"AzerGold" ittihamlara CAVAB VERDİ
Bizi izləyin

Sosial

"AzerGold" ittihamlara CAVAB VERDİ

Son günlər sosial şəbəkələrdə Daşkəsən rayonunun Xoşbulaq kəndi və rayonunun digər ərazilərinin məişət tullantıları ilə çirkləndirilməsi, ölkəmizin dilbər guşələrindən birinin “zibilxanaya” çevirilməsi ilə bağlı məlumatlar yayılır. Təəssüflər olsun ki, bu məsələdə Daşkəsən rayonunda fəaliyyət göstərən və rayonun sosial-iqtisadi inkişafında mühüm xidmətləri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) də əsassız olaraq adı hallanır.

Publika.az xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyevin açıqladığı məlumatda bildirib.

Onun sözlərinə görə, Daşkəsən rayonunda əvvəllər tullantı poliqonu kimi istifadə edilən ərazi Daşkəsən Dəmir Filizi Sahəsinin inzibati sərhədləri daxilində yerləşir. “AzerGold” QSC-nin törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-dən sahələr təhvil alındığı zaman istehsalat müəssisəsinin ərazisinin qanunsuz olaraq tullantı poliqonuna çevrilməsi faktı müəyyən edilib. Sözügedən sahə təmizlənərək abadlaşdırılıb və təyinatı üzrə istifadəyə hazır vəziyyətə gətirilib. Həmin ərazinin boş süxurların saxlanc anbarı qismində istifadə olunması nəzərdə tutulub.

“Daşkəsən Dəmir Filiz” MMC Prezident İlham Əliyevin ötən ilin avqust ayında imzaladığı müvafiq Sərəncama əsasən, Daşkəsən dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı kompleks işlərin icrasını həyata keçirir. Hazırda Daşkəsəndə regionun ən nəhəng dəmir filizi yataqları kompleksinin gələcəkdə işlənməsində dair ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində fəal iş aparılır.

Şirkət tərəfindən bu və digər ərazilərin tullantılardan təmizlənməsi üçün son 6 ayda 9 iməcilik aksiyası təşkil edilib, 3 hektar əraziyə yeni asfalt örtüyü döşənib, eyni zamanda əlavə 2 hektar ərazidə təmizlik, bərpa-quruculuq işləri aparılıb. Bununla yanaşı, ərazidə ətraf mühitin mühafizəsi tədbirləri çərçivəsində 100-ə yaxın ağac, 2000-ə yaxın dekorativ gül və kollar əkilib. Əkilən bitki növlərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərilir.

Yeri gəlmişkən, 18 sentyabr tarixində Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Daşkəsən rayonun Zağalı kəndi yaxınlığında yerləşən su anbarının ətrafında təmizlik aksiyasının keçirilməsi nəzərdə tutulub.

"Bir daha sosial şəbəkə istifadəçiləri və ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırırıq ki, həqiqəti əks etdirməyən, rəsmi məlumatlara istinad edilmədən və ya dəqiqləşdirilmədən yayılan məlumatlar şirkətimizin ictimai nüfuzuna, ölkəmizi dünya bazarında təmsil edən dövlət müəssisəsinin imicinə xələl gətirə bilər. Bu baxımdan, sosial şəbəkə istifadəçilərindən əsassız və dəqiqləşdirilməmiş məlumatları yaymamaq, zəruri hallarda rəsmi mənbələrdən verilmiş məlumatlardan istifadə etmək xahiş olunur", - deyə A.Tarverdiyev qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm