• USD 1,7000 0,00% EUR 1,9860 -0,61%
    • GBP 2,1961 -0,65% RUB 0,0216 +0,46%

Pensiya yaşının dəyişəcəyini düşünənləri nə gözləyir? - AÇIQLAMA

  • Sosial
  • 19 Sentyabr 2020 18:42
  • 2 070 Baxış
Pensiya yaşının dəyişəcəyini düşünənləri nə gözləyir? - AÇIQLAMA

Ölkədə pensiya təminatının inkişafı istiqamətində reallaşan tədbirlər bu sahədə mövcud problemlərin həllinə yönəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, pensiya sistemində yeni təkmilləşmələr aparılacaq.

Pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar çərçivəsində gözlənən yeniliklərə gəldikdə isə nazirliyin şöbə müdiri Fazil Talıbov Publika.az-a açıqlamasında bildirib ki, bunlardan biri pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsidir: “Hazırkı qanunvericiliyə əsasən, yaşa görə pensiya alanların əlilliyə görə pensiyaya keçidində məhdudiyyətlər var. Yeni layihədə bu məhdudiyyət aradan qaldırılır. Bundan əlavə, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs başqa bir pensiya və ya müavinət hüququ yarandıqda bu hüququndan istifadə edə biləcək. Yeniliklərdən biri də ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi ilə bağlıdır ki, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs özünün pensiya haqqından imtina edərək başqa bir pensiya və ya sosial müavinət növünü seçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürüləcək. Məsələn, ailəyə düşən məbləğ 300 manatdır. Ailədə 3 nəfər varsa, hər şəxsə 100 manat pul düşür. Ailə üzvlərindən birinin başqa bir pensiya və ya sosial müavinət hüququ yaransa, həmin 100 manat digər ailə üzvləri arasında bölünəcək və qalan 2 nəfərin hər birinə 150 manat veriləcək. Hazırda isə dayandırılan həmin məbləğ digərlərinə verilmir”.

Şöbə müdiri qeyd edib ki, bundan başqa, yeniliklər sırasında pensiya təyinatları sahəsində proaktiv xidmətlərin genişləndirilməsi və pensiyanın yenidən hesablanmasının avtomatlaşdırılması öz əksini tapıb: “Layihə qəbul olunduğu təqdirdə işləyən pensiyaçılar işdən ayrıldıqları zaman nazirlik tərəfindən onların pensiyasının avtomatik qaydada yenidən hesablanması həyata keçiriləcək. İşçinin pensiyaya çıxdıqdan sonra işlədiyi dövr üçün də topladığı pensiya kapitalı nəzərə alınacaq və bu məbləğ yenidən hesablanaraq pensiyanın üzərinə avtomatik qaydada əlavə olunacaq. Bunun üçün şəxsin müvafiq sənədlər təqdim etməsinə ehtiyac qalmayacaq. Yenidən hesablama proaktiv qaydada həyata keçiriləcək. Pensiyanın nə qədər artması və nə zamandan ödənilməyə başlanılacağı barədə məlumat vətəndaşın mobil telefonuna və ya ünvanına göndəriləcək".

F.Talıbov vurğulayıb ki, ümumiyyətlə, bu yeniliklər vətəndaşların sosial təminat hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların daha üstün məbləğdə ödənişlər almalarına şərait yaradılmasına yönəlib.

O, ailə başçısını itirmiş ailə üzvlərinin pensiya hüququ barədə məlumat əldə etməsi ilə bağlı bildirib: “Pensiyanın üç növü var ki, bunlar yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyalardır. Ötən ildən pensiyaların təyinatı elektronlaşdırılıb və müraciət olunmadan proaktiv qaydada pensiya təyinatları aparılır. Ailə başçısını itirməyə görə pensiya və ya müavinət (hər nəfər üçün ayda 80 manat) almaq hüququnun yarandığı barədə də məlumat verilir”.

Növbəti pensiya artımına gəldikdə isə, şöbə müdiri qeyd edib ki, ötən dövrdə bütün sosial təminat növləri üzrə ödənişlərdə dəfələrlə artımlar edilib: “Xüsusilə ötən il inqilabi sosial paketlər çərçivəsində pensiyalarda ciddi artımlar edildi. Minimum pensiya iki dəfəyə yaxın artırıldı. Xüsusi şərtlərlə təyin olunmuş pensiyalarda 31 faiz artım oldu. Bu ilin əvvəlindən indeksasiya nəticəsində 1 milyon 200 min şəxsin pensiyası 16,6 faiz artıb. Bütün bu artımlar gələcəkdə də pensiyanın artım dinamikasının davam edəcəyini deməyə əsas verir. Pensiya yaşı barədə səslənən fikirlərlə bağlı onu deyə bilərəm ki, hazırda Azərbaycanda pensiya yaşı ilə bağlı mövcud qanunvericilik qabaqcıl dünya təcrübəsinə uyğundur”.

Nigar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR