AİB sədri: "Mənə süni düyü gətirənə 100 manat verəcəm"
Bizi izləyin

Sosial

AİB sədri: "Mənə süni düyü gətirənə 100 manat verəcəm"

Düyülərin tərkibi, mənşəyi haqqında əhalini yenidən təşvişə salan xəbərlər yayılıb. İddialara görə, müxtəlif ölkələrdən gətirilən bu məhsulun GMO-lu və orqanizm üçün təhlükəli olduğu vurğulanır. Bir neçə il öncə də mətbuatda plastik düyü satışı ilə bağlı məlumatlar yayılmışdı. İndi də insanları narahat edən sintetikadan hazırlanmış Çin istehsalı olan düyülərin ölkəmizdə satışda olub olmamasıdır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü Eyyub Hüseynov Publika.az-a bildirib ki, Azərbaycanda süni düyü yoxdur və bununla bağlı birliyə müraciət daxil olmayıb:

“Dünyada belə bir texnologiya var, lakin süni düyü nə ölkəmizdə istehsal edilir, nə də gətirilir. Ölkədə bununla bağlı təzadlı informasiyalar var. Bəzi ailələr müəyyən düyü növünə öyrəşir, onun dəmləmə vaxtını dəqiq bilir, digər növə keçəndə isə düzgün dəmlənmir. Elə bilirlər ki, həmin düyü sünidir. Ümumiyyətlə, sintetik düyü anlayışı yoxdur. Düyünün qırıntılarından və unundan yenidən düyü hazırlanır. Bizim ofisimizə dəfələrlə süni düyü adı ilə düyülər gətirilib. Amma araşdıranda görmüşük ki, Azərbaycan bazarında süni düyü yoxdur. Əgər olsa belə, bu, mütləq onun etiketində yazılmalıdır. Qida Təhlükəsizliyi Agentliyi də bunlara nəzarət edir”.

AİB sədri birliyə süni düyü gətirənlərə mükafat da vəd edib: “Əgər mənim ofisimə kimsə süni düyü və yaxud süni yumurta gətirərsə, ona yüz manat hədiyyə verəcəm”.

Maraqlıdır, yayılan şayiələrə əsasən narahatlıq keçirən əhali düyü alarkən nələrə diqqət etməlidir?

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, artıq süni məhsullar böyük bazarlara çıxış edib və güman ki, ölkəmizdə də sintetik düyülər satılsın:

“Demək olar ki, bütün süni məhsullar Çində istehsal olunur. Kartof nişastasının və müəyyən plastiklərin sintezindən əldə edilmiş düyü hazırlanıb. Düyü tələbatlı məhsul olduğu üçün qiyməti də hər keçən gün artır və normal düyüdən iki dəfə baha satılır. Bu düyülər plastik olduğu üçün insan orqanizminə fəsadları var. Hazırda biz çağırış edirik ki, plastik qablarda su içməyin, ümumiyyətlə, plastik qablardan uzaq durun və s. Çünki “Bisfenol A” kimyəvi maddəsi plastik qablardan qidalara, oradan da insan orqanizminə keçir. Bu isə gələcəkdə sonsuzluğa səbəb olur. Uşaqlarda isə əqli inkişafdan qalma, immun sisteminin pozuntularına rast gəlinir. Xüsusilə Sinqapur, Vyetnam, Hindistan və Çindən idxal olunan düyülərdən ehtiyatlı olmaq lazımdır”.

Ekspert süni düyü istehsalını qida terroru adlandırıb:

“Çin bu cür süni qidalar istehsal edərək, bu terrorun başında dayanır. Bu düyülərə tələbat o qədər artıb ki, artıq Çin Vyetnama, Sinqapura, Hindistana da ixrac edir. Hindistandan da ölkəmizə düyü gətirilir. Onları laboratoriyalarda ciddi yoxlamaq lazımdır, sonra ölkəyə idxal olunmalıdır”.

Ağa Salamov plastik düyünün hazırlanma üsulundan danışıb və qeyd edib ki, istehlakçılar bu məhsulun keyfiyyətinə deyil, daha çox görünüşünə baxıb alırlar:

“Çinin “Wuchang” düyüsü birdən-birə plastikləşmədi. Həmin düyüyə bir qədər plastik əlavə etdilər, gördülər ki, effekti var, və satılır, bundan sonra düyünün tərkibində olan plastiki doxsan faizə qaldırdılar. “Wuchang” düyüsünün cəmi on faizi təmizdir. Artıq insanlar bu plastik düyülərə alışıb və bazarda da tələbat çoxdur. Çünki tez bişir, əzilmir və dən-dən qalır. Sintetika onun görünüşünü daha da gözəlləşdirir. İstehsalçılar bu düyüləri qablaşdıran zaman qaba və düyünün özünə xüsusi düyü ətri vururlar, bişən zaman həmin düyüdən gözəl qoxu gəlir. Düyünün qapağını açan zaman xoş qoxusu gəlirsə, həmin düyü şübhəli sayıla bilər. İnsanlar da gözəl görünüşə daha çox önəm verir. Baxırlar ki, artımlıdır, əzilmir, bişəndə də gözəl görünür və alırlar. İstehlakçıların bu məhsulu çox alması süni düyü bazarına böyük fayda vermək deməkdir”.

Bəs süni düyünü təbiidən necə ayırmaq olar?

Mütəxəssis süni düyüləri ayırd etməyin bir neçə üsulunu qeyd edib:

“İnsanlar müəyyən testlər edə bilərlər. Məsələn, düyünü yandırıb yoxlamaq olar. Əgər alışırsa, artıq burada plastikdən söhbət gedir. Və yaxud onu suya atan zaman üzdə, və ya ortada qalırsa, tam dibə çökmürsə, bir sözlə, düyü suda üzürsə, həmin düyünün plastik olmasından şübhələnmək olar. Görsələr ki, düyü suyun üzündə qalıb, o zaman əmin olmaq üçün həmin düyüdən bir qaşıq götürüb hava keçirməyən qabın içərisinə qoyub ağzını bağlasınlar. Üç-dörd gün havasız qalandan sonra düyü kiflənibsə, deməli təmizdir, kiflənməyibsə, deməli plastik qatqısı ola bilər.

Eyni zamanda, ata-baba üsulu ilə düyünü həvəngdəstə atıb bir qədər döysünlər. Düyü əzilən zaman və ya üyüdülərkən rahat sınmasına diqqət etsinlər. Əgər sınmırsa, əksinə əzilirsə, deməli burada plastik qatqısı var. Üyüdülürsə, sınırsa, rəngi ağ qalırsa, təmiz düyüdür. Rəngi sarıya çalırsa, plastik olma ehtimalı var”.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 36 milyon 388 min ABŞ dolları dəyərində 43 min 42 ton düyü idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bir il öncəki göstərici ilə müqayisədə idxal edilən düyünün dəyəri 40%, həcmi isə 16% artıb.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm