Cəhalətin özüdür, cəzalandırmaq olmaz - ŞORTİK QALMAQALINA münasibət
Bizi izləyin

Sosial

Cəhalətin özüdür, cəzalandırmaq olmaz - ŞORTİK QALMAQALINA münasibət

“Azərbaycanda futbol ona görə inkişaf etməyib ki, kişilərin şortik geyinməsinə pis baxılır”.

Bu fikir sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişinin binaya buraxılmaması və kişilərin şortik geyinməsi məsələsi yenidən gündəm mövzusu olduqdan sonra ən çox səsləndirilən “iradlardan” biridir. Əslində, kinayə ilə bildirilən bu iradın futbolla heç bir əlaqəsi yoxdur. Söhbət Azərbaycanda kişilərin şortik geyinməsindən və cəmiyyətdə xoş qarşılanmamasından gedir.

İmtahana buraxılmayan texnobloger Fərid Pərdəşünasın Feysbukda yaydığı məlumata görə, bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda qapıda dayanan polis onu içəri buraxmayıb. Onun içəri buraxılmamasına səbəb kimi əynindəki şortikin olması göstərilib. Bildirilib ki, qanunda olmasa da, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana.

Sosioloq Əhməd Qəşəmoğlu məsələyə münasibət bildirib. O qeyd edib ki, kişilərin şortik geyinməsi normal hal olsa da, cəmiyyətdə gərginlik yaratmaq arzulanan davranış deyil:

“Başqa ölkələrin nazirləri, rəhbərləri şortik geyinir. Kişilərin şortik geyinməsinə normal baxıram, burada mənim üçün qeyri-adi hal yoxdur. Lakin bir sosioloq olaraq deməliyəm ki, insan öz yaşadığı yerdə heç vaxt gərginlik yaratmamalıdır.

“Mən mədəni və Avropa təfəkkürlüyəm, yaxşı edib şortikdə gəlmişəm” demək səhv addımdır. O insan mədəni hesab olunur ki, öz ətrafında harmoniyanın yaranmasına çalışır, ahəngdarlığın pozulmasına və gərginliyin artmasına yox. Cəmiyyətdə gərginlik yaradan davranış arzuolunmazdır.

Avropa dəbini təkrar etmək mədəniyyət əlaməti deyil. Mühafizəkar adam deyiləm, dünyanı gəzmişəm, tez-tez Qərb ölkələrində oluram. Lakin deməliyəm ki, “Bunu hökmən etməliyik, yoxsa bu xalq geri qalır” prinsipi cəhalətin özüdür. Kişilərin şortik geyinməsinə normal münasibət zamanla formalaşacaq. Amma o da ola bilər ki, cəmiyyət bunu qəbul etməsin. Çünki dini baxımdan kişinin şortik geyinməsi qəbuledilməzdir. Müəyyən dini qruplar bu məsələdə müqavimət göstərə bilər ki, bu yolla mövzu uzana bilər. Yaxud da əksinə, heç bir problem ortaya çıxmaya bilər”.

Sosioloq sürücülük vəsiqəsi imtahanına qadınların şortikdə buraxılmasını isə onunla izah edib ki, bu geyim artıq cəmiyyətdə adiləşib:

“Xanımları 20 il əvvəl sürücülük imtahanına şortikdə buraxmazdılar. İndi adi hal alıb”.

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) Sosial Məsələlər Komissiyasının rəhbəri Gülnarə Xəlilova isə qeyd edib ki, geyim tərzi insanların şəxsi məsələsidir. O əlavə edib ki, əgər müəyyən idarələrə, qurumların binalarına daxil olmaq üçün hər hansı geyim nümunəsi vacib sayılırsa və bu, öncədən müəyyənləşdirilibsə, onlara riayət etmək lazımdır:

“Xarici ölkələrdən gələn dəb trendlərinə gənclər daha çox meyl edir, rahat olduğu üçün şortikdən istifadə edirlər. İnanın ki, xarici ölkələrdə olduğum zaman hər bir geyim formasının hər bir məkana uyğun geyinildiyinin şahidi olmuşam. Ümumiyyətlə, geyim tərzi insanların şəxsi məsələsidir, insan öz rahatlığına və əhval-ruhiyyəsinə əsasən geyinir. Bu, mənim fikrimdir. Hesab edirəm ki, heç kimi şortik geyindiyi üçün cəzalandırmaq olmaz.

Əgər hər hansı məkana geyimlə bağlı xüsusi qadağalar qoyulursa, demək ki, ona riayət olunmalıdır. Qanunda “Bu müəssisəyə bu geyimdə gəlmək qadağandır” sözləri keçirsə, onlara əməl etmək lazımdır. Şortik bu gün gənclərin 20-30 faizinin geyim tərzinin əsas hissəsidir. Əgər insanın geyimi etikadan kənara çıxmayıbsa, biz ona bunu qadağan edə bilmərik. Gənclərə sadəcə düzgün prizmadan izah etmək lazımdır, bugünkü gəncliyimizə nəyisə məcburi etdirmək düzgün deyil”.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev mətbuata verdiyi açıqlamada bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur:

“Amma adi restoranlara gedəndə müəyyən geyim formalarında ümumiyyətlə içəri buraxmırlar. Hərçənd ki, ora kommersiya təşkilatlarıdır və oradan qazancları var. Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbulolunmazdır. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın gödək paltar da geyinə bilər, şortik də. Ona heç kim heç nə deyə bilməz, bu, onun haqqıdır, onun öz hüququdur. Amma kişilərin bizim cəmiyyətdə qəbulolunmaz formada geyinib gəlməsi uyğun deyil. Bəlkə də hələ o zaman gəlib çatmayıb, bizdə kişilərin belə geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bu səbəblə kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm