Səhiyyə
Bakıda koronavirusdan sağalan şirkət işçisi dəhşətli faktları açıqladı - MÜSAHİBƏ
Gözəgörünməz düşmənlə mübarizə davam edir. O düşmən ki, kimliyindən, statusundan asılı olmayaraq qarşısına çıxana silah tuşlayır. Bu dəfə həmsöhbətimiz COVID-19-a qalib gəlmiş 56 yaşlı şəxsdir. Söhbət zamanı belə qənaətə gəldim ki, koronavirusla gərgin mübarizədə həm də müsahibimin bəxti gətirib. Dediyinə görə, bu bəlaya yoluxduğu üçün xeyli insan ondan kənar gəzməyə başlayıb. Bu səbəbdən xahişini nəzərə alaraq, xəstənin adını çəkmdədik.
Beləliklə, koronavirus xəstəliyinin dəhşətlərini yaşamış, sonda virusu məğlub eləməyi bacarmış şəxsin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Əvvəllər hansısa xəstəlik keçirmisinizmi, yaxud yanaşı xəstəliyiniz varmı?
- Heç bir xəstəliyim olmayıb, uzun illər ağır atletika ilə məşğul olmuşam.
- Virusla bağlı təəssüratlarınız necə idi? Qaydalara əməl edirdinizmi?
- Mən qaydalara riayət edən biriyəm. 8-ci sinifdən qanun mühitində böyümüşəm, ali təhsilliyəm, universitetdə işləmişəm. Qarabağ müharibəsi veteranıyam. Maşınımda bu gün də qutu ilə əlacək və maska var. Bütün tibbi ləvazimatlardan yetərincə istifadə etmişəm. Necə yoluxdum, heç özüm də başa düşmədim. Koronavirusun varlığına inanmırdım. Amma insanın başına gələndən sonra bilir ki, xəstəlik nədir. Bu virus birbaşa ağciyərə təsir göstərir.
- Bəs xəstəliyin əlamətləri özünü necə göstərdi?
- Mən "Baku Steel Company" şikətində işləyirəm. Məzuniyyətdən qayıtmışdım, 7 gün idi işə başlamışdım. Məzuniyyətdə olduğum müddətdə bütün qaydalara riayət edirdim. Mayın 2-də axşam işdən gəldim, titrəmə tutdu. Temperaturumu ölçdüm, 37,5 dərəcə hərarətim vardı. Nəriman Nərimanov metrosu həndəvərində yaşayıram. Temperaturumu gördükdən sonra əşyalarımı yığıb, Kürdəxanıdakı evimə getdim. Ailəmi yoluxdurmamaq üçün özümü tamamilə izolasiya etdim.
Bacım həkimdir, onunla məsləhətləşdim, bir neçə dərman və antibiotik yazdı. 2 gün orada qaldım, lakin qızdırmam düşmədi. Təcili yardıma zəng etdim, axşam saat 7-də məndən yaxma götürdülər. Səhəri gün test nəticəm pozitiv çıxdığı üçün saat 5-də məni М.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasına apardılar.
Hərarətim 37,5-38 dərəcə arasında dəyişirdi. Baxmayaraq ki, tər-su içində olurdum, özüm tərlətmə dərmanları içirdim, qızdırmam keçmirdi. Xəstəxanaya çatan kimi antibiotik və sistem vurmağa başladılar. Səhəri gün rentgen müayinəsi etdilər. Bir həftə içində məndə heç nə görünmədi. Qan analizim və rentgen təmiz çıxdı.
- Bu müddət ərzində özünüzü necə hiss edirdiniz? Müalicə prosesində hansı çətinliklər yarandı?
- 14 gün qızdırmam düşmədi. Şöbə müdiri bunu gördükdən sonra, məni yenidən rentgenə apardı. Müayinə nəticəsində göründü ki, koronavirus öz təsirini indi göstərib, ağciyəri hər iki tərəfdən vurub sıradan çıxarıb. İki tərəfli pnevmoniyaya çevirib. Bu səbəbdən müalicə üsulu dəyişdirildi, yeni resept yazıldı. Bu dəfə məndə təngnəfəslik yaranmağa başladı. Analiz üçün qan götürmək istədilər, amma bədənimdən qan çıxmırdı. Qan laxtalanmış vəziyyətdə idi.
Təcili qanı durultmaq üçün birdəfəlik şprislərlə qarın nahiyəmə iynə vurmağa başladılar. 10 iynə vurdular. Təngnəfəslik dayanmadığı üçün məni oksigen aparatına qoşdular. 10 gün oksigen aparatına qoşulu qaldım. Artıq 24 gün idi ki, qızdırmam düşmürdü. Yanımda bir əsgər var idi, sağ olsun mənə kömək edirdi.
Təsəvvür edin, 10 dəqiqə ərzində 10 mayka dəyişirdim. Tər hədsiz çox axırdı. Üstəlik hər gün 18 dərman qəbul edirdim. Bu da öz fəsadlarını göstərməyə başladı, qarın ağrısı, ürək bulanma oldu. Qida qəbul edə bilmirdim.
Ümumiyyətlə, ora gələn yeməklərin heç birini qəbul edə bilmirdim. Məcburi olaraq bir parça çörək yeyirdim ki, dərmanları içə bilim. Həkimlər 50 faiz yaşama şansımın olduğunu deyirdilər.
- 50 faiz yaşama şansınızın olduğunu eşidəndə hansı hissləri keçirdiniz?
- Həkim bunu özümə demədi. Digər həkimlərlə söhbət etdiyi zaman təsadüfən eşitdim. Bunu özümə desəydi, yəqin ki, psixoloji cəhətdən məhv olardım.
- Həkimlərin sizə münasibəti necə idi?
- İstər həkimlər, istər tibb bacıları, istərsə də xadimələr 3 növbə ərzində məni nəzarətsiz qoymurdular. Orada olan xidmətdən çox razıyam. Onların sayəsində özümə gəldim. Həkimlər sağ olsunlar, yardım etdilər.
- Koronavirus testinin pozitiv çıxdığını biləndə neynədiz?
- Psixoloji təsirini hiss etdim. Virus yeni yayıldığı ərəfədə yoluxan insana xüsusən pis baxırdılar. Bu binada 35 ilə yaxındır yaşayıram, qonşularla üzləşirəm. Füzulinin sözü yadıma düşür, "salam verdim, rüşvət deyildir deyə almadılar". Həmin insanlara 3-5 metr aralıdan salam verirəm, indinin özündə də etinasız yanaşırlar.
- Nə qədər müddət müalicə aldınız? TƏBİB hazırda sizinlə əlaqə saxlayıb vəziyyətinizlə maraqlanırmı?
- Xeyr. Sahə həkimi maraqlanır. Oradan çıxan gündən mənimlə əlaqə saxlayan yoxdur. 28 gün xəstəxanada müalicə müddətidir. Özüm TƏBİB-lə əlaqə saxlayıb, 28 gün mülaicə müddətinin az olduğunu bildirdim. Doğrudur, mənə sahə həkimi kömək etdi. Lakin 28 gün belə ağır xəstələr üçün reabiltasiya dövrü deyil.
Mənə xəstəxanada həkim dedi ki, minimum 6 ay müalicə almalıyam ki, ağciyər öz funksiyasını tam bərpa etsin. Bildirdilər ki, müalicələrin aparılmasına baxmayaraq ağciyərdə az-maz ləkələr qalacaq.
- Virusa yoluxduğunuz zaman ailənizin, yaxınlarınızın reaksiyası necə oldu?
- Həyət yoldaşım Bakı Sağlamlıq Mərkəzində işləyir. Ailəm tam normal qarşıladı. Mənə psixoloji cəhətdən çox dəstək oldular. Onlarla hər gün mütəmadi əlaqə saxlayırdım. İnsana ilk olaraq ailənin psixoloji köməyi lazımdır. Burada insanın bədəni ilə yanaşı, psixologiyası da xəstələnir. Qapalı məkan, ağrılara dözmək olmur. Aparata qoşulanda insan dözülməz ağrılar yaşayır.
- Təmasda olduğunuz insanları karantinə aldılarmı?
- Bəli, ailəmi karantinə aldılar. Onları Atletlər kəndində karantinə yerləşdirdilər. Test nəticələri neqativ çıxdı. Mən özümü tez izolasiya etdim ki, onları yoluxdurmayım.
- Özünüzdən başqa koronavirusa yoluxan tanıyırsınızmı?
- Bəli. Ətrafımda bir neçə insan yoluxub. Dünən bibim qızı bu virusdan dünyasını dəyişdi.
- Qida olaraq nə qəbul edirdiniz? Xəstəxanadan çıxandan sonra məhdudiyyətlər oldumu?
- Xəstəxanada da qidalanmamda heç bir məhdudiyyət yox idi. Sadəcə oradakı yeməkləri yeyə bilmirdim. Duru yemək olmadığı üçün yeməklərdən imtina edirdim. Amma bizə gündəlik olaraq 2-3 litr su içirirdilər. Mən alınma şirələr, qazlı içkilər içmirəm. Sonra evdən xaş və ət yeməkləri gətizdirdim. Beləcə bədənim özünə gəlməyə başladı.
- Hazırda həm fiziki, həm də psixoloji olaraq özünüzü necə hiss edirsiniz?
- Xəstələnən insanlarda immuniteti qaldırmaq mümkün deyil. Amma oradan çıxandan tərləməm çox idi, qarın ağrısı olurdu. Sahə həkimi evdə müalicə yazdı. Hər səhər və axşam yatanda təmiz vanna qəbul etməyi tövsiyə etdi. İndi şükür Allaha, yaxşıyam. Təbii ki, problemər davam edir. Məsələn, kürəklərim quruyub, taxta kimidir, əvvəl belə problemim yox idi.
- Sosial şəbəkədə bəzi insanlar virusun bir oyun olduğuna dair fikirlər yazır. Sizcə, bu inamsızlıq nədən qaynaqlanır?
- Əvvəldən insanlara düzgün məlumatlar verilmədi. Ona görə də vəziyyət bu həddə çatdı. İnsanlara xəstəliyin fəsadları barədə məlumat vermək lazımdır. Elə hər kəs pnevmoniya deyir. Birinci həftə nəticələr məndə təmiz idi, sonra fəsadlar üzə çıxdı. Virus işini görüb, kənara çəkilir. Necə ki, arı insanı sancır, çəkilir kənara, eyniylə. Ağciyər zədələnməsi ola bilər ki, insanın ömrünün axırına kimi təmizlənməsin. İnsanın ağciyəri ölüm şaxələrinə bənzəyir. Orada həddən artıq böyük kapilyarlar var. Ləkələr öz təsirini saxlayır.
- İnamsız yanaşanlara sözünüz varmı?
- Bu, odla oynamaq kimdir. Ətrafdakı insanlar bir-birini düzgün təlimatlandırmalıdır ki, bu vəziyyət yaranmasın. Özlərini qorusunlar. Qoruyucu vasitələrdən mütləq istifadə etsinlər ki, orqanizmləri bu xəstəliyə yaxalanmasın.
Koronavirusa yoluxan insanlarda sonradan immuniteti qaldırmaq mümkün deyil. Daima qidaya fikir vermək, ağciyəri, beli soyuqdan qorumaq lazımdır. Tərlədilərsə, geyim mütləq dəyişilməlidir. Xəstəliyin ən bəlalı məqamı budur. Sağlamlıqlarına diqqət etsinlər. Xəstə olanlarla təmas qurmasınlar. Xəstəliyi olan kəslər bunu gizlətməsinlər. Əks halda, daha pis nəticələrə gətirib çıxaracaq.
Koronavirus elə bir bəladır ki, digər xəstəiklərdə iynəni vurub, temperaturu salırlarsa, bu elə deyil. Heç bir dərman - analgin, dimidrol təsir etmir. Mənə vurulan antibiotikin biri 55 manat idi. Gündə iki ədəd olmaqla 11 gün iynə vuruldu. Üstəlik digər dərmanlar da qəbul edirdim. İlkin əlamətlərdə təcili yardıma xəbər vermək lazımdır ki, xəstəliyi lokallaşdıra bilsinlər.
- Pandemiya bitdiyi zaman etmək istədiyiniz ilk şey nədir? Ən çox nə üçün darıxmısınız?
- Ailəmlə istirahətə getmək istəyirdim. Hazırda bilmirəm bu nə dərəcədə mümkün olacaq. Hər şey insanların məsuliyyətindən asılıdır. Hamı karantin qaydalarına riayət etsin. Məsələn, bu gün sərt karantin rejimi tətbiq olunub, evimdə əyləşmişəm. Pəncərədən hava alıb, yenidən içəri daxil oluram.
İbn Sinanın bir filmi var, xəstəlik yayılır, insanlara təlimat verilir ki, evdən çölə çıxmayın. Bu xəstəlik hava-damcı yolu ilə yayılır. İnsanlarımız çox məsuliyytsizdirlər, belə davam etdikdə yoluxma sayı da aratacaq. Qorxuram ki, gündəlik 300 yox, 500 yoluxma halı qeydə alınsın. Bir neçə dəfə avtobusdan istifadə etmişəm, 5 nəfər maskadan istifadə edirsə, 15-i taxmır.
Hər şeyi məcbur etmək lazımdır. Dövlət bu qədər vəsait xərcləyir, bu insanlar başa düşmürlər ki, sağlamlıqları üçündür. 100 nəfər məsuliyyətsiz bu qədər insanın həyatını məhv edir. Məsələn, mənim ailəmin hüquqları pozulur. İkinci dəfə yoluxsam, məni sağaltmaq mümkün olmayacaq.
-
Magazin204:44
Türkiyəli milyarderin aktrisa gəlini dar libasda pozalar verdi - FOTO/VİDEO
-
İdman03:43
Qvardiola özünü cırmaqladı - FOTO
-
Magazin103:13
“Məni döyən hələ anasından olmayıb” - Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO
-
Sosial02:42
"Temu"dan şikayət DURMADAN ARTIR - Aldanmamaq üçün nələrə diqqət etməliyik? / VİDEO
-
Hadisə01:41
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü - Yaralılar var / FOTO
-
Sosial00:45
Vəzifəli şəxs işdən çıxarıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Subayları romantik görüş gözləyir
-
Magazin100:00
Qalmaqallı görüntülərindən DANIŞDI: "Yanımdakı bəy ərəb deyil..." - VİDEO