Sosial
Özü də, qiyməti də göz yaşardır – Soğan 25 manat oldu
Bir kiloqram üçün 25 manat! Bu, nə qırmızı kürünün qiyməti, nə də hansısa fantastik ləzzətdir. Adi soğan indi bu qiymətədir. Düzdür, Azərbaycanda deyil, Filippində belədir. Lakin soğan birdən-birə bahalaşdı və qiymətlər təkcə bu uzaq ölkədə deyil, bir çox başqa ölkələrdə, o cümlədən Azərbaycanda da kəskin yüksəldi.
Hazırda Azərbaycanda istehlakçılar bazar və pərakəndə satış məntəqələrində soğanı keyfiyyətindən asılı olaraq, əsasən, 1.20-1.70 manata qədər dəyişən qiymətlərlə alırlar. Supermarketlərdə adi soğanın bir kiloqramı 1.35 manata təklif olunur. Bir neçə ay bundan əvvəl soğan hazırkı qiymətindən 50-60 faiz daha aşağı qiymətə satılırdı. Yay aylarında isə ölkədə 1 kiloqram soğan 30-50 qəpik arasında təklif edilirdi. Soğan qiymətləri ötən ilin dekabr və bu ilin ilk iki ayında son 5 ilin ən yüksək səviyyəsinə çatıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, soğan 2022-ci il boyunca 27 faiz bahalaşıb.
Rəsmi açıqlamalara görə, Azərbaycan soğana olan tələbatını özü ödəyir. Bu məhsulun son vaxtlar belə bahalaşması müxtəlif amillərlə izah edilir. Rəsmilərin fikrincə, mövcud artım əsasən, region bazarlarında, xüsusilə də MDB ölkələri bazarlarında qeyri-sabitliyin yaranması ilə bağlıdır. Məsələn, qonşu Rusiyada ilin əvvəli ilə müqayisədə soğanın qiyməti 60%-dən çox artıb.
Soğan niyə kəskin bahalaşdı?
Fevralın 3-də Nazirlər Kabineti soğan ixracına dair qərar qəbul edib. Baş soğanla şalot (arpacıq soğan) soğanın ixracı keçici olaraq tənzimlənən malların siyahısına salınıb. Yəni soğan ixracı məhdudlaşdırılıb. Nazirlər Kabineti soğanın ixracını məhdudlaşdırmaqla yanaşı, onun idxalını artırmağı stimullaşdıran qərar da verib. Yeni qərarda bildirilir ki, baş soğan və şalot soğanın idxalı 2023-cü il mayın 1-dək gömrük rüsumundan azad edilir.
İxracın məhdudlaşdırılması və idxalın rüsumlardan azad olunması qiymətə təsir edib?
Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə Publika.az-a bildirib ki, soğanın hazırkı qiymət səviyyəsi ixraca məhdudiyyətin qoyulduğu dövrə qədər formalaşan rəqəmlərdir:
“Region bazarında ciddi soğan qıtlığı yaşanırdı. Buna görə də ölkəmizin formalaşmış ehtiyatlarının regiona ixracı başlamışdı. Ajiotaj qısa müddətdə daxili bazarda qiymət artımına səbəb oldu. Bunun qarşısını almaq üçün hökumət ixraca məhdudiyyət qoydu. Eyni zamanda idxalın da rüsumlardan azad olunması qərarı qəbul edildi. Təchizatçı ölkələrin hamısında qiymət artımı var, daxili bazardakından daha ucuz qiymətə məhsulun gətirilməsi mümkün olmadı. Region ölkələrinin demək olar ki, hər biri soğan ixracını məhdudlaşdırıb. Yeganə sabit mənbə Türkiyə və Rusiyadır ki, onların da özlərinin topdansatış qiymətləri xeyli yüksəkdir”.
Firdovsi Fikrətzadə hazırda daxil bazarda soğanın mövcud qiymətinə diqqət çəkib:
“Hazırda Azərbaycanda soğanın topdansatış qiyməti bir kiloqram üçün 95-98 qəpik civarındadır. Pərakəndə satış bazarında bir kiloqram soğanın orta qiyməti 1.10 – 1.25 manat arasındadır. Supermarketlərdə isə 1.30-1.40 arasında dəyişir. Bu qiymətlər ixraca qadağa qoyulduğu dövrə qədər formalaşan qiymətlərdir”.
ATM direktoru bildirib ki, ixraca qoyulan məhdudiyyət soğanın qiymətinin kəskin artımının qarşısını aldı.
Bəs qiyməti özündən də acı olan soğan daha da bahalaşa bilərmi?
Firdovsi Fikrətzadə deyir ki, aprelin sonu, mayın əvvəlindən soğanı daha aşağı qiymətə ala biləcəyik:
“Normal olaraq hər il mart-aprel aylarına doğru getdikcə qiymətlər artırdı. Bu vəziyyətdə isə görürük ki, artıq ciddi artım olmayacaq. Aprelin sonundan isə yeni məhsul bazara daxil olacaq. Mayın əvvəlindən başlayaraq qiymətlər enəcək”.
Azərbaycanda soğan istehsalı yazlıq və payızlıq olmaqla, əsasən iki mövsümdə həyata keçirilir. Yazlıq soğanın əkini yanvar-fevral aylarında, məhsul yığımı isə həmin ilin avqust-sentyabr aylarında aparılır. Payızlıq soğanın əkini isə avqust-sentyabr aylarında, məhsul yığımı növbəti ilin aprel-may aylarında həyata keçirilir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, hökumət soğanın qiymətini eyni səviyyədə saxlamaq üçün ixraca qadağa qoyub və idxaldan rüsumu götürüb.
Onun sözlərinə görə, əslində fermerlər, sahibkarlar, soğan əkini ilə məşğul olanlar yaranmış vəziyyətdən yararlanmalıdırlar, lakin durum tamamilə fərqlidir.
“Soğanın qiymətinin artması ilk dəfə deyil, hər il qışda bahalaşma müşahidə olunur. Soğanı bahalaşdıran səbəb saxlama kameralarının inşa edilməməsi, məhsul istehsalçılarına yetərli yardımın olunmamasıdır. Biz istehlakçılarla yanaşı, istehsalçıların da marağını qorumalıyıq, əks halda ölkə gələcəkdə tam şəkildə idxaldan asılı vəziyyətə düşə bilər”.
Ekspert açıqlayıb ki, Azərbaycan adambaşına daha çox soğan istehsal edən ölkədir. Onun sözlərinə görə, dünyada adambaşına soğan istehsalı il ərzində 13 kiloqramdırsa, Azərbaycanda bu rəqəm 28 kiloqramdır.
V.Məhərrəmov soğanın qiymətini artıran əsas problemə diqqət çəkib:
“Azərbaycan istehsal etdiyi məhsulu saxlaya bilmir. Saxlama və satış zamanı məhsul xarab olur. Çalışmalıyıq ki, istehsal edilən məhsulun xarab olmaması üçün müasir dövrün tələbinə cavab verən anbarlar yaradılsın. Belə saxlama anbarlarının yaradılması mümkündür. Niyə bizim fermerlər istehsal etdikləri soğanı ixrac edib yüksək gəlir əldə etməsinlər? Fermerlər yayda soğanı sata bilmirlər, məhsul çox olur, vəziyyətdən faydalana bilmirlər”.
V.Məhərrəmov hesab edir ki, idxaldan rüsumun götürülməsi sayəsində digər ölkələrin sahibkarları istehsal etdikləri məhsulu Azərbaycanda baha qiymətə satıb faydalanırlar:
“Xarici fermerlər bizim vəsaitimiz hesabına öz sosial problemlərini həll edir, bizneslərini genişləndirirlər. Yerli fermerlərin durumu nəzərə alınmalıdır. Kənd Təsərrüfatı Nazirliyi soğan istehsalçıları üçün şərait yaratmalıdır ki, onlar nisbətən aşağı faizli kredit resursu əldə edib özləri üçün saxlama kameraları inşa edə bilsinlər. İstehsal etdikləri məhsulu orada saxlayıb müəyyən mərhələdən sonra hansı ölkədə ehtiyac varsa, ora ixrac edib gəlirlərini artırsınlar. Nazirlik elə etməlidir ki, bu sahə ilə məşğul olan fermerlər gəlirlərini artıra bilsinlər, sahəyə maraqları çoxalsın, bizneslərini genişləndirsinlər. Yəni məhsulun qalıb xarab olmasına şərait yaradılmamalıdır. Bir sözlə, fermerin marağı nəzərə alınmalıdır. Əks halda, onlar daha əvvəlki həcmdə məhsul istehsal etməyəcəklər”.
Dünyada da soğanla bağlı durum acınacaqlıdır
Bir ay əvvəl “Bloomberg” qeyd edib ki, Filippində soğanın pərakəndə satış qiyməti 1 kq üçün 12 dollara yüksəlib (bu gün artıq 13 dolları keçib). Bu, təkcə digər tərəvəzlərdən deyil, ətdən də baha başa gəlir ki, bu da tamamilə absurddur.
Hətta iş o yerə çatıb ki, aviaşirkət pilotları, BƏƏ-də işləyən filippinlilər soğan “qaçaqmalçılığı” ilə məşğuldur. Filippin xüsusi nümunədir. Amma soğan başqa ölkələrdə də ucuz deyil. BƏƏ-də də bir kilosu təxminən 5 dollardır. Bəlkə də bu, başadüşüləndir, axı Yaxın Şərq kənd təsərrüfatı üçün ən yaxşı region sayılmır və yerli ölkələr ərzaq məhsullarının xeyli hissəsini idxal edir.
Qazaxıstan yanvarın sonunda soğan ixracına üç aylıq qadağa tətbiq edib. İxrac qadağası, əsasən, Özbəkistanda soğana tələbatın kəskin artması ilə əlaqədar yanvarın 28-də tətbiq edilib. Özbəkistanda anomal soyuq hava şəraiti səbəbindən yeni məhsulun bir hissəsi, eləcə də keçən il yığılmış məhsul xarab olub. Nəticədə Özbəkistan ixraca qadağa qoyub (yanvarın 14-də) və əksinə, idxal etməyə başlayıb. Oxşar qadağa Qırğızıstanda (31 yanvar), eləcə də Tacikistanda (30 yanvar) tətbiq edilib. Sonuncuda qadağa yeni məhsul yığılana qədər etibarlıdır.
Şaxtalar səbəbiylə məhsul itkisinə məruz qalan Özbəkistan, bəlkə də 2022-ci ilin sonunda Pakistan idxalçılarının tələsik tələbi ilə qarşılaşmasaydı, çətin durumda qalmaya bilərdi. Pakistanda məhsul daşqınlar nəticəsində məhv oldu. 2021-ci ildə Pakistan dünya bazarında soğan tədarükçüləri arasında yeddinci yeri tutub və özü də onun böyük istehlakçısı olub. Yəni zərbə ikiqat olub: ixracı dayandırdılar və almağa başladılar.
Fevralın əvvəlində isə bu qadağalar dalğası fonunda Türkiyədə zəlzələ baş verdi ki, bu da logistikanı və ixrac üçün tərəvəz daşınmasını sıradan çıxardı. Bundan əlavə, yeni soğan məhsulunun taleyi və Türkiyənin onu hansı həcmdə ixrac edə biləcəyi hələ də bəlli deyil. Amma Türkiyə soğanı Mərkəzi Asiya ölkələrinə tədarük edir ki, bu da yerli hakimiyyətin narahatlığını artırır.
Hazırda dünyada təxminən 1,6 milyard müsəlman var. Martın 23-ü müqəddəs Ramazan ayının başlanğıcıdır ki, bu zaman istənilən müsəlman ölkəsində soğan istehlakı artır. Təəccüblü deyil ki, bəzi müsəlman ölkələri soğan ixracına qadağa qoyur, digərləri isə tələm-tələsik onları ehtiyatda saxlayır və qlobal miqyasda ajiotaj yaradır.
Aİ-də quraqlıq və Ukrayna böhranı
Təəssüf ki, dünyada soğana tələbatın artması təkcə Pakistandakı daşqınla müəyyən edilmir. “Vzqlyad” qəzeti yazır ki, dünya bazarına soğanın ən böyük tədarükçüləri arasında bir çox Aİ ölkələri var: Niderland (dünya ixracının 20%-ə qədəri), İspaniya və Fransa. Ümumilikdə, 2021-ci ildə ilk 15 ixracatçıdan Aİ ölkələri dünya bazarına tədarükün, demək olar ki, 30%-ni təşkil edir.
Birincisi, Avropa ölkələrində müşahidə olunan keçənilki quraqlıqdır. Məsələn, Niderlandda soğan məhsuldarlığı 2022-ci ildə hektardan 57 tondan (son 10 ildə orta hesabla) 44 tona düşüb. Eyni zamanda, yanacaq-energetika böhranı, gübrələrin bahalaşması və logistika xərcləri də təsirsiz ötüşmür.
Üçüncü səbəb Ukrayna böhranıdır. Əgər keçən il bütün Avropa (Aİ + Böyük Britaniya) 6,3 milyon ton soğan yetişdiribsə, Ukrayna 2010-cu illərin ortalarından indiyədək orta hesabla ildə bir milyon ton soğan yetişdirir. 2022-ci ildə - 700 min tondan bir qədər çox.
“Yerli soğan istehsalının 35 faizi Xerson vilayətinin payına düşür. Əgər əvvəlki illərdə soğan idxalına aprel ayından başlamışıqsa, bu mövsüm tədarüklər sözün əsl mənasında sentyabr ayından başlayıb”, - Ukrayna İqtisadi Diskussiya Klubunun rəhbəri Oleq Pendzin deyib.
Ukraynada fermerlər mümkün qədər çox məhsul satmağa çalışıblar, xüsusən də Aİ-də quraq yay və məhsul çatışmazlığı buna səbəb olub. Ölkə bir neçə aydan sonra daha bahalı Polşa soğanını idxal etməyə başlamaq üçün ucuz soğanını ixrac edib. İkincisi, payızda elektrik kəsilməsi başlayanda biznes çətin bir dilemma ilə üzləşib. Dizel generatorlarının köməyi ilə tərəvəz yerlərinin temperatur rejimini qoruyub saxlamaqla saxlama xərcləri artıb.
“Yaza qədər tərəvəzin qiymətinin necə olacağını və sonda nəyə qənaət edəcəyimizi heç kim bilmir. Ancaq yaza qədər ehtiyatlar tükənsə, bazarda qıtlıq yarana bilər və qiymət yüksələcək”, - Oleq Pendzin 2022-ci ilin dekabrında proqnozlaşdırıb. Bu gün onun proqnozu özünü doğruldur.
“Ukrayna böhranı başa çatmaqdan çox uzaqdır. Sülhün bərqərar olmasından sonra isə məhsul istehsalı dərhal bərpa olunmayacaq. Bundan əlavə, iqlim dəyişikliyi hava anomaliyalarını açıq şəkildə artırır. Quraqlıq və daşqınların daha tez-tez baş verməsi ehtimalı var. Bu arada dünya əhalisi artır. Beləliklə, kriptovalyuta investisiyalarından pul qazanmaq şansınız yoxdursa, soğan plantasiyasını nəzərdən keçirin”, - Rusiyanın “Vzqlyad” nəşri oxucularına müraciət edib.
Akqabay Mıradov
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ