Dövlət və özəl sektorda "maaş yarışı" - Fərq nə qədərdir?
Bizi izləyin

Sosial

Dövlət və özəl sektorda "maaş yarışı" - Fərq nə qədərdir?

Ölkədə orta aylıq əməkhaqqı 1100 manata çatır. 2025-ci il avqustun 1-nə olan vəziyyətə əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1768,4 min nəfər olub, onlardan 858,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Məlumata görə, muzdla işləyənlərin 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2025-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Rəqəmlərdən göründüyü kimi orta aylıq əməkhaqqı 1100 manata yaxınlaşır. Yanvar-fevral aylarında bu göstərici 1 043,6 manat təşkil edib. Bəs bu artımların səbəbi nədir?

“Fərq böyük deyil”

İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılovun sözlərinə görə, bu il orta aylıq əməkhaqqının artması ilin əvvəlində minimum əməkhaqqı artımları ilə bağlıdır: “Əvvəl minimum əməkhaqqı 345 manat idi, ilin əvvəlində 400 manata qaldırıldı. Minimum pensiyalar da artırıldı. Əvvəl 280 manat idi, ilin əvvəlindən 320 manat oldu. Digər sosial müavinətlərdə də artımlar baş verdi. Bu artımlar əməkhaqlarına da təsir etdi. 2024-cü ildə isə artımlar iqtisadiyyatın, bazarın tənzimləməsi ilə baş vermişdi”.

A.İsmayılovun fikrincə, dövlət və özəl sektor arasında əməkhaqları bir-birinə yaxındır: “Müəyyən qədər özəl sektorda daha çox ola bilər. Dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı 1066-1067 manat, özəl sektorda çalışanların isə 1127 manat olub. Bu, elə də böyük fərq deyil. Amma özəl sektorun bütün sahələrində maaşların dövlət sektorundan çox olduğunu demək də düz deyil. Çünki dövlət sektorunda elə sahələr var ki, orada əməkhaqları özəldən daha çoxdur. Məsələn, mədən sənayesi digər peşələrdən fərqlənir. Daha yüksək əməkhaqqı maliyyə, elm-texnologiya sektorundadır”.

“İnflyasiya faizi nəzərə alınmayıb”

Müsahibimiz bildirdi ki, əməkhaqlarının daha da artırılması üçün özəl sektoru inkişaf etdirmək lazımdır: “Amma orta əməkhaqqıda inflyasiya faizi nəzərə alınmayıb. Yəni real artım deyil. Artımlar qiymətləri kompensasiya edəcək səviyyədədir. Dayanıqlı artım üçün bütün hər şeyi dövlətdən gözləmək düzgün olmaz. Çünki dövlət büdcəsinin sadəcə əməkhaqlarının artımına yönləndirilməsi dayanıqlı deyil. Özəl sektor üzərindən əməkhaqların artması daha düzgündür. Bunun üçün də özəl sektor inkişaf etdirilməlidir. Maneələr aradan qaldırılmalıdır ki, sahibkarlar investisiya etsinlər”.

Peşə və ali təhsilin təsiri

İqtisadçı Günay Hüseynova isə 2025-ci ilin əməkhaqqı artımını qlobal iqtisadiyyatdakı qiymət artımı, həmçinin də inflyasiyanın sürəti ilə əlaqələndirdi: “İnflyasiyanın sürətinin beş faiz, nominal əməkhaqqı artımının isə 9,5 faiz artmasını nəzərə alsaq, arada +4 faizlik nəticə var. Sırf ali təhsil və ya peşəkarlıq, ustalıq tələb edən sahələrin hesabına orta aylıq əməkhaqqı rəqəmləri dəyişə bilir”.

G.Hüseynova dövlət və özəl sektor arasındakı fərqlərə də toxundu: “Dövlət və özəl sektor arasındakı əməkhaqqı arasında real rəqəmlərdə fərq böyükdür. Təbii ki, bu, bütün özəl sektora aid deyil. Dövlət və özəl sektorda çalışanların əməkhaqları arasında bir o qədər də böyük fərq yoxdur. Dövlət sektorunda dövlət qulluqçularının və ya rəhbər vəzifədə çalışanların, özəl sektorda isə maliyyə-sığorta sahəsində çalışanların əməkhaqqı yüksəkdir. Peşə və ali təhsilin əməkhaqqına təsiri daha çox dövlət sektorundadır. Özəl sahədə isə bu bir az fərqlidir”.

İqtisadçının fikrincə, hökumətin əməkhaqqı ilə bağlı strateji planı sosial yardımlar, ədalətli vergi islahatına keçid, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi, ticari tərəfdaşların sayının artırılması, investisiya mühitinə əlverişli şərait görülən işlər çərçivəsindədir. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm