Sosial
Nazir jurnalistlərlə görüşdü - FOTO
22 iyul ölkəmizdə Milli Mətbuat Günü – media işçilərinin peşə bayramıdır. Bu münasibətlə iyulun 19-da mədəniyyət naziri Anar Kərimovun Beynəlxalq Muğam Mərkəzində media nümayəndələri ilə görüşü keçirildi.
Publika.az xəbər verir ki, giriş sözü ilə Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi olaraq işğaldan azad olunan ərazilərdə mədəniyyətin dirçəlməsi ilə bağlı bir sıra layihələr həyata keçirilir: “Bu layihələrin əsas məqsədi Qarabağın zəngin mədəniyyətini geri qaytarmaqdır. Bugünkü görüşdə sizlərin də təkliflərini dinləmək istəyirik. Ümid edirik ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcək”.
Mədəniyyət naziri Anar Kərimov çıxışında əvvəlcə media işçilərinə qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə xoş diləklərini çatdırdı. Dedi ki, media işçilərinin peşə bayramı ölkəmizdə ən dəyərli əlamətdar günlərdən biridir: “Çünki hər inkişaf etmiş cəmiyyətin göstəricilərindən biri onun mətbuatının fəal və cərəyan edən proseslərə obyektiv münasibət bildirməsi ilə ölçülür. Biz fəxrlə deyə bilərik ki, müstəqilliyimizi bərpa edəndən bəri mətbuatımız ölkəmizdə baş verən hadisələri operativ, düzgün və dinamik şəkildə işıqlandırır. Rəqəmsal platformalar populyarlaşdıqca, media daha da güc alır və ölkədə baş verən hadisələrə təsir etmək imkanı qazanır. Mətbuat hər zaman cəmiyyətin həm inkişafını, həm də nöqsanlarını ortaya çıxarır, bu və ya digər məsələnin həllində carçı rolunu oynayır”.
Nazir Vətən müharibəsindəki şanlı Zəfərdən sonra düşmənlə informasiya müharibəsinin davam etdiyini söylədi: “Çünki düşmən informasiya savaşı ilə 44 günlük müharibədəki məğlubiyyətinin qisasını almaq istəyir. Mediamız informasiya müharibəsində Azərbaycan həqiqətlərini, həmçinin dövlətimiz tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işlərini də geniş işıqlandırır, dünya ictimaiyyətinə çatdırır”.
Anar Kərimov Mədəniyyət Nazirliyinin işğaldan azad olunmuş ərazilərdə mədəni mühitin öyrənilməsi, tarixi-mədəni mirasın inventarlaşdırılması, tədqiqi və bərpası, bir sözlə, mədəniyyətimizin azad olunmuş ərazilərə qaytarılması istiqamətində davamlı fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Dedi ki, bu sahədə də media orqanları ilə uğurlu əməkdaşlıq qurulub.
Mədəniyyət Nazirliyi olaraq hər zaman Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə həssaslıqla yanaşdıqlarını deyən nazir bu sahədə müxtəlif layihələr həyata keçirdiklərini söylədi: “Bu həssaslığı biz layihələrimizlə göstərmişik. Nazirliyin “Səhnədən-səngərə: şəhidlər” və “Səhnədən-səngərə: qazilər” layihələri uğurla reallaşdırılıb. Layihə üzrə mədəniyyət sahəsində çalışmış şəhidlərimizin həyat hekayələri, onların ailə üzvləri, dostları, iş yoldaşlarının müsahiblərinin yer aldığı geniş videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim edilib. Layihə çərçivəsində eyni zamanda qazilərimiz haqqında da belə videoçarxlar hazırlanıb. Media orqanlarımız sözügedən və digər layihələrimizi davamlı işıqlandırıblar. Bizim bundan sonra da, xüsusilə Qarabağın tarixi, mədəni irsi, ənənələri ilə bağlı çoxsaylı layihələrimiz olacaq. Məlum olduğu kimi Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağın tarixi” adlı qısa videoçarxlar müsabiqəsi elan olunub. Mən siz media nümayəndələrindən, blogerlərdən bu müsabiqədə fəallıq gözləyirəm. Əminəm ki, bu müsabiqə Qarabağın tarixini geniş ictimaiyyətə tanıtdırmaq üçün gözəl bir fürsət olacaq. “Şuşanın dörd fəsli”, “ArtCamp Shusa” kimi layihələr də mediada geniş təbliğ ediləcək”.
Nazirliyin “Azərbaycan – qədim sivilizasiyalar məskəni” adlı videoayihəsi haqqında məlumat verən Anar Kərimov layihə çərçivəsində bir neçə videoçarxın hazırlandığını bildirdi: “Bu videoçarxlardan biri dünyanın ən qədim insan məskənlərindən, Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən Azıx mağarası haqqındadır. Bu layihənin televiziya və mətbuat vasitəsilə daha geniş təbliğ olunmasını istərdik. Əminəm ki, “Azərbaycan – qədim sivilizasiyalar məskəni” layihəsi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə qədim tarixi mirasımızın təbliğinə töhfə olacaq”.
Nazir çıxışının sonunda bir daha media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi, uğurlar arzuladı.
Sonda Anar Kərimov media nümayəndələrinin təkliflərini dinlədi, bir sıra məsələlərlə bağlı fikirlərini bölüşdü.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı