Köçkün nənə-babalarımızın "ocaq" həsrəti - FOTO
Bizi izləyin

Sosial

Köçkün nənə-babalarımızın "ocaq" həsrəti - FOTO

Şəkildə gördüyünüz qadın - 96 yaşlı Sarabəyim Mustafayevadır. O, mənim nənəmdir. Düz 27 ildir ki, Bakıda, öz övladlarının, nəvələrinin yanında yaşayır. Nənəm Zəngilan rayonunun Baharlı kəndində doğulub, ömrünün altmış yeddi ilini doğma kəndində keçirib. On dörd uşaq anası olsa da, dünyaya gətirdiyi uşaqlardan ancaq beşi həyatda qalıb. Beş övladını ərinin əvvəlki xanımından olan iki uşaqdan ayırmadan, birlikdə böyüdüb. 38 yaşında dul qalıb, uşaqlarını tək böyütməli, təhsil verməli olub. Nənəm, tək qadın çiyinləri üçün heç də asan olmayan bu yükün öhdəsindən öz əzmi, iradəsi ilə gələ bilib.

Uşaqları yerbəyer olandan, böyüyüb əlləri çörəyə çatandan sonra, nənəmin öz taleyindən gözləntisi sakit, dinc qocalıq idi. Amma ömrünün ahıl çağında, on minlərlə həmvətəni ilə birlikdə, nənəmin də taleyində kəskin, ağrılı bir dönüş baş verdi. 1993-cü ildə Sarabəyim nənə öz yurdundan-yuvasından didərgin düşdü. O, minlərlə köçkün kimi Araz çayının sahilinə pənah aparmışdı. Araz çayı həmin günlərdə savaşdan qaçan minlərlə insan, o cümlədən, nənəm üçün bir xilas, qurtuluş yeri olmuşdu. Köçkünlər Araz çayını keçib, İran tərəfə adlayır, oradan da ölkəmizin təhlükəsiz rayonlarına, şəhərlərinə pənah aparırdılar.

O vaxt, biz artıq şəhərdə yaşayırdıq. Bina evində, altıncı mərtəbədə. Bir dayım ailəsilə yataxanada beşinci mərtəbə bir otaqlı evə yerləşmişdi. Birinci mərtəbədə isə o biri dayımın evi vardı. Nənəm gah dayılarımgildə, gah bizdə qalır, özünə yer tapmır, rahat ola bilmirdi. Onun öyrəşdiyi bağ-bağat, həyatının bir parçasına çevrilən agaclar, təbiət burda yox idi. Bizim şəhər mənzilimizdə o özünü sanki qəfəsdə hiss edirdi. Bəzən paltarlarını belə çantasından çıxarmırdı. O, daima «köç» əhvalında idi, torpaqların tez geri alınacağına, qısa müddətdə öz doğma kəndinə qayıdacağına inanırdı. Bakının müxtəlif yerlərinə səpələnmiş övladlarından gah birinin, gah başqasının evində rahatlıq axtarır və tapa bilmirdi.

Bir neçə il sonra biz böyük bir torpaq sahəsi aldıq, orda özümüz üçün də, Sarabəyim nənəm üçün də ev tikdirdik. Yalnız bu evə köçəndən, burda torpaqla, agaclarla, güllərlə iç-içə yaşamaq imkanı əldə edənsən sonra nənəm bir az rahat ola bildi.

Bu illər ərzində onun iki övladı dünyasını dəyişdi. Nənəm, dünyasını dəyişən övladlarını Bakının iki ayrı qəbristanlığında dəfn etməli oldu.

Sarabəyim nənəm mənim üçün bir həsrət, gözlənti, ümid rəmzidir. Sanki sabah öz doğma kəndinə, yurd-yuvasına qayıdacaqmış kimi, qərar tuta bilməyən nənə-babalarımızın… Qapısını bağlayıb gəldiyi evinin açarlarını otuz ilə yaxın saxlayan nənə-babalarımızın...Gözləyə-gözləyə günlərini, aylarını, illərini ötürən, sovuran, ölümünü doğma yurduna saxlamağa çalışan minlərlə, on minlərlə köçkün nənə-babalarımızın rəmzi…

Nənəmin nəslindən olan insanları o yerlərə çağıran, təkcə qoyub gəldikləri evləri deyildi. Ev – sadəcə dörd divardır, daşdır, odundur, evin tikildiyi materialın canı, metafizik yükü yoxdur. Sarabəyim nənəmin və onun nəslindən olan insanların o yerlərdə qoyub gəldikləri, qayıtmadan heç cür dinclik tapmayacaqları şey isə fərqli anlayışdı, fərqli dəyərdir. Bu, o nəslin şüurunda, qəlbində, dəyərlər sistemində, xatirələrində özünə möhkəm yer etmiş “ocaq” anlayışıdı. O “ocaq” ki, torpağa basdırıb can verdikləri çubuğun dibindən, alışdırdıqları tonqal yerindən, arx çəkib su gətirdikləri torpaqdan, övladlarını dünyaya gətirdikləri otaqdan, doğmalarını dəfn etdikləri məzardan, burunlarına dəyəndə gözlərini yaşardan yovşan qoxusundan, günbəgün təkrarlanan və bir-biri ilə sinxronlaşan, vərdişlərindən: dualardan, salavatlardan, inanclardan, alqışlardan, salamlaşmalardan ibarətdir.

Nənəmin nəslinin ən çox həsrətini çəkdikləri şey, həmin “ocaqdır”. Onlar həmin ocağın qoxusunu almaq üçün, o yerlərdən torpaq götürüb, sinələrindəki torbalara doldurub, gətirmişdilər, o ahıl insanlar “doğma qürbətlərində” bu torpaqları bir-biri ilə bölüşə-bölüşə, “ocaq”larının qoxusunu ala-ala yaşayırlar. Bəlkə də, “yaşayırdılar” demək daha doğru olardı. Axı nənəmlə eyni taleyi yaşayan insanların yaşıdlarının çoxuna ömür vəfa etmədi. Onun neçə-neçə yaşıdları "barı, ölümüm doğma kəndimdə olsun", "qərib ellərdə ölməyim" deyə-deyə, o yerlərdən gətirilən torpaqları bölüşə-bölüşə, qoxulaya-qoxulaya qocaldılar, yaşlandılar, dünyalarını dəyişdilər.

Ölkəmizin müxtəlif yerlərində «köçkün» qəbristanlıqları yarandı, öz doğma yurdlarının həsrətini qəlbində məzara aparan qocalarımızın məzarları ilə doldu, böyüdü…

Bu 26 ildə Sarabəyim nənəm bir axşam da olsun, "Xəbərlər" verilişini ötürmədi. O əmindir ki, həsrətlə gözlədiyi xəbəri bir axşam televizordan mütləq səsləndirəcəklər. Sarabəyim nənəm o anı qaçırmaq istəmir. Onun gözlədiyi xəbər, artıq doğma Zəngilanına qayıda biləcəyi xəbəridir.

Biz ümid edirik ki, Sarabəyim nənəmin nəslindən qalan az sayda nənə-babalarımız öz yurdlarını görmədən, öz doğma evlərinə, ata-baba yurdlarına, doğma agaclarına sarılmadan dünyalarını dəyişməyəcəklər. Öz doğma ocaqlarına qayıtmaq, o ocaqlarında öz ağaclarını göyərtmək, alovlarını alışdırmaq, evlərinin qoxusunu almaq bu insanların təməl haqqıdır və bu haqq bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Sinələrində ocaq həsrəti ilə torpağa tapşırılan qərib, köçkün ruhlar da həmin günü görəcək, dinclik tapa biləcəklər.

Sarabəyim nənəm hələ bu dünya ilə haqq-hesabını çürütməyib. O hələ öz yurduna qovuşmayıb. Nənəm hələ gözləyir və nə yaxşı ki, taleyi gözləmək üçün ona ömür verib.

Müəllif: Aybəniz İsmayılova, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm