Türkiyədən ucalan haray səsi: İlk yardım qardaş ölkəyə YOLA SALINDI
Bizi izləyin

Sosial

Türkiyədən ucalan haray səsi: İlk yardım qardaş ölkəyə YOLA SALINDI

- Belə də acı olarmı, Allahım. Evimiz hələ də yanır, heç nəyimiz qalmadı.

- Evlərimiz yandı, küçələrdə qaldıq... Həyat yoldaşımı itirdim. Pərişanlıq ard-arda...

- Evim də, restoranım da, bütün həyatım da bu alovlarda yanıb kül oldu.

- Canımızı qurtardığımıza şükür edirik!

- Allahım yardım et, yanırıq...

Türkiyənin bütün manşetləri və xəbər anonsları bu gün bu cümlərlərlə başladı. Xərçəngdən müalicə olunmaq üçün yığdığı pulu evi ilə birlikdə yanıb kül olan qadının “Sığınmağa bir yerimiz yoxdur” yalvarışları hələ bir müddət gözümüzün önündən getməyəcək. Sözsüz ki, bu dar gündə Azərbaycan Türkiyənin imdad harayına koşa-koşa qucaq açdı. Türkiyənin ciyərləri yanırsa, Azərbaycanın nəfəsi dayanır. Türkiyənin canı ağrıyısa, Azərbaycanın ürəyi sızıldayır evsiz-eşiksiz qalan qanı bir, canı bir qardaşlarımız üçün...

Prezidentdən mühüm tapşırıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verən dövlət başçısı İlham Əliyev vurğuladı ki, qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xalqımızı son dərəcə kədərləndirir. Elə ona görə də, biz bu hadisəni kənardan izləyə bilməzdik. Günün ən önəmli hadisəsi o oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndərilməsinə dair tapşırıq verdi. Bir neçə saat sonra “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsi ilə Türkiyəyə Fövqəladə Hallar Nazirliyinin 100 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar Türkiyəyə göndərilmək üçün hazır vəziyyətə gətirildi. Göründüyü kimi, Azərbaycan və Türkiyə qardaşlığı sadəcə sözdə deyil, əməldə də öz təsdiqini tapır. Sarsılmaz qardaşlıq münasibətlərinin nişanəsi olaraq hər zaman birgə dalğalandığını görməyə alışdığımız ay-ulduzlu bayraqlar hazırlıqlarda öz yerini tutmuşdu. Hər zamankı kimi elə məğrur dalğalanırdı ki, qürurdan sinəmiz dağa dönürdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri, hamımızın bir millət olmaq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir.

İlk yardım

Türkiyə müharibənin ilk saniyəsindən, əsgərlərimizin ilk addımından ölkəmizə mənəvi dəstək olduğu kimi, Azərbaycan da xalq olaraq hər bir dəstəyi göstərməyə həmişə hazırdır. Yardıma ilk qaçanlar Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşı oldu. Yanğınsöndürmə qüvvələrini Türkiyəyə hava limanından Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salırdı. Nazir müavini bildirdi ki, fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş qrup Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq. Etibar Mirzəyev onu da qeyd etdi ki, şəxsi heyət, zəruri avadanlıq və ləvazimatlar Türkiyəyə AZAL-ın ayırdığı xüsusi təyyarə vasitəsilə göndərilir. Etibar Mirzəyevin sözlərinə görə, bu, Azərbaycanın göndərdiyi ilk yardım qrupudur. Əgər yenidən tapşırıq və müraciət olarsa, 50-dən çox yanğınsöndürən maşın, quru və canlı qüvvə yanğınların söndürülməsinə hazırdır. 500-dən artıq canlı qüvvə var və onların hər biri təcrübəli yanğınsöndürənlərdir. Nazir müavini sonda bildirdi ki, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və həm maddi, həm də mənəvi cəhətdən hər zaman onun yanındadır.

Tanrı, türkü qoru!

Hələ ki, yanğınlar tam nəzarətə götürülməyib. Lakin bütün dünya bilir ki, Türkiyə xalqı böyük millətdir və bu acının da öhdəsindən gələcək. İnanırıq ki, qardaşını heç vaxt darda qoyma prinsipi ilə hərəkət edən Azərbaycanın dəstəyi ilə yanğınlar qısa zamanda söndürüləcək. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin göndərdiyi peşəkar yanğınsöndürmə qüvvələri qardaşımızın yanan ciyərlərinə az da olsa məhləm olacaq!

Acı çəkən Türkiyə, başın sağ olsun! Heç vaxt heç bir vətəndaşının canı yanmasın!

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm