Avropada QHT xətti ilə Azərbaycanın mina probleminə dair silsilə sərgilər keçirilir - FOTO
Bizi izləyin

Sosial

Avropada QHT xətti ilə Azərbaycanın mina probleminə dair silsilə sərgilər keçirilir - FOTO

2025-ci il oktyabrın 2-də Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub.

Publika.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə "Gilavar" Foto Klubu İctimai Birliyi tərəfindən icra olunan "Təhlükənin kulMİNAsiya nöqtəsi" layihəsi çərçivəsində keçirilib.

Layihənin Belçikadakı tərəfdaşı "Fireland" Azərbaycanlılar Birliyidir.

"Gilavar" Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, Avropa məkanında QHT xətti ilə Azərbaycanın mina probleminə dair bu miqyasda silsilə sərgilər ilk dəfədir: "Münhen, Nürnberq, Paris şəhərlərindən sonra bu dəfə Brüsseldə nümayiş etdirdiyimiz fotoları "danışan şəkillər" də adlandırmaq olar: "Onlar Azərbaycan torpaqlarına Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olan insanların hekayələridir. Biz susmayacağıq, vaxt yetişib, 30 illlik işğal dövründə dinc insanlara qarşı bu qəddarlığa görə məsuliyyət daşıyan Ermənistanın hərbi-siyasi rəhbərləri indi cavab verməlidir. Avropa İttifaqının paytaxtı sayılan Brüsseldən dünyaya xitabımız da ədalətin təmin olunması naminədir".

Sərgidə mina qurbanı Elmir Bağırovun foto üzərində yazılıb: "İnsan öz torpağında tank əleyhinə minaya düşərmi? Təsəvvür etmək çətindir, amma mən sağ qaldım, 18 yaşım tamam deyildi, o gündən iztirab dolu həyatım başladı, gəncliyimi və iki ayağımı itirdim". Hər iki ayağını və bir gözünü itirən digər mina qurbanı Samir Əlizadənin fotosu isə onun keçirdiyi hissləri dərk etməyə dəvət edir: "Bir addım, iki partlayış...Davamını siz deyin...". Üst-üstə basdırılmış minalara düşərək ayağını itirən Rəhim Qaraşovun yaşadıqları isə növbəti faciədir: "Minaları üst-üstə basdırmaqla nə etməyə çalışıblar? Bu qədər qəddarlıq niyədir? İş yoldaşımı mina tələsindən xilas edərkən özüm qurbana çevrildim".

Ziyarətçilər fotoların üzərindəki QR kodlar vasitəsilə Azərbaycanın mina probleminə dair əlavə məlumatlarla da tanış olublar.

"Gilavar" Foto Klubu İctimai Birliyi bu sərgini Avropada davam etdirməyi planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm