Professordan CİDDİ ÇAĞIRIŞ - Bu, ümumi prosesə ziyan vurmaq və karantin qaydalarını kobud şəkildə pozmaq deməkdir
Bizi izləyin

Sağlamlıq

Professordan CİDDİ ÇAĞIRIŞ - Bu, ümumi prosesə ziyan vurmaq və karantin qaydalarını kobud şəkildə pozmaq deməkdir

“COVID-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaradır”.

Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla dünən Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya barədə danışarkən deyib. O bildirib ki, pandemiyanın davam etdiyi bir vaxtda vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayılma sürətini daha da artıracaq:

“Karantin ayın 20-də bitəcək. Karantin müddəti başa çatdıqdan sonra insanlar bu cür davranacaqlarsa, həyata keçirilən tədbirlər öz effektivliyini itirəcək. Əlbəttə ki, xalqımızın vətənpərvərlik çağırışlarını başa düşürəm, lakin dünənki aksiyada insanların heç bir qaydalara əməl etməməsi məni çox təəssüfləndirdi. Vətənpərvərlik hisslərinin fonunda yürüşə çıxmaq qürurvericidir, digər tərəfdən unutmamalıyıq ki, karantin qaydalarının pozulması yoluxmanın artmasına səbəb olur. Bu cür yoluxma artdıqca itkilərimiz də çox ola bilər. Odur ki, diqqətli olmaq lazımdır.

Karantin tədbirləri yumşaldıqdan sonra insanlar daha da ehtiyatlı davranmalıdır. Çünki proses alovlanmaqda davam edir, pandemiyanın acı nəticələri bitməyib.

Etiraz bildirmək vacibdir, bu, Qarabağ uğrunda gedən proseslərə diqqətdir. Amma kütləvi hal alması, Milli Məclisə daxil olaraq müxtəlif təxribatların həyata keçirilməsi yolverilməzdir. Bu, bir tərəfdən milli birliyi gözdən salmaq, digər tərəfdən ümumi prosesə ziyan vurmaq və karantin qaydalarını kobud şəkildə pozmaq deməkdir. İnsanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı, həmin yerlərdə hərbçilər və zabitlərlə sıx təmasları Ordu üçün də ciddi təhlükə yaradır. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm