Sosial
Ekspertlərdən avtomobil “apteçkası”nın dəyişdirilməsi təklifi: “Nəinki sürücülər, heç yol polisləri də…”
Son günlər avtomobildə tibbi yardım çantası ilə bağlı məsələ yenidən gündəmdədir. 19 iyun 2020-ci il tarixdə həm “Yol hərəkəti haqqında” qanuna, həm də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilərək avtomobillərdə olması zəruri hesab edilən bu qutunun adı dəyişdirilib.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, tibbi yardım çantasına aid olan dərmanların da dəyişdirilməsi gözlənilir. Buna səbəb bir sıra dərmanların sabit temperaturu olmayan avtomobil salonunda qalaraq öz keyfiyyətini itirməsidir.
Ə.Hüseynov qeyd edib ki, “Yol hərəkəti haqqında” qanuna dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar Nazirlər Kabinetinə tapşırıq verilib və burada “ilk tibbi dərman qutusu”ndakı siyahıya uyğun düzəlişlər edilməsi də nəzərdə tutulur.
Publika.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Elməddin Muradlı da mövzu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, qanuna ediləcək dəyişiklikdə həkimlərin və sürücülərin rəyləri mütləq nəzərə alınmalıdır:
“Qanunvericilikdə tam dəyişiklik olması gözlənilir. Ümumilikdə həkimlərin və sürücülərin də rəyləri mütləq nəzərə alınmalıdır. Çünki sürücülər haqlı olaraq arqument ortaya qoyurlar ki, bu dərmanlar 50 dərəcə istidə məhv olur. Bu halda dərmanların nəinki faydası, əksinə istifadə edilərsə zərəri ola bilər. Dünya təcrübəsini nəzərə alaraq belə qayda tətbiq etmək lazımdır ki, ilkin tibbi yardım çantasında olan ləvazimatlar işə yarasın. İndiyə kimi bəlkə də 100 sürücüdən ancaq 2-3-ü bilir ki, dərman qutusundakı dərmanlar nə üçündür və nəyə yarayır.
Elə bir qayda tətbiq etmək lazımdır ki, həm sadə olsun, həm də istifadə edilməsi real görünsün. Siyahıda təxminən 43 adda tibbi ləvazimat və dərman var. Nəinki sürücülər, heç yol polisləri də bu dərmanların istifadə qaydalarını bilmir. Bütün bunlar onu göstərir ki, sadələşmələr aparmalı və yaddaqalan olmalıdır. Sadələşdirilsə belə təbliğat işlərini güclü aparmaq lazımdır ki, insanlar müxtəlif tibbi ləvazimatların nəyə yararlı olduğunu bilsin. Bu barədə televiziyalarda, saytlarda, sosial şəbəkələrdə təbliğat materialları yayılmalıdır. Çox istərdim ki, peşə məktəblərində də bu istiqamətdə maarifləndirmə işləri aparılsın.
Qəza zamanı yüngül xəsarətlər, qanaxmalar yarana bilər. Bəlkə də vaxtında yardım edilsə, yaralını xilas etmək olar. Sürücünün biliksiz olması nəticəsində aldığı xəsarətlər ağır fəsadlara gətirib çıxara bilər. İnsan qanaxmadan ölə və ya ömürlük şikəst qala bilir. Dərmanlar apteklərdə xüsusi temperaturda saxlanılır. Məlum məsələdir ki, avtomobildəki temperaturu nizamlaya bilmirik. Əksəriyyəti köhnə avtomobillərdir, günəş şüası birbaşa avtomobilin salonuna yönəlir, dərmansa orada getdikcə keyfiyyətini itirir. Gələcəkdə bu dərmandan kimsə istifadə etsə, əks təsir göstərə bilər. Sadələşdirildikdən sonra təbii ki, dərmanlar azaldılacaq, sürücülər o qədər dərmanı almaq məcburiyyətində qalmayacaq, müəyyən ləvazimatların alınması kifayət edəcək. Tibbi çantanın olmamasına görə cərimə 10 manatdır. İnzibati qaydada tələb olmasa, bizim sürücülər bəzən bu məsələlərə laqeyd yanaşır. Odur ki, yol polisləri də bu məsələyə ciddi yanaşmalıdır. Cərimə yazmasa belə sürücüyə irad bildirməlidir”.
Professor Adil Qeybulla bildirib ki, sürücülərin biliksiz olması üzündən qanitirmədən, şokdan, travmatik şokdan ölənlər az deyil:
“Avtoqəzalar və ondan ölüm halları göstərir ki, vaxtında ilk yardım göstərilsəydi, yaralının həyatını xilas etmək olardı. Odur ki, ilk tibbi yardım qutusunda sarğı materialları, spirt, qanaxmanın dayanması üçün elastik sarğının olması mütləqdir. Siyahıya ilk tibbi yardımın göstərilməsinə kömək edən ləvazimatlar daxil olmalıdır”.
Professorun sözlərinə görə, ilk tibbi yardım qutusu ilə bağlı qanuna dəyişiklikdə dünya standartları əsas götürülməlidir:
“Həmişə alman maşınlarının ilk tibbi yardım qutularına baxıram. Orada əsas sarğı materialı, birdəfəlik qayçı və antiseptiklər tələb olunur. 43 adda dərman nəyə lazımdır? Xəstəxanalarda bu qədər dərman yazılmır”.
Fleboloq-cərrah İsmayıl Əsgərov da məsələyə münasibət bildirib:
“Avtomobillərin “apteçka”sında olan siyahıya faydasız (validol, korvalol), ciddi kimyəvi yanıqlar, xəstəni ağrı şokuna salacaq, yara sağalmasını gecikdirəcək yodun spirtdə məhlulu da daxil edilib. Təsəvvür edin ki, qəza halında kimsə üz nahiyəsindəki yaraya yodun spirtdə məhlununu əlavə edir, ömürlük qüsur verəcək qədər görkəm fəsadları yaradacaq, o cümlədən bədənin digər sahələrinə də. Hüquqi şəxslər “apteçka” qutularının dəyişdirilməsi məsələsində aiddiyyəti qurumlara istiqamət verməlidir”.
Aytən Məftun
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var