Beşinci uşağı gözləyən ailənin başçısı: "Çətin vəziyyətdəyik..." - FOTO
Bizi izləyin

Sosial

Beşinci uşağı gözləyən ailənin başçısı: "Çətin vəziyyətdəyik..." - FOTO

"Dörd övladım var, biri də gözlənilir. Ailəmlə birlikdə neçə illərdir çətin vəziyyətdəyik. Karantin rejimi tətbiq olunandan bəri işləmirəm".

Sosial şəbəkədə 4 uşaqla çarəsiz vəziyyətdə qaldığı bildirilən ailəyə yardım çağırışıyla bağlı paylaşım diqqətimizi çəkdi. Məlumatda ehtiyac içərisində yaşayan ailənin başçısının Rusiyada yaşadığı bildirilirdi. Lakin əlaqə saxladıqda bunun heç də belə olmadığı aydın oldu. Daha dəqiqi, telefon zəngimizə ağır durumda olduğu bildirilən ailənin başçısı Yaqub İbrahimov cavab verdi.

Ailənin darısqal evdə çətinliklərlə yaşadığını bildirən müsahibimiz problemin təfərrüatlarını Teleqraf.com-a açıqladı.

31 yaşlı İbrahim Yaqubov Qubanın Qədibqışlaq kəndində yaşayır. Deyir ki, karantin rejimi tətbiq olunandan əvvəl fəhləlik edərək, gündəlik 10-15 manat qazanırdısa, indi bu qazancından da olub. Onun sözlərinə görə, sosial yardımla bağlı müaciət etsə də, rədd cavabı alıb: "Dəstəyimiz yoxdur. Sosial yardım üçün sənədlərimi yığdım, sistemə köçürüldü. Lakin mənə imtina cavabı gəldi. Maraqlandım, illər əvvəl atam alqı-satqı etmişdi, bildirdilər ki, mənim adıma adıma 20 sot torpaq var. Xaçmaza getdim ki, adıma olan torpaq məsələsini həll edim, karantin rejimi tətbiq olunduğu üçün işimə baxılmadı, daha sonra müraciət etməyimi istədilər".

Müsahibimizin sözlərinə görə, hazırda yaşadıqları ev həyat yoldaşının adınadır: "Yoldaşıma o vaxt valideynlərini itirdiyii üçün Qədibqışlaq kəndində ev veriblər. Evləndikdən sonra bura köçdüm, həyat yoldaşımla burada yaşayırıq. İcra Hakimiyyəti də əlavə olaraq 3 sot torpaq sahəsi verib. Hazırda sənədləri yoxdur, ümid edirəm yaxın zamanda sənəd də verilər. İstəyirəm heç olmasa həyətin ətrafına çəpər çəkim".

İbrahim Yaqubov qeyd etdi ki, İcra Hakimiyyəti 200 manat yardım edib, bu pulla evə bir aylıq ərzaq tədarükü edib. Yenidən müraciət edəndə isə ona torpaq sahəsi verdiklərini bildirblər: "Dedim ki, həyət verilib, lap yaxşı. Amma orada evi tikmək üçün mənə kömək lazımdır. Cavab verməyib, məni qovdular".

Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ailənin vəziyyəti ilə bağlı araşdırma aparılıb, özləri ilə əlaqə saxlanılacaq.

İbrahim Yaqubov isə bildirdi ki, icra hakimiyyətindən onunla əlaqə saxlayıblar və gün ərzində gəlib, həyətinə baxış keçirəcəklərini deyiblər.

İbrahim Yaqubovun sözlərinə görə, daha əvvəl işlə əlaqədar məşğulluq idarəsinə müraciət edib: "Bildirmişdilər ki, xəstəxana tikiləcək, əlaqə saxlayacağıq, gəlib işləyərsiniz. Lakin xəbər çıxmadı, başqa dəstək də verilmədi".

Ailə başçısı deyir ki, çağırışlarına kömək edənlər də var: "Heydər Əliyev Fondu tərəfindən Bakıdan yardım qrupu gəlib, 4 qutu ərzaq paketi gətirdilər. Əlavə olaraq 3-4 nəfər kömək edib. Kart hesabımı götürüb, Bakıdan yardım olaraq pul göndəriblər. Hazırda kartımda 25 manat var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm