Dietoloqdan SOS: Səhərlər acqarına limonlu su içmək görün nələrə səbəb olur? - VİDEO
Bizi izləyin

Sağlamlıq

Dietoloqdan SOS: Səhərlər acqarına limonlu su içmək görün nələrə səbəb olur? - VİDEO

Video əlavə olunub.

xxx

Məşhur dietoloq Yeşim Özcan pəhrizdə yol verilən əsas səhvləri açıqlayıb.

Publika.az xəbər verir ki, türkiyəli mütəxəssis “Xüsusilə səhərlər limonlu və sirkəli su içmək yağları yandırmır və arıqlamağa təsir etmir” deyərək əhəmiyyətli xəbərdarlıq və təkliflərlə çıxış edib.

Dietoloqun sözlərinə görə, pəhriz hər insan üçün fərqli şəkildə tərtib olunmalıdır. Çünki yaş, cinsiyyət və metabolizmanın sürəti hər kəsdə fərqlidir:

“Pəhrizdə ən önəmli detal onun həyat tərzinizlə uzlaşmasıdır. Əgər pəhrizdən sonra yenidən əvvəlki qidalanma vərdişlərinizə dönsəniz, sürətlə kökəlməyə başlayacaqsınız. Pəhriz zamanı özünüzü ac saxlamayın. Bəli, ac qaldığınız zaman çəkiniz sürətlə azala bilər. Lakin bu yolla arıqlamaq sağlam deyil və real itirilmiş çəki hesab olunmur. Bu yolla bədənin ilk növbədə su ehtiyatı azalır, əzələlər kiçilir, amma yağların yandırılması baş vermir. Ac qaldığınız zaman metabolizmanın sürəti də aşağı düşür və zamanla bədən buna reaksiya verməyə başlayır. Halsızlıq, baş ağrısı, əsəbilik, təzyiq, qəbizlik, dəri quruması kimi problemlərə rast gəlinir. Odur ki, qısa müddətdə arıqlamağa kömək edən dərmanlardan uzaq durun. Balanslı qidalanmanı öyrənərək sağlam şəkildə arıqlayın. Ac qalmadan sevdiyiniz hər şeyi ölçülü yeyərək arıqlayın.

Çəkinizi stabil saxlamağa kömək edən ən vacib nüans qəlyanaltıdır. 3 əsas yeməyə 1 qəlyanaltı daxil etməklə qanda şəkər səviyyəsini tarazlıqda saxlaya bilərsiniz. Sadəcə səhər və axşam qidalanmaq səhv qidalanma tərzidir. Bu qidalanma metabolizmanın sürətini aşağı saldığından arıqlamaq da çətinləşir.

Günə səhər yeməyi ilə başlayaraq əvvəlcə metabolizmanı oyandırın. Sürətli metabolizma üçün günün ən önəmli olan səhər yeməyini qaçırmayın. Səhər yeməyi gün ərzində qanda şəkər səviyyəsini balansda saxlamağa və ani aclığın qarşısını almağa kömək edəcək”.

Dietoloq limonlu və sirkəli su ilə bağlı vacib açıqlamalar verib:

“Səhərlər acqarına limonlu və ya sirkəli su içmək yağları yandırmaz. Əksinə, qastrit və mədə xorası kimi probleminiz varsa, daha da pisləşə bilər. Limon suyu yalnız həzmə kömək edir. Əlbəttə ki, bağırsaqları təmizləyir. Yuxudan duran kimi ilk növbədə su içmək tövsiyə olunur. Əgər mədə probleminiz yoxdursa, limon əlavə edə bilərsiniz, ancaq arıqlamaq üçün bu, kifayət deyil”.

Y.Özcan bildirib ki, pəhriz müddətində karbohidratlardan tamamilə uzaqlaşmaq doğru deyil:

“Əgər porsiyaları düzgün təyin etsəniz, çörək arıqlamağa yardım edə bilər. Sadəcə hansı çörəkdən və nə qədər yediyinizə diqqət etməlisiniz. Tam taxıl məhsullarından hazırlanan çörəklərə üstünlük verin. Sadəcə arıqlamaq istəyənlər deyil, ümumiyyətlə sağlam qidalanmaq istəyən hər kəs ağ çörəyi buğda, çovdar və ya yulaf çörəyi ilə əvəz etməlidir. Çünki bu çörəklər tərkibindəki lif sayəsində toxluq hissi verir və qanda şəkərin səviyyəsini balansda saxlayır. Bundan başqa çörək sinir sistemini qoruyan B vitamini ilə zəngindir”.

Meyvələrin faydasından söz açan ekspert onların tərkibindəki fruktozaya diqqət çəkib:

“Meyvə vitamin, mineral və lif baxımdan zəngin olsa da, tərkibində fruktoza olduğunu unutmamalıyıq. Meyvələri istədiyiniz qədər yeməli deyilsiniz. Əgər porsiyalara diqqət etməsəniz, şəkər miqdarı artır ki, bu da qarın və bel ətrafı ilə birlikdə qaraciyər yağlanmasına səbəb olur. Odur ki, gündə 3-4 porsiyadan artıq meyvə yeməyin”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm