Beyin xərçənginin müalicəsində pərakəndəlik var - Bakıda elmi konfrans - FOTO
Bizi izləyin

Səhiyyə

Beyin xərçənginin müalicəsində pərakəndəlik var - Bakıda elmi konfrans - FOTO

Beyin xərçənginin müalicəsində pərakəndəlik var - Bakıda elmi konfrans - FOTO

Bu gün Bakıda "Serebral metastazlarda ümumi yanaşma" adlı elmi-praktik konfrans keçilib.

Publika.az xəbər verir ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir Referans Medikal Qrupun və Anadolu Sağlıq Qrupu arasında elmi-praktik görüşlər silsiləsi çərçivəsində baş tutub.

Tədbir Azərbaycan və Türkiyə dövlət himnlərinin səslənməsi və qardaş ölkədə baş verən zəlzələdə həyatını itirənlərin xatirəsinə ehtiram olaraq bir dəqiqəlik sükutla başlayıb.

Konfransın aparıcısı, "Referans" Medikal Qrupunun həkimi Kənan Yusifzadə bildirib ki, bu və bundan sonra keçiriləcək tədbirlər ötən il Referansla Anadolu Sağlıq Qrupunun imzaladığı memorandun əsasında baş tutacaq.

Kənan Yusifzadə Türkiyədəki zəlzələndən hər bir azərbaycanlının dərin kədər hissi keçirdiyini vurğulayıb: "Bu konfransımız bir qədər əvvələ təyin olunmuşdu, amma zəlzələ səbəilə onu bir qədər ləngitməli olduq. Türk mütəxəssislərimizin özlərində güc-qüvvət tapıb bura gəlməsi böyük ehtiramın, həmçinin hər iki millətin iradəsinin və gələcəyə nikbinliyinin göstəricisidir. Biz bu faciənin öhdəsindən birlikdə gələ bilərik. Azərbaycan qardaş Türkiyənin köməyinə yetişən ilk ölkə oldu. Prezidentimizin göstərişi ilə bir qisim həkimimiz zəlzələ bölgəsinə getdi. Bu onu göstərir ki, Azərbaycanla Türkiyə tibb sahəsində də bir bütövdür.

Biz də "Referans" olaraq hər cür dəstəyə hazır olduğumuzu bildirmişik. Son nəfəsimizə qədər Türkiyə xalqının yanındayıq".

Kənan Yusifzadə ölkəmizdə serebral metastazların müalicəsində pərakəndəliyin olduğuna diqqət çəkib: "Bu xəstəliyin müalicəsi üçün bir çox mütəxəssislər cəlb olunur: beyin cərrahları, nevpotoloqlar, qismən psixiatrlar, bunu təyin edən həkimlər - radioloqlar, laboratoriya və neyro- fizioloji mütəxəssislər. Təəssüf ki, Azərbaycanda bu sahədə pərakandəlik var. Sevindirici məqam odur ki, əvvəllər bizim xəstələr Türkiyə, İran, bəzən Rusiyaya gedirdilərsə, son illər yetişən beyin cərrahlarımız, nevropotoloqlarımız həmin axının qarşısını ala biliblər".

Anadolu Sağlıq Qrupunun həkimi, professor Sərdar Qəhrəman bildirib ki, beyindəki xərçəng şişlərinin müalicəsi artıq düşünüldüyü qədər çətin deyil:

"Xərçəng bütün dünyada geniş yayılmış xəstəlikdir. O, bədəndə hər yerə yayılır, bu da xəstəliyin miqyasının genişlənməsinə və dərinləşməsinə səbəb olur. Xərçəngin yayıldığı orqanlardan biri də beyindir. Beyində xərçəng şişlərinin olması xəstənin həyatını riskə atır, ölümə səbəb olur.

Həmin şişlərin yayılmasının qarşısını almaq, onu müalicə etmək üçün bütün dünyada mövcud olan ən son onkoloji-genetik müalicə metodları ilə, əməliyyatlarla bağlı son yenilikləri paylaşmaq üçün bura gəlmişik. Qeyd edim ki, artıq beyindəki xərçəng şişləri əlimizdəki texnoloji silahlarla kifayət qədər yaxşı müalicə oluna bilər. Xüsusilə, ana xərçəng genetik anlamda müalicə oluna bilirsə, bu xəstəliyi bütünlüklə kontrol altına almaq mümkündür. Ona görə də bu konfransı təşkil etdik və təcrübələrimizi bölüşməyə hazırıq".

Sərdar Qəhrəmanın sözlərinə görə, beyin xərçəngi çox risklidir, onun müalicəsi üçün öncə təcrübəli mərkəzlərin olması şərtdir:

"Belə mərkəzlərin ən önəmli cəhəti xəstənin analizlərinə bir çox həkimlərin baxıb, vəziyyəti birlikdə dəyərləndirmələri üçün şəraitin yaradılmasıdır. Bizim İstanbulda mövcud olan şöbəmizin Azərbaycandan xəstə qəbulunu həyata keçirməsinin ən önəmli cəhəti belə şəraitin olmasıdır. Xəstələr buna inanaraq gəlirlər. Çünki Azərbaycanda və bir çox ölkələrdə bu cür müntəzəm toplana bilən quruluşlar yoxdur. Digər ölkələrdə mütəxəssislər ayda bir dəfə bir araya gələ bilirlərsə, bizdə həftədə bir dəfə toplanırlar".

Daha sonra konfrans sessiyalar üzrə öz işini davam etdirib.

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm