Sistani Məhərrəmlik tədbirlərinin onlayn keçirilməsi ilə bağlı fətva verib - Səyyad Salahlı
Bizi izləyin

Sosial

Sistani Məhərrəmlik tədbirlərinin onlayn keçirilməsi ilə bağlı fətva verib - Səyyad Salahlı

“Azərbaycan Respublikasının Konstitusiyasına görə, insanların vicdan azadlığı qorunur. İndiyə qədər insanların xeyir-şər məclisləri, dini ayinlərin icrası ilə bağlı heç bir məhdudiyyət olmayıb. Ancaq pandemiya bütün dünyada olduğu kimi, ölkəmizdə də kütləvi yığıncaqların məhdudlaşdırılmasına səbəb oldu. Çünki kütləvi tədbirlərdə virus daha tez yayılır. Dövlətin də ən ümdə vəzifələrindən biri öz vətəndaşını qorumaqdır və atılan addımlar bundan irəli gəlir”.

Bu fikirləri Publika.az-a danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, yazıçı-publisist Səyyad Salahlı deyib.

Onun sözlərinə görə, inanclı insanların dini əqidələri ilə bağlı bir sıra proseslər həyata keçirilməlidir, ancaq tarixdə ilk dəfə olaraq bununla bağlı problem yaranıb: “Bundan əvvəlki proseslərdə də məscidlər bağlı oldu və tədbirləri keçirə bilmədik. Deyirlər ki, maska taxmaq, sosial məsafəni gözləməklə məscidlərdə toplaşıb Məhərrəmlik tədbirlərini keçirmək olar. Lakin heç bir məscidin rəhbərliyi bu məsuliyyəti üzərinə götürmək istəməz. Heç kəs zəmanət vermir ki, kimsə virusa yoluxmayacaq. Bu, olduqca riskli addımdır. Məscidlərə getmək bizim də arzumuzdur. Çünki hər bir tədbiri öz yerində keçirmək daha gözəldir. Lakin vəziyyət bizi səbrli olmağa məcbur edir. Mərasimimizi öz evimizdə də keçirə bilərik, onlayn da keçirmək mümkündür. Televiziyalarımızın da Məhərrəmlik ayının dini ayinlərinin yerinə yetirilməsində vətəndaşlarımıza kömək olacağına inanıram”.

S.Salahlı qeyd edib ki, İranda Məhərrəmlik tədbirlərinin onlayn formada keçirilməsi ilə bağlı Ayətullah Əli Sistani fətva verib: “Sistani deyir ki, bu prosesləri məscidlərə insan toplamadan onlayn da keçirə bilərik. İranda da müxtəlif fikirlər var, ancaq əksəriyyət ənənəvi qaydada keçirməkdən çəkinir. Çünki orada həddindən artıq çox kütlə toplaşacaq. İranda isə koronavirus daha çox yayılıb. Biz insanların sağlamlığına nail olmalıyıq. İranda da mübahisə gedir, çox güman ki, insanların ziyarətə yığışmaması barədə rəsmi qərar verəcəklər.

Kərbəladakı ziyarətgahlarda da Aşura gününə qədər mərasimlərin keçirilməməsi haqqında fikirlər var. Çox güman ki, orada da keçirilməyəcək. Əsas məsələ insanların qəlbləri ilə Allaha bağlı olmalarıdır. İnsan gərək niyyəti ilə dini mərasimlərin keçirilməsinə səy göstərsin. Əsas qəlbin hökmü və arzusudur. Ölkəmizdə, İraq və İranda, digər İslam ölkələrində də müxtəlif fikirlər səsləndirilir. Ölkəmizdə Ramazan və Qurban bayramlarında xütbələr onlayn şəkildə oxundu və hamı tərəfindən də yaxşı qəbul olundu. İndi də çox düzgün qərar veriləcək və bunun da mərkəzində insanların sağlamlığı və təhlükəsizliyi duracaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm