Sosial
Cüdoçularımızın qızıl dövrü: onlar dünyanı belə FƏTH ETDİLƏR
1972-ci ildə Azərbaycanda Cüdo Federasiyası yaradıldı. Yaponiyada meydana gəlməsindən düz 90 il sonra cüdo Azərbaycanın qapılarını döydü. Son 50 il ərzində Azərbaycanda cüdo idman növü böyük yol keçdi. Bu idman növü ölkəmizdə də kifayət qədər populyarlaşdı. Cüdonun ölkəmizdəki 50 illik inkişaf yolunun son 32 ili müstəqillik dövrümüzə düşür. Bu illər ərzində Azərbaycanın dünya və Avropa miqyasında tanınan cüdoçuları yetişdi. Onlar Azərbaycan bayrağını ən yüksəklərə qaldırdılar. Himnimizi səsləndirdilər. Daha dəqiq ifadə eləsək, bizə düşmən olan ölkələri də himnimizi dinləməyə məcbur etdilər.
Müstəqil Azərbaycanın cüdo ölkəsi olduğunu ilk dəfə bütün dünyaya əfsanəvi cüdoçumuz Nazim Hüseynov bəyan etdi. 1992-ci ilin Barselona Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq uzaq Kataloniyada himnimizi səsləndirdi. Üçrəngli bayrağımızı İspaniyada dalğalandırdı. 60 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyən Nazim Hüseynov ilk azərbaycanlı olimpiya çempionu kimi adını tarixə yazdırdı.
Barselonada ardıcıl olaraq dörd rəqibini “ippon”la məğlub edən 23 yaşlı Nazim Hüseynov yarımfinala yüksəlmişdi. O, yarışların yarımfinalında son dünya çempionu yaponiyalı Tadanori Koşinoya usatlıqla qalib gələrək finala vəsiqə qazanmışdı.
Təəssüf ki, həmin qızıl medal ölkəmizin aktivinə yazılmadı. Çünki o dövrdə Azərbaycan müstəqilliyini yenicə qazanmışdı və Barselona olimpiyadasında ölkəmiz Müstəqil Dövlətlər Birliyi yığma komandasının tərkibində çıxış edirdi. Elə bu səbəbdən də həmin qızıl medal adıçəkilən yığmanın adına yazılmışdı.
Hələ bundan bir il əvvəl əfsanəvi cüdoçumuz daha bir uğura imza atmışdı. O, 1991-ci ildə dünya cüdo arenasında ilk dəfə Budapeştdə keçirilən super dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Buna baxmayaraq, Nazim Hüseynov həm də 1992 və 1993-cü illərdə Avropa Çempionatının qalibi olmağı bacarıb.
1992-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən avropa çempionatında qazanılan qızıl medalın tarixçəsi də Azərbaycanın cüdo tarixinə altun hərflərlə yazılır. Həmin yarışda Nazim Hüseynov niderlandlı Boudevijn Caspari, növbəti görüşündə türkiyəli Haldun Efemgili, 3-cü görüşdə isə dünya və avropa çempionatının qalibi və mükafatçısı olmuş italiyalı Girolamo Giovinazzonini məğlub edərir. Yarımfinal görüşündə isə cüdoçumuz irlandiyalı Keits Qouxa qaıib gələrək finala yüksəlir. O, final görüşündə "avropanın əjdahası" ləqəbi ilə “qoca qitə”də ad çıxarmış fransalı Flip Pradayrola qalib gəlirək “qızıl”ı götürür. Beləliklə, Nazim Hüseynov bu qızıl medalla Azərbaycanın tarixində ilk dəfə avropa çempionu ünvanına sahib olur. Əfsanəvi cüdoçumuzun final görüşündə “Avropanın əjdahası”na qarşı işlətdiyi fənd isə dünyanın 101 ən baxımlı ipponları siyahısına düşür.
Nazim Hüseynov təkcə Parisdə qızıl medalla kifayətlənmir. O, ümumilikdə iki dəfə Dünya Çempionatının medalını boynundan asıb. Onun cüdo idman növündəki xidmətlərini nəzərə alan dövlətimizin layiqincə qiymətləndirib. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Nazim Hüseynov 1995-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.
Cüdomuzun əfsanəsinin sonrakı illərdə də uğurları ard-arda sıralanır. Belə ki, Nazim Hüseynov 1997-ci ildə Super dünya kubokunun qalibi olmağı bacarır. Ümumiyyətlə, 101 “ippon”a 3 fəndi düşən dünyanın 2 idmançısından biri kimi öz adını dünya cüdo tarixinə həkk etdirir. Onun uğurunu təkrarlayan digər yeganə idmançı yaponiyalı Toşiqo Koqadır.
Nazim Hüseynovun Barselonanı fəthindən sonra 16 il ərzində cüdo yığmamız yay olimpiya oyunlarında uğurlu nəticələr qazana bilmir. 2008-ci ildə “qızıl medal sindromu”nu isə cüdomuzun daha bir əfsanəsi Elnur Məmmədli sındırır. O, rəqiblərinə vaxtından əvvəl qalib gələrək Nazim Hüseynovdan sonra müstəqil Azərbaycanın cüdo üzrə ikinci olimpiya çempionu olur. 2006-cı ildə Avropa çempionu olan Elnur Məmmədli 2007-ci ildə Rio de Janeyroda keçirilən dünya çempionatında gümüş medal əldə edir.
2008-ci ildə 73 kiloqram çəki dərəcəsində Pekində tatamiyə çıxan Elnur Məmmədli buradakı rəqiblərinə master-klass keçir. Azərbaycanın bayrağını fəxri kürsünün ən yüksək zirvəsinə qaldırır. Himnimizi səsləndirir. Onun final görüşü cəmi 13 saniyə çəkmişdi və bundan əvvəlki görüşlərin dördünə “ippon”la qalib gələn həmyerlimiz finalda Cənubi Koreya cüdoçusu Vanq Ki-Çuna əsl cüdo dərsi keçmişdi.
Elə həmin ilin 29 avqustunda ölkə prezidentinin sərəncamı ilə Elnur Məmmədli Azərbaycanın idman şərəfini dünyada layiqincə təbliğ etdiyinə görə “Şöhrət” ordeni ilə təltif edilir.
2011-ci ildə İstanbulda keçirilən Avropa Çempionatında Elnur Məmmədli növbəti dəfə çempion adını qazanaraq, qardaş Türkiyədən altun medalla dönməyi bacarmışdı. O, 2011 və 2012-ci illərdə “World Masters” turnirinin də qalibi olmuşdu.
Sonrakı Qran-pri və Böyük dəbilqə turnirlərində isə əfsanəvi cüdoçumuz bürünc medallarla Vətənə dönmüşdü.
Ümumilikdə Pekin olimpiyadasındakı uğurumuz bununla da kifayətlənməmişdi. Mövlud Mirəliyev adıçəkilən yarışlarda bürünc medalı boynundan asmağı bacarmışdı.
2016-cı ildə Brazilyada keçirilən yay olimpiya oyunlarında isə Rüstəm Orucovla Elmar Qasımov müvafiq olaraq 60 və 100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə çıxmağı bacarırlar. Bundan əvvəl isə Elmar Qasımov 2009-cu ildə İrəvanda keçirilən Gənclər üzrə Avropa Çempionatında qızıl medal qazanaraq Azərbaycan xalqının könlündə taxt qurmağı bacarmışdı. O, İrəvanda dövlət himnimizi səsləndirərək mənfur qonşularımızı da ayağa qaldırmağa məcbur etmişdi. Elmar Qasımov sonrakı illərin dünya və Avropa çempionatlarında isə üçüncülüklə kifayətlənmişdi.
Rüstəm Orucov isə 2017-ci ildə ölkəmizdə keçirilən İslam Həmrəylik oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarır.
2020-ci ilin Tokio olimpiya oyunlarında isə Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya bürünc medalla Vətənə geri dönməyi bacarıb. O, dünya və avropa çempionatlarında üçüncü olsa da, 2017-ci ildə ölkəmizdə gerçəkləşən İslam Həmrəyliyi oyunlarında 78 kiloqram çəki dərəcəsində şəxsi və komanda yarışlarında gümüş medallara sahib olub.
Əzmkar məşqçimiz İbadulla Şabanovun yetirməsi olan Kifayət Qasımova da İslam Həmrəyliyi oyunlarında 2 gümüş medalı boynundan asmağı bacarıb. Dünya çempionatının bürünc, Avropa çempionatının isə gümüş və bürünc medallarını boynundan asıb.
Azərbaycanın müstəqillik dövründə cüdo uğurları bu naliyyətlərlə də yekunlaşmır. Müstəqil Azərbaycanın cüdo üzrə ilk və hələki yeganə Dünya Çempionu Elxan Məmmədovu da xatırlamamaq mümkün deyil. Dünya çempionumuz 100 kiloqram çəki dərəcəsində 2013-cü ildə Brazilyanın Rio de Janeyro şəhərində Azərbaycan bayrağını ən uca zirvələrə qaldırmağı bacarıb.
O, 2008 və 2012-ci illərdə ölkəmizi Pekin və London olimpiyadalarında da təmsil edib.
Bu gün ölkəmizdə cüdoya dövlət qayğısı ən yüksək dövrünü yaşayır. Həm ulu öndər Heydər Əliyevin, həm də prezident İlham Əliyevin cüdoya diqqət və qayğısı göz önündədir. Olimpiyadalarda nəticə əldə edən idmançılar və onların məşqçiləri müxtəlif pul mükafatlarına layiq görülürlər. Eyni zamanda, ölkəmizin ən ali mükafatları ilə təltif edilirlər. Yuxarıda qeyd etdiyimiz nəticələrin altında isə şübhəsiz ki, Azərbaycan Cüdo Federasiyasının imzası var. Bu cür diqqət və qayğı gələcək illərdə də ölkəmizdə cüdonun populyar idman növü kimi daha da inkişafına zəmin yaradır. Bir sözlə, son 30 ildə Azərbaycan cüdosu əsrə bərabər yol keçib desək, yanılmarıq. Cüdomuz son 30 ildir ki, özünün qızıl dövrünü yaşamaqdadır.
P.S: Yazı Azərbaycan Cüdo Federasiyası (ACF) Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi münasibəti ilə Milli Mətbuat Günü ərəfəsində cüdo idman növünə həsr olunmuş jurnalist müsabiqəsinə təqdim edilir.
Tural Turan
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi