Sabiq deputat "Nəsimi" bazarında SATICI İŞLƏYİR - FOTO/VİDEO - REPORTAJ
Bizi izləyin

Sosial

Sabiq deputat "Nəsimi" bazarında SATICI İŞLƏYİR - FOTO/VİDEO - REPORTAJ

Gələn il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi respublika səviyyəsində qeyd ediləcək. Gələn il həm də Bakının məşhur “Nəsimi bazarı” söküləcək.

Bu iki məlumatın xəbər lentində ard-arda yer almasının bir təsadüf olub-olmadığı bilmirik. Amma bilinən odur ki, gələn il gerçəkləşdiriləcək bu hadisələrdən biri Nəsiminin adını yaşadacaq, digəri isə bir məkandan Nəsimi adını ömürlük siləcək.

Birinci xəbərlə işimiz yoxdur, bizi daha çox ikinci hissə maraqlandırır. Yaşı 60-dan çox olan bu bazarın birdən-birə bağlanması zərurəti haradan yarandı?

Bu suala birinci cavabı xəbər yayılan kimi Nəsimi rayon icra başçısının müavini Qurban İsmayılov verib.

O bildirib ki, ərazidə olan həm yaşayış evləri, həm də bazar şəhərin memarlıq üslubuna uyğun gəlmir.

“Buna görə də yaşayış evlərinin bir çoxu sökülərək yerində çoxmərtəbəli binaların tikintisinə başlanılıb. Bazarın sökülməsi məsələsi ilə bağlı bazar rəhbərliyi ilə tikinti şirkəti arasında danışıqlar aparılır”.

Bazarda fəaliyyət göstərən satıcıların aqibətinə gəldikdə isə, Qurban İsmayılov bildirib ki, bu məsələ bazar rəhbərliyi ilə tikinti şirkəti arasında tənzimlənəcək.

Bu açıqlamada bir məqam diqqət çəkir. Bazar görüntüyə uyğun deyilsə, o təmir edilə və fəaliyyəti davam etdirilə bilər.

Daha söküb bina tikmək niyə?

Üstəlik, dünyanın ən inkişaf etmiş ölkələrinin paytaxtlarında, böyük şəhərlərində bu cür bazarlar var. Məsələn, Parisdə “Saint-Ouen” bit bazarı, İstanbulda “Balıq bazarı”, İngiltərədə “Borough Market” bazarları qədim olduqlarına görə turistlərin daha çox diqqətini cəlb edir. Xatırladım ki, bu bazarların 100-150 illik tarixləri var.

İndi biz 60 yaşlı bazar köhnədir deyə onu necə sökə bilərik?

Publika.az olaraq əsas səbəbi araşdırmaq üçün üz tutduq bazara. Bazardakı sakitlik və alıcı qıtlığını səhər saatları, eləcə də həftə içi olduğu ilə əlaqələndirsək də, məlum oldu ki, əsas səbəb sökülmə xəbərləridir. Satıcılar deyir ki, bu xəbərlər yayılandan alıcı üzünə həsrətdirlər.

60 il əvvəl bu bazara gəlib

1959-cu ildə ilk dəfə tələbə vaxtı rayondan bu bazara kartof satmaq üçün gələn 79 yaşlı Yunis adlı satıcı deyir ki, zavodda işdən çıxandan sonra yenidən satıcı kimi bazara üz tutub. Ömrünün son 20 ili bu bazarda keçib.

“İllərdir hamımız çörək pulumuzu burdan çıxarırıq. 50-60 nəfər burdan qazandığı pulla ailə saxlayır. Hər ailədə 5-6 nəfər olduğunu nəzərə alsaq, nə qədər adamın çörəyinin kəsiləcəyini təxmin edərsiniz. İndi birdən-birə xəbər yayılıb ki, bazar bağlanır. Amma bazar rəhbərliyi bizə heç bir xəbərdarlıq etməyib. Bu yaşımda gedib harada işləyə bilərəm? Əslində özümdən çox bu gəncləri düşünürəm. Mən pensiya ilə dolanmağa çalışacam, bəs bu cavanlar necə edəcək”.

Yunis dayı ilə söhbətimizi görən satıcılar bir-bir başımıza toplaşır. Məlum olur ki, onlar söküntü ilə bağlı ancaq mediadan eşidiblər. Bazar rəhbərliyi isə onlara heç bir söküntünün olmayacağını deyib.

Satıcıların bəziləri bazarın Bakının müasir görüntüsünə uyğun olmaması fikrini qəbul etdiklərini deyir, amma onları bundan daha çox öz aqibətləri narahat edir:

“Burada daimi alıcılarımız var. İndi bizi hansı bazara köçürəcəklər, orada normal alıcı tapa biləcəyikmi?”

50 yaşımda harada iş tapacam?

Satıcılar bazara gələnlərin hər dəfə söküntü barədə sorğu-sualından bezdiklərini deyirlər:

“Çünki bir tərəfdən müdriyyət heç bir söküntü olmadığını, televiziyalar isə bazarın söküləcəyini deyir. Biz də çaşqınlıq içərisindəyik. Söküntü xəbərlərindən sonra təzə mal gətirmək istəmirik. Bizə söküntüdən altı ay əvvəl xəbər verməlidirlər ki, mallarımızı sataq, ya da yeni yer tapaq. Bazar rəhbərliyi də bizə deyib ki, elə bir şey olsa, beş-altı ay əvvəldən məlumat veriləcək. Paltar satanlar arasında bəziləri bütün pullarını, hətta evini satıb mal alıblar. İndi bazar bağlansa, onların vəziyyəti necə olacaq?” 50 yaşımız var, bundan sonra harada işləyə bilərik? Bazar bağlansa, havada qalacağıq”.

Satıcılar arasında bütün bu söhbətlərdən xəbərsiz olduğuna and içənlər də oldu, hətta bazarın bağlanmasından narahat olmadığını deyənlər də.

Amma 15 ildir həyat yoldaşı ilə bazarda satıcılıq edən Lalə xanım bu xəbərə ən çox narahat olanlardandır:

“Özümün 60, yoldaşımın 64 yaşı var, təqaüd almırıq, bu yaşımda da məni heç kim işə götürməz. Nə etməliyəm? Bazar bağlansa, mütləq bizə əlavə yer verməlidirlər. Yeddi nəfərlik ailəyik burdan gələn pulla dolanırıq. Bazar bağlansa nə edəcəyik?”

Adını demək istəməyən başqa bir satıcı qadın deyir ki, onlara xəbər verilmədən bazar sökülsə hüquqlarını qorumaq üçün lazımi addımlar atacaqlar:

“Bazar bağlanmadan 6 ay əvvəl bazar rəhbərliyi bizə xəbər verməlidir. Mən kimsəsiz qadınam, evim yaxınlıqdadır. Ona görə də bura rahat gəlib-gedə bilirəm. Təqaüd yaşım da deyil, sabah bazar bağlansa, mənim aqibətim necə olacaq? Heç olmazsa, əvvəldən desələr, malları əldən çıxararıq. Ermənistanda 5 il Ali Sovetin deputatı işləmişəm, qanunları bilirəm. Xəbər verilmədən heç kimin evini sökə bilməzlər. Xəbər vermədən bazarın sökülməsi bizim hamımızın dənizə tökülməsi deməkdir. Onlarla ailə buradan dolanır”.

Rəhbərlik nə deyir?

Bütün ölkə Nəsimi bazarının söküləcəyindən danışarkən alıcıların bundan xəbərsiz olması şübhəlidir. Bu şübhəyə son qoymaq üçün bazar rəhbərliyi ilə bir də biz danışmaq istəyirik. Alıcılardan öyrənirik suallarımıza Vaqif adlı nəzarətçi cavab verə bilər, o da səhərdən bazardadır, “polkalar”ı gəzir. Lakin bir anda Vaqif bəyi gördüm deyən olmur. Bazar rəhbərliyi üçün müəyyən edilmiş otağa baş çəkirik. Orada bazar gözətçisi kimi özünü təqdim edən şəxs Vaqif bəyin 15 dəqiqəyə gələcəyini deyir. Vəd etdiyi vaxt tamama yetəndə isə onun işinin çıxdığını azı bir-iki saat olmayacağını bildirir və üstəlik, bazar nəzarətçisi ilə telefonla danışmağımızın mümkünsüz olduğunu deyir. Nə Vaqif bəyin nömrəsini verir, nə də özünün telefonu ilə danışmağımıza imkan yaradır. Bunu deyib yanımızdan elə qaçır ki...

Bazar rəhbərliyindən cavab ala bilməsək də, ərazidə tikinti aparan “Olympus Park Şirkəti”nin Nəsimi nümayəndəsi Fizamməd Xankişiyevlə danışa bildik. O bildirdi ki, tikinti işləri Azadlıq prospekti ilə akademik M.Mirqasımov və Mirəli Qaşqay küçələrinin kəsişməsində pilot layihə əsasında həyata keçirilir.

“Pilot layihəni bizim şirkət aparır. Nəsimi bazarına bitişik həyət evlərini sökərək tikinti işlərinə başlamışıq. Ərazidə 4 bina tikilir, bir bina bazar ərazisinə düşür. Pilot layihələr zamanı yaşayış və qeyri-yaşayış obyektlərinin sahibləri ilə danışıq aparırıq. Pilot layihələrin icrası zamanı sakinlərin razılığının alınması ilə bağlı şərt var. Biz də hazırda bazar sahibi ilə razılaşma aparırıq, müəyyən detalların sonlanma mərhələsindəyik. Yəqin ki, növbəti ilin əvvəlində bazar söküləcək. Bazarın söküləcəyi dəqiqdir, lakin hansı aydan başlanacağı məlum deyil. Danışıqlarda tam detallar həllini tapmalıdır. Həmin bazar ərazisində tikiləcək binanın 3 mərtəbəsi ticarət mərkəzi olacaq və bazar sahibinə həmin ərazidə obyekt veriləcək. Bazar sahibi icarədarlarına yer var”.

F.Xankişiyev bildirdi ki, tikinti başlanandan 18-24 ay sonra başa çatmalıdır.

“Bu müddət ərzində bazar ərazisində fəaliyyət göstərən satıcıların aqibəti barədə bazar sahibi məlumatlı ola bilər. Bizim işimiz bazar sahibi ilə razılıq əldə etməkdir”.

Gülxar Şərif,

Foto/Video - Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm