Myasnikovdan XƏBƏRDARLIQ: Oktyabr-noyabr aylarında...
Bizi izləyin

Sağlamlıq

Myasnikovdan XƏBƏRDARLIQ: Oktyabr-noyabr aylarında...

Məşhur rus həkim, televiziya aparıcısı Aleksandr Myasnikov kütləvi immunitetin yaranması üçün hər kəsin vaksin vurdurmalı olduğunu deyib.

Publika.az xəbər verir ki, “kp.ru”ya müsahibə verən həkim vaksinasiyanın hər il aparılacağı barədə proqnozlar verib.

- Ümumdünya Səhiyyə Təşkilatının və bir çox xarici tibb dərnəyinin vaksin olunan xəstələrə 6 aydan sonra yenidən peyvənd vurdurmağı tövsiyə etdiyini bilirik. Ancaq 1 ildən sonra yenidən peyvənd olunmaq barədə rəsmi tövsiyə yoxdur. Siz nə düşünürsünüz?

- Problem ondadır ki, hələ bilinməyən bir yolda gəzirik. Kimsə nələr olacağını dəqiq bilmir. Ancaq antikorların konsentrasiyasının zamanla azaldığı, immun yaddaş hüceyrələrinin də təxminən 6 ayda funksiyalarını itirməyə başladığı hamıya məlumdur. COVID-19 dalğalarla gəlir. Peyvəndin yenidən aktivləşdirilməsi yalnız 1-2 aya qədər qorunma təmin edir. Oktyabr-noyabr aylarında daha bir epidemiya olacaq. Buna hazır olmaq üçün yenidən vaksin olunmalısınız.

Ümumiyyətlə, lap əvvəldən bütün həkimlər ildə ən azı 1 dəfə vaksin olunmağın vacibliyini bildirmişdi. Koronavirusun gəldiyi müddətdə gördük ki, epidemiyalar ildə 2 dəfə baş verir. 3 aylıq epidemiya, 3 aylıq fasilə. 6 aydan bir peyvənd olunmaq həmişə lazım olacaq? Heç kim dəqiq bilmir. Yəqin ki, ildə 1 dəfə kifayət edəcək.

- Moskvada "Sputnik"in yeniyetmələr üzərində klinik tədqiqatları başlayıb. Siz nə düşünürsünüz: gələcəkdə uşaqların peyvəndlənməsinə ehtiyac olacaqmı?

- Uşaqların və hamilə qadınların peyvəndlənməsinə fərqli yanaşardım. Risk faktorları olan hamilə qadınların vaksinasiyasını dəstəkləyirəm. Buraya koronavirusa yoluxarsa, ölüm və ya ağırlaşma ehtimalı yüksək olanlar daxildir. Risk faktoru yoxdursa, ehtiyac görməzdim. Bu, mənim şəxsi fikrimdir.

Uşaqların vaksinasiyasına gəlincə, bir uşaq xəstə və zəifdirsə, bu, başqa məsələ. Normal böyüyən uşaqdırsa, uşaqlar üzərində peyvənd tədqiqatlarının nəticələrini gözləyərdim, bu, yalnız ölkəmizdə deyil, bütün dünyada baş verir.

- Vaksinasiya ilə yalnız özümüzü deyil, digərlərini də infeksiyadan qorumağa çalışırıq. Eyni zamanda bilirik ki, vaksin xəstəliyin ağırlaşmasının qarşısını alır. Lakin peyvənd olunanların xəstəliyin asimptomatik formasından nə dərəcədə qorunduğu məlum deyil...

- Bəli, bu, ciddi sualdır. Kütləvi immunitetə dair sözlər əslində mənə qar adamı haqqında danışmağı xatırladır. Hamı onun haqqında danışır, amma heç kim onu ​​görməyib. Şəxsən mən COVID-19-da kütləvi immunitetin əldə olunmasına və planet üzərində pandemiyanı dayandıracağına inanmıram.

Qərb şirkətləri, "Pfizer" və "AstraZeneca", həmçinin alimlər yekdilliklə deyirlər ki, vaksinasiyanın xəstəliyi asimptomatik keçirənlərə təsirini bilmirlər. Vaksin olunanların, eyni zamanda koronavirusu heç bir əlamət olmadan keçirənlərin xəstəliyi başqalarına ötürüb-ötürmədiyi məlum deyil. Amerikalılar bu barədə 6 ay əvvəl yazmışdılar. Hələ kimsə peyvəndin bu baxımdan nə qədər təsirli olduğunu söyləyə bilməz. Bəli, ciddi xəstəliklərdən, ölümlərdən qoruyur - statistika bunu göstərir. Həm də peyvənd burun boşluğundakı virus yükünü azaldır. Ancaq bunun asimptomatik şəxsdən peyvənd olunmayanlara yoluxma zəncirini kəsib-kəsmədiyini bilmirik.

Buna əsasən Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, peyvəndlənən insanlar müəyyən şərtlər altında maska taxmalıdır. Başqalarını da qorumalısınız. Kütləvi immunitet peyvənd olunmayanlara lazımdır. Buna nail olsaq, risklər azalacaq. Ancaq bu, hələ qeyri-müəyyən bir şey olduğundan hər kəs öz şəxsi qayğısına qalmağa davam etməlidir. Gəlin, vaksin vurdurub immunitet qazanaq!

- Delta ştammının yoluxuculuq qabiliyyəti sürətlə davam edir, insanlar isə artıq yorulub. Bu dəfə bizi nə xilas edəcək?

- Virus mutasiya edir və etməyə davam edəcək. İstənilən mutasiyanın yoluxuculuğu olacaq. Kütləvi vaksinasiyanın tədricən aparılması səbəbindən virusun ən güclü variantları sağ qalır. Onu özümüz törədirik.

Peyvəndlərə gəldikdə, 1 il əvvəl demişdim, sağlam gənc könüllülər üzərində aparılan araşdırmalar göstərir ki, effektivlik 90 faizdir. Peyvənd əhaliyə tətbiq olunduqdan sonra hər hansı bir vaksinin effektivliyi təxminən 50-60 faizə qədər azalır. Üstəlik, yeni ştammlar yaranmağa davam edir. Qrip virusunda da hər il yeni mutasiyalarla qarşılaşırıq. Qeyri-təbii heç bir şey olmur. Edə biləcəyimiz tək iş vaksinasiyadır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm