• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

Karqo şirkətləri bizi necə aldadır: 150 manat yerinə 520 manat

  • Sosial
  • 23 İyun 2017 14:35
  • 11 685 Baxış
Karqo şirkətləri bizi necə aldadır: 150 manat yerinə 520 manat

Ötən günlərdə Azərbaycanda bir vətəndaşın karqo firması tərəfindən aldadıldığı mediada işiqlandırıldı. Mövzudan xəbərsiz olanlar üçün kiçik bir xatırlatma edək ki, Çindən 10 kq çəkiyə malik mal sifariş edən həmin şəxs Bakıda malını təhvil alarkən karqo firması paketin 33 kq olduğunu bildirib. Vətəndaşdan da 33 kq-a görə xidmət haqqı tələb ediblər. Başqa sözlə desək, çatdırılma üçün şəxsin gözlədiyi kimi 150 yox, 520 manat tələb olunub. Sən demə karqo şirkəti mal Bakıya gəldikdən sonra onu ağır çəkili materialla büküb, yenidən paketləyib. Müştərinin paketini icazəsiz açmaq bir, çəkisini artırmaq iki günah.

Araşdırmalar göstərir ki, Azərbaycanda kifayət qədər karqo xidməti göstərən firmalar, iri şirkətlər var. Məsələn, “Famko Karqo” şirkətindən bildirirlər ki, 7 ildir ki, Azərbaycanda fəaliyyət göstərirlər və istər-istəməz müəyyən məsələlərdə müştəri ilə problem yaşanması halları olur:

“Biz müştərilərə dünyanın istənilən nöqtəsindən ekspress poçt xidməti təklif edirik. Çatdırılma ölkələrin uzaqlığından asılıdır. Sifarişlər Rusiya, Türkiyə, Gürcüstandan 1-2 günə gəlirsə, Çindən 5 günə çatdırırıq. Xidmətlərimiz 25 dollardan başlayır. Malın dəyəri və çəkisinə görə 100 kiloya qədər yükləri gətirmək imkanımız var. Bundan ağır yükləri digər şirkətlərə yönəldirik”.

Firmanın rəhbəri bildirdi ki, müştərilərin ən çox problem yaşadığı hallar vaxt məsələsilə bağlı olur:

“Bu da bizdən asılı olmayan bir şeydir. Bəzən müştəri ona dediyimiz vaxtdan tez gəlib öz malını tələb edir. O ki, qaldı deyilən çəki ilə gələn çəkilnin üst-üstə düşməməsi, bunda karqo şirkətinin günahı yoxdur. Çünki bu real bir şeydir. Bəzən biz malı xaricdə təhvil alanda müştərinin dediyi sifarişdən ağır olduğunu görürük. Belə olan halda dərhal müştəriyə məlumat veririk və qiyməti yenidən razılaşdırırıq. Yəni malı gətirdikdən sonra ona demirik ki, siz filan çəki demişdiz, amma burda artıqdır”.

Karqo xidmətlərindən tez-tez istifadə edən Sadiq Fərzəlibəy daha çox xarici xidmətlərdən istifadə etdiyini, yerli şirkətlərin çox problemli olduğunu deyir:

“Xarici karqo xidmətlərindən Standart Shipping və China Postu istifadə edirəm. Azərbaycan daxilində isə Azərpoçtdan. Xarici karqoların göndərilmə müddətindən razıyam. Ən tez 9 günə, ən gec olaraq 1 aya gəlir. Fikirləşəndə ki, dünyanın o başından bura 9 günə mal çatdırır, bu çox yaxşı şeydir. Amma di gəl ki, daxili karqo xidmətləri, ölkə daxilində malı vaxtında çatdıra bilmir.

Çatdırılma ilə bağlı yaşadığım problemlərdən biri bu idi ki, eyni yerdən 3 üzük sifariş etmişdim. Bunların hamısını bir paketdə göndərmək əvəzinə 3 ayrı bağlamada göndərmişdilər. Nəticədə mən də 3 ayrı bağlamaya görə pul ödəməli olmuşdum”.

Sadiq bildirir ki, sifariş etdiyi malın çəkisinin süni ağırlaşdırılması halıyla da üzləşib:

“Belə bir halla bir dəfə rastlaşmışam. 500 qram çəkisi olan HDMI kabel sifariş etmişdim. Amma təhvil alanda çəki 750 qram gəldi. Buna görə məndən əlavə pul tələb etdilər. 2 manat əlavə pul ödədim. Düzdü, bu məbləğ böyük olmadığı üçün ciddi fikir vermədim. Amma istənilən halda bu karqo şirkətinin günahıdır”.

Azərbaycanda fəaliyyət göstərən “Avrasiya Karqo”dan isə bildirirlər ki, analoji hal yalnız antikvar əşyaların daşınması zamanı ola bilər:

“Əşya çox xırda olsa belə, dəyərli olduğu üçün onu çoxlu bükürük ki, sınma ehtimalı sıfıra ensin. Bu halda da bağlamanın çəkisi maksimum 6 kq arta bilər. Bundan artıq mümkün deyil. Hər halda bükdüyümüz material dəmir deyil ki”.

İstənilən halda karqo şirkətlərinin xidmətindəki qüsurlar istehlakçı hüququnun pozulması deməkdir. Çünki daşınmadan öncə hər bir məsələ tərəflər arasındakı müqavilə ilə razılaşdırılmalıdır. Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov da belə düşünür:

“Ümumiyyətlə, bu kimi məsələlər sifarişçi ilə xidmət göstərən arasında bağlanmış müqavilələrdə öz əksini tapmalıdır. Əgər müqavilədə bu müddəa yoxdursa, çəkinin artacağı təqdirdə əlavə pul alınacağı göstərilməyibsə, bu birbaşa istehlakçının hüququnun pozulmasıdır. Məsələn, bu yaxınlarda Polşadan mənə Azərbaycandan olan partnyor karqo şirkəti ilə bağlı bənzər şikayət etdilər. Təəssüflər olsun ki, bu kimi yollarla istehlakçılardan pul mənimsəyirlər”.

Amin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR