Sosial
Deputatın ay adlarının dəyişdirilməsi təklifinə alimdən SƏRT REAKSİYA: Süni şəkildə...
Millət vəkili Tahir Kərimli təqvim aylarına milli adların verilməsi təklifilə çıxış edib. Modern.az saytına müsahibəsində ana dilimizin ictimai, məişət və ədəbi həyatımızda daha üstün yer tutmasını təmin etməli olduğumuzu vurğulayıb.
“Övladlarımıza mümkün qədər daha çox milli adlar qoyulmalı, milli soyad sonluqları seçilməlidir. Yaradılmış hüquqi şəxslərə - müəssisə və məkanlara milli adlar verilməlidir. Bunun qanunvericilikdə nəzərdə tutulması da mümkündür".
Millət vəkilinin ən maraqlı təklifi isə ayların adı ilə bağlıdır. Deputat bir sıra dövlətlərin təqvim adlarını dəyişmək cəhdlərinin uğursuz olmasının, həmçinin, qarşılaşa biləcəyimiz digər çətinlikləri nəzərə alaraq, Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvimdə - ilk ay (yanvar), soyuq (çillə ay) ay (fevral), boz ay (mart), yağış ayı (aprel), çiçək ayı (may), əkin ayı (iyun), isti ay (iyul), biçin ayı (avqust), məhsul ayı (sentyabr), qızıl ay (oktyabr), xəzəl ayı (noyabr), son ay (dekabr) kimi milli adlardan istifadə edilməsini təklif edib:
Bu cür sıralanmanın hansı mənbəyə əsaslandığını açıqlamasa da, millət vəkilinin bu təklifi birmənalı qarşılanmadı. Folklor İnstitutu Mərasim folklor şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilov Publika.az-a açıqlamasında ayların adının bu cür sıralanmasına münasibət bildirib.
- Ağaverdi müəllim, millət vəkilinin ayların adının dəyişməsi ilə bağlı təklifi ilə yəqin tanışsınız. Bu təklifin tətbiqi sizcə, nə qədər realdır?
- Həmin təkliflər üç hissədən ibarətdir. Birinci hissə şəxs adları ilə bağlıdır. Millət vəkili milli ad fonduna müraciət edilməsini təklif edir. Bu, yaxşı təklifdir, həqiqətən də belə olmalıdır. İkinci məqam təşkilat, müəssisələrin adının milliləşməsi ilə bağlıdır. Təklifin bu hissəsi də lazımlıdır. Lakin ayların adlarına gələndə, bu məsələdə təklifin yersiz olduğunu düşünürəm. Çünki buna zərurət yoxdur. Ayların adları ilə bağlı Türkmənistan variantı var. Onlar da müəyyən adları dəyişiblər. Lakin bu, süni şəkildə milliləşmədir. Türkiyədə isə bəzi adlar beynəlxalq formada saxlanıb, bəziləri isə milli sözlərlə əvəzlənib. Mən şəxsən ayların adının bu cür dəyişdirilməsinin tərəfdarı deyiləm. Bu təklif müzakirə edilə bilər, lakin dəyişdirilməsini münasib hesab etmirəm.
- Nə üçün bu fikirdəsiniz?
- Bu cür məsələlərdə tarixi-mədəni əlaqəyə əsaslanmalıyıq. Təqvim çox ciddi hadisədir, müəyyən tarixə malikdir. Hər bir təqvim sistemində özünə məxsus adlar var. Biz də qəbul etdiyimiz sistemdə istifadə olunan adları saxlamalıyıq. Bu təqvimin istifadəsi tarixi keçmişə malikdir. Bu gün birdən-birə adları süni şəkildə dəyişdirməyimizə ehtiyac yoxdur.
- Millət vəkili ayların adının tamamilə dəyişdirilməsini yox, alternativ kimi istifadəsini təklif edib. Bu nə qədər uğurlu olar?
- Hesab edirəm ki, indiki təqvimə alternativ təqvim yaratmağa ehtiyac yoxdur. Nə mənası var bu dəyişikliyin? Hətta alternativ təqvim yaradılsa belə onu xalqın içərisindən tapmalıyıq. Xalq dilində ayların necə adlandırılmasını araşdırmalıyıq. Məsələn, xalq dekabr və ya yanvar ayına nə deyib? Əgər belə adlar olubsa, hər hansı yazılı qaynaqda istifadə edilib-edilməməsinə, bu gün xalq arasında həmin sözün yaşadılmasına diqqət etməliyik. Ayların adında islahat aparsaq, yazılı mənbələrdən istifadə edib, ona əsaslanmalıyıq. Mədəniyyətə süni şəkildə müdaxilə bütün hallarda zərərlidir.
- Tarixən bizdə ay adlarının sıralanması necə olub?
- İndi istifadə etdiyimiz sıralanma Rusiya İmperiyası Azərbaycanı işğal edəndən sonra tətbiq edilib. Ona qədər Hicri-Qəməri və Hicri-Şəmsi təqvimləri istifadə edilib. Bu təqvimlərin biri ərəb dünyasında, digəri isə İranda yaşayan farslar tərəfindən istifadə edilir. Biz də İslam dünyasının bir parçası olduğumuzdan uzun illər həmin təqvimdən istifadə etmişik. Bu təqvimlərin ay adları indi istifadə etdiyimiz sıralamadan fərqli idi.
- Ayların adına dəyişiklik etmək üçün tarixi əlaqəyə əsaslanmağı təklif etdiniz. Bəs qədim türklər hansı sıralamadan istifadə edib?
- Qədim türklərdə ayların adları heyvan adları ilə əlaqələndirilib. Burada da vahid yanaşma yoxdur. Hər bir qolun özünəməxsus təqvim sıralaması olub. Bundan başqa İslam dininin qəbulu da sıralamaya təsir edib. XI əsrdən başlayaraq dövlət səviyyəsində Məlik Şah tərəfindən qəbul edilmiş təqvimimiz olub. Məlik Şah təqvimi XIX əsrə qədər az dəyişiklik istifadə edilib. Qədim təqvimləri isə xalqın içərisində axtarmaq lazımdır. Ola bilər ki, onlar əkin-biçinlə bağlı sözlərdən istifadə edilib. Bu günlərdə təklif olunan həmin təqvimdə də bəzi adlar - əkin, biçin, məhsul əslində məntiqi baxımdan uyğun gələn adlar var.
- Məlik Şah təqvimi necə idi?
- Həmin təqvim bu gün İranda istifadə edilən sıralama kimi olub. Çünki həmin illərdə farslarla bizim çox yaxşı əlaqələrimiz olub. Yazılı ədəbiyyat daha çox bu dildə idi, türklər fars dilində istifadə edirdi. Ay adları da fars dilində idi. Lakin biz Avropaya inteqrasiya edirik və bizim bir çox ortaq dəyərimiz var, onlardan biri təqvimlə bağlı məsələdir. Hesab edirəm ki, bunu qəlizləşdirməyə ehtiyac yoxdur. Yenidən ay adlarını dəyişdirməyin heç kimə faydası yoxdur. Biz böyük bir dünyanın parçasıyıq. İndi bu parçadan ayrılıb özümüz üçün xüsusi təqvim hazırlamağımızın mənasız yanaşma olardı.
Qədim türk-monqol təqvimində aylar əmək vərdişlərinə uyğun olub. Məsələn, Oşlaq Ay (və ya Aşlaq Ay) - Xüsusilə Avrasiya köçəri xalqlarının və türklərin şaman təqvimində birinci aydır. Uluğ Kün (Ulu Gün) yəni Novruz bayramı ilə birlikdə 21 Martda başlayır. Bu bahar şənliyi qurban ayinləri və qeyd etmələr və ənənəvi əyləncələr ilə həyata keçirilir və indiki vaxtda da varlığını davam etdirməkdədir.
Sonay türk xalq mədəniyyətində ilin ilk yarısıdır. Xüsusilə Azərbaycan folklorunda payız mövsümünün son aylı gecələrinə deyilir. Azərbaycan kəndlərində bu gecədə müxtəlif oyunlar oynayarlar.
Anadoluda ay adları əkinçilik vərdişi, kənd həyatı, iqlim dəyişikliyi və hava hadisələrinə görə sıralanıb.
Əkinçilik vasitələrinin adları ilə bağlı:
1. Köten (Kotan) Ay, 2. Saban (Sapan) Ay, 3. Qosaq Ay, 4. Oraq Ay, 5. Dirən Ay, 6. Döyən (Dövən, Döğən) Ay,7. Tapan Ay, 8. Dibək Ay, 9. Qazan Ay, 10. Ocaq Ay, 11. Kirmən (Əyirmən) Ay, 12. Külək Ay
Kənd-Heyvan anlayışları ilə bağlı:
1. Tikim Ay, 2. Saçım Ay, 3. Qırxım Ay, 4. Biçim Ay, 5 . Dərim Ay, 6. Verim Ay,7.Əkim Ay, 8. Söküm Ay, 9. Qatım Ay, 10. Sağım Ay, 11 . Üsüm Ay, 12. Sürüm Ay
İqlim dəyişikliklərə əsasən:
1. Açan Ay, 2. Qandıq Ay, 3. Isıq Ay, 4. Tozaran Ay, 5 . Pozaran Ay, 6. Qısıq Ay, 7. Qoçaq Ay, 8. Balağan Ay, 9. Aralıq Ay, 10. Çağan Ay, 11 . Gücük Ay, 12. Tuluğan Ay
Hava hadisələrinə görə:
Açar Ay, 2. Qırçan Ay, 3. Uraş Ay, 4. Biçən Ay, 5. Pozar Ay, 6. Sökən Ay, 7. Budan Ay, 8. Qaraş Ay, 9. Qırlaş Ay, 10. Buğan Ay, 11 . Ağpan Ay, 12. Yelən Ay
Bu gün istifadə etdiyimiz təqvimdəki ayların adı isə xeyli maraqlıdır. Ayların sıralanması ilə onların mənbə dildəki adlarının mənası arasında uyğunsuzluq var.
Yanvar - qədim zamanlarda hər bir başlanğıcın tanrısı hesab edilən Roma allahı Yanusun adı ilə əlaqələndirilib.
Fevral - bu ayın ortasında Romada Dies Februtus adlı yaz bayramı keçirildiyi üçün bu cür qeyd olunub.
Mart - Romanın müharibə allahı Marsın şərəfinə qoyulub.
Aprel - Latın feli olan “aparire” sözündən götürülüb ki, bunun da mənası açmaq deməkdir. Həmin ayda Romada çiçəklər açarmış.
May - Romanın yaz ilahəsi olan Mayinin adından götürülüb.
İyun – Bu ayın adının necə yarandığı barədə müxtəlif fikirlər var. Ehtimala görə, bu aya Roma ilahəsi Yunonun adı verilib.
İyul - Roma imperatoru Yuli Sezar bu ayda anadan olduğu üçün onun adı ilə əlaqələndirilib.
Avqust - Roma imperatoru Oktavianın adının sonuna artırdığı Avqust (mənası “müqəddəs” deməkdir) sözündən götürülüb. Məhz, Yuli Sezardan sonra hakimiyyətə gələn Oktavian təqvimə özünün şərəfinə Avqust ayını daxil etdirib.
Sentyabr - Latınca “setrem” ( yeddi ) sözündən yaranıb. Çünki, qədim Roma təqvimində il martdan başlanırmış. Sentyabr qədim Roma təqviminin yeddinci ayı imiş.
Oktyabr - Latınca “okto” (səkkiz) sözündən əmələ gəlib. Bu ay qədim Roma təqvimində səkkizinci ayı hesab olunurmuş.
Noyabr - Latınca “novem” (doqquz) sözündən yaranıb. Noyabr qədim Roma təqviminin doqquzuncu ayı olduğundan belə adlandırılıb.
Dekabr - Latınca “desem” (on) sözündən əmələ gəlib. Roma təqvimində onuncu aya təsadüf etdiyindən ona bu ad verilib.
Gülxar
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı