Sosial
Qadın hüquqları mövzusunda inşa müsabiqəsi başlayır - FOTO
“Lider Qadınlar” İctimai Birliyinin “Qadın haqları Milli Dəyərlər və Milli Prioritetlər kontekstində” layihəsi çərçivəsində Azərbaycanda qadın hüquqları mövzusunda ümumrespublika inşa müsabiqəsi layihəsinin açılış mərasimi baş tutub.
Publika.az xəbər verir ki, tədbirdə layihəyə dəstək verən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və BMT-nin Azərbaycan Nümayəndəliyinin rəsmiləri və media nümayəndələri iştirak edib.
“Lider Qadınlar” İctimai Birliyinin rəhbəri, deputat Məlahət İbrahimqızı tədbiri açıq elan edərək layihənin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür edib və bildirib ki, 2019 və 2020-ci illər beynəlxalq ictimaiyyət tərəfindən dünya qadın hərəkatında, xüsusilə, qadın hüquqları, ana sağlamlığı, qadınlara qarşı ayrı-seçkilik və zorakılığın ləğv olunmasına dair BMT-nin qəbul etdiyi hüquqi sənədlərin qəbulu və əlamətdar tarixi tədbirlərin keçirilməsinin yubiley illəridir: "Belə ki, BMT-nin 1979-cu ildə qəbul etdiyi CEDAW (Qadınlara qarşı hər cür ayrı-seçkiliyin ləğv olunması) konvensiyasının 40, Qadınların IV Beynəlxalq Pekin Konfransının 25-ci ildönümü qeyd olunur. Eyni zamanda, 2020-ci il BMT tərəfindən müəyyən edilmiş və dünya ölkələrinin birlikdə can atdığı Dayanıqlı İnkişaf Məqsədlərinin qəbul edilməsinin 5-ci ildönümünə təsadüf edir. Bütün bu əlamətdar hadisələrin ildönümlərinin qeyd edilməsi və ötən dövrdə əldə edilmiş nailiyyət və qarşıda duran çağırışlara nəzər salınması məqsədilə dünyanın ayrı-ayrı ölkələrində yerli, regional və beynəlxalq səviyyəli müxtəlif təbliğ və fəaliyyətlər həyata keçirilir. “Lider Qadınlar” Birliyi bu məqsədlə respublika üzrə tam orta məktəblərin 10 və 11-ci sinif şagirdləri arasında qadın hüquqları mövzusunda inşa-yazı müsabiqəsi keçirməyə təşəbbüs göstərdi. Pekin konfransı dünya qadın hərəkatında, qadınların ürəyində həmişəlik iz salıb. Bu təşəbbüsün 2020-ci ilin Beynəlxalq
Qadınlar Günü ərəfəsində BMT-nin Nyu-Yorkdakı Baş qərargahında 25 illik yubileyi qeyd ediləcək. 25 il ərzində bu hərəkatda iştirak edən ölkələr gördükləri işlərin hesabatını verəcək. 1995-ci ildən Azərbaycan qadınları misilsiz nailiyyətlər əldə edib. 25 il əvvəl Azərbaycanda yoxsulluq 50 faizə çatmışdı. Ölkədə aclıq var idi. Pekində qəbul olunan 12 strategiyanın biri yoxsulluğa qarşı mübarizə idi. Bu gün həmin faiz 5-ə enib. Bundan başqa, qadınların silahlı münaqişələrdə iştirakı da bu strategiyaya daxil idi. 1995-ci ildə qaçqınlarımız çox pis şəraitdə yaşayırdı. Amma bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində ilk olaraq qaçqınların həyat şəraitidir. Onun nəticəsidir ki, bu gün qaçqınlarımız digər vətəndaşlarımızdan seçilməyəcək dərəcədə yaxşı yaşayır. Bizim nailiyyətlərimizdən ikisi budur”.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova dövlət qurumları ilə beynəlxalq və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətindən məmnunluğunu dilə gətirib:
“Qadın məsələlərinə dair danışanda cəmiyyətdə böyük problemlərlə rastlaşırdıq. Çox insan bizi dərk etmirdi. Buna baxmayaraq, bu məsələlərə ürəklə yanaşırdıq. Çünki Ulu öndər qadın problemlərinə diqqət göstərirdi. Hələ Pekin konfransından əvvəl Azərbaycanda qadın siyasətinin güclənməsi ilə bağlı bir çox addımlar atılmışdı. Dövlətçiliyimizin qorunub saxlanması istiqamətində çətin dövrlərdən keçirdik. Buna baxmayaraq, Heydər Əliyev qadın probleminə diqqət ayırırdı. Pekin konfransında isə biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq fürsəti qazandıq. O zaman bir çox insan bilmirdi ki, Qarabağ harada yerləşir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci maddəsi gender bərabərliyidir. Azərbaycan bu istiqamətdə çox irəli gedib. Komitənin fəaliyyəti zamanı qadın problemlərinə dair 8 dəfə parlamentə müraciət etmişik. Elə ölkələr var ki, bir çoxu hələ indi gender bərabərliyi haqqında qanun qəbul edib. Amma Azərbaycanda bu, 2006-cı ildə qəbul edilib. Biz bu qanundan sonra bütün qanunvericilik sistemini gender bərabərliyi kontekstində yenilədik”.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva öz çıxışında bildirib ki, layihədə iştirak edən qurumların cəmiyyətin və qadınların formalaşmasında məxsusi yer var:
“Cəmiyyətin inkişafında və təkmilləşməsində təhsilin müstəsna yeri var. İlk dəfə müsəlman şərqində Hacı Zeynalabdin Tağıyev tərəfindən dünyəvi qızlar məktəbi məhz Azərbaycanda yaradılmışdı. 1897-ci ildə açılan bu məktəb üçün maddi və mənəvi dəstək verilmişdi. Tağıyev məktəbin açılışında qeyd etmişdi ki, bir kişi təhsil alarkən bir insan, bir qadın təhsil alarkən bir ailə və bir nəslin rihafının yaxşılaşmasına xidmət edir. Bu sözlər sanki müasir dövr üçün deyilib. Bu gün sevindirici haldır ki, qadınlarımız cəmiyyətdə mühüm yer tutur. Ölkəmizin bütün idarəetmə, siyasi sahələrində fəaliyyət göstərirlər. Bu baxımdan, Təhsil Nazirliyinin üzərinə düşən öhdəliklər arasında qızların təhsillə əhatə olunması məsələsi ən prioritet istiqamətlərdəndir. Bu gün valideynlər uşaqlarının təhsil almasına maraqla yanaşırlar. Son illərin statistikası göstərir ki, Azərbaycanda təhsil müəssisələrini bitirən məzunlar arasında qızlar üstünlük təşkil edir. Onlar əvvəlki illlərdən fərqli olaraq yalnız humanitar sahələrə deyil, texniki sahələrə də maraq göstərirlər”.
Qeyd edək ki, layihənin məqsədi ötən illər ərzində Azərbaycanın qoşulmuş olduğu beynəlxalq öhdəliklər və Azərbaycanda qadın hüquqları sahəsində formalaşmış dövlət qadın siyasəti sahəsində görülən işləri uğurla təbliğ, təşviq və monitorinq etməklə, qarşıdakı vəzifələri və boşluqları müəyyənləşdirməkdir.
Zümrüd,
Foto: Pərviz Həşimi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi