bu iki ailə arasında düşmənçilik yaranıb.

Yaxın vaxtlarda sevdiyi qızı evlənmək məqsədilə qaçırdığı üçün adam oğurluğunda ittiham olunan Zakir isə mühakimə olunacaq. Zakir və Xalidənin arasında olan sevgi dramı da elə həmin cinayət işində geniş yer alacaq.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm