Dövlətdən bir mənzilə görə 500 min manat tələb etmək nə deməkdir?
Bizi izləyin

Sosial

Dövlətdən bir mənzilə görə 500 min manat tələb etmək nə deməkdir?

Bilənlər bilir ki, özəlliklə də Qarabağla bağlı zərər çəkmiş, özünü fəda etmiş insanların məsələlərinə çox həssasam. Yəni əksəriyyət həssasdır. Ona görə də bu mövzuda qarşıma çıxan məsələlərə sadəcə baxıb keçə bilmirəm. Diqqət yetirirəm. Hətta imkan olanda problemlərin həllinə bacardığım qədər yardımçı olmağa da çalışıram.

Publika.az xəbər verir ki, bunu jurnalist Azər Həsrət qeyd edib.

O, Gəncədən olan bir qadının sosial mediada yayılan videosu ilə bağlı fikirlərini bildirib: "Qadın Ermənistanın bombalanması nəticəsində evinin dağıldığını, bir gözünü itirdiyini deyir. Əlbəttə, inanmamağımız üçün əsas olmadığını düşünürəm. Lakin bu məsələdə bir balaca gözləmək və əlavə informasiya almaq qərarı verməkdə düzgün etmişəmmiş. Öyrəndik ki, bu qadının adı Vüsalə Əliyevadır. Ermənilərin bombası onun evinə də zərər vurub. Üstəlik, heç bir yardım almadığı iddia edilir.

Açığı, bir neçə gün öncə şəxsən Gəncədə olmuşam və şəhərin rəhbəri Niyazi Bayramov bizim olduğumuz heyətə zərərçəkənlərlə bağlı görülən işlər haqqında bilgi verib. Amma bu qadının dedikləri tamam fərqli idi. Bir az da şübhəli gəlirdi ki, bu qədər iş görən dövlət niyə bir qadını belə narazı salsın ki?

Nə isə. Bəlli olur ki, bu qadın dəfələrlə belə videolarla çıxış edibmiş. Hər dəfə də ona diqqət yetirilib, problemləri həll edilib. Amma yenə də narazıdır. Niyə? Gəlin görək, məsələnin əsli nədir?

Bizə çatan bilgilərə görə, qadının Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 2-ci dalan, 9 ünvanındakı evi doğrudan da zərər çəkib. Evə baxış da keçirilib, qismən ziyan dəymiş kimi qiymətləndirilib. Yəni tam olaraq dağıdılmış ev deyil. Buna görə də ona ilkin olaraq 1000 manat maddi yardım edilib.

Ayrılan məbləğdən narazı qaldığı üçün ona əlavə 5 min manat da yardım edilib və vətəndaşı tam razı salmaq üçün yeni ev tikilməsi qərara alınıb. Lakin bu təklif də qadını və ailəsini razı salmağa yetməyib. Onlar yeni ev və 5 min manatlıq yardımdan imtina edir, dövlətdən 500 min manat tələb edir!

Gələn bilgilərdə o da deyilir ki, Gəncənin icra başçısı Niyazi Bayramovun özü də şəxsən ailəyə 2 min manatlıq yardım edib. Üstəlik də onlara 2020-ci ilin oktyabrından kirayə xərclərini qarşılamaq üçün aylıq 250 manat pul ayrılır.

Yəni göründüyü kimi, qadının və ailəsinin çadırda yaşamasına gərək yoxdur. Əgər evi hazırda yararsızdırsa, kirayə evə çıxa bilər. Onun da pulunu dövlət verir.

Bütün bunlar öz yerində, sadəcə bir şeyi anlamıram: niyə insanlarımız belədir axı? Müharibədir, olub, kimimiz şəhid vermişik, kimimizin də evi dağılıb. Yəni bu olanlar müqəddəs Vətən torpaqlarının azad edilməsi yolunda hər birimizin başına gələ biləcəklərdəndir. Bu da bir yana, dövlətimiz indiki çətin durumda belə vətəndaşa əl tutur, onun yaralarını sarmağa çalışır. Belə olan halda da dövlətdən bir mənzilə görə 500 min manat tələb etmək nə deməkdir? Axı dövlət deyir ki, hələlik kirayədə yaşa, mən sənin evini tikib təhvil verirəm. Üstəlik də evin hazır olana kimi sənə kirayə pulu verirəm. Yəni dövlət başqa nə etməlidir ki? Yaxud da dünyanın harasında görülüb ki, müharibədən çıxan ölkənin vətəndaşı öz dövlətinin üstünə belə getsin?

Onu da əlavə edim ki, bəzi qüvvələr bu cür görüntülərdən istifadə edib yenə də Azərbaycan dövlətinə yüklənir. Yəni fürsətçilər. Olmaz ki, belə. Vətən torpaqlarını azad etmişik, dövlətimiz və millətimiz malını da, canını da fəda edib. Hər birimiz bu və ya digər şəkildə zərər çəkmişik. İndi durub düşək dövlətin üstünə ki, bizə fantastik kompensasiya ver? Axı bu, naşükürlük olardı. Etməyək belə. İndi ən əsas məsələ şəhid ailələrinin və yaralı qazilərimizin problemlərini həll etməkdir. Bəli, evinə bomba düşənlər də unudulmamalıdır. Amma onların da arasından bəziləri bunu fürsətə çevirməməlidir. Həm də bu cür adamların çox zaman əsassız iddialarını bayraq edib dövlətin üzərinə gəlmək lazım deyil. Bu dövlət bizimdir. Onun ayaqda durması, güclənməsi bizim hər birimiz üçün gərəklidir. Yoxsa bəzi adamlar durub bu durumda belə dövlətə diş qıcasın? Olmaz belə, olmaz".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm